Əsas Səhifə > Rəsmi > Bakıda 40 mindən çox insan yürüşə çıxdı - "Rədd olsun erməni faşizmi!"
Bakıda 40 mindən çox insan yürüşə çıxdı - "Rədd olsun erməni faşizmi!"26-02-2017, 18:00 |
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25 ili tamam olur. Fevralın 26-da bu qanlı qırğınla bağlı Bakıda 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib.
GOYEZEN.AZ Milli.Az-a istinadən xəbər verir ki, paytaxtın Azadlıq meydanına toplaşan insanlar əllərində "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Xocalı soyqırımı - 25 il!", "Rədd olsun erməni faşizmi!" şüarları yazılmış plakatlar tutmuşdular. Yürüş iştirakçıları səhər tezdən paytaxtın baş meydanından Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu izdihamlı yürüş bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni unutmayacaqdır. Yürüş iştirakçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyir: "Xocalı soyqırımından 25 il ötsə də onun ağrı-acıları qəlbimizdə yaşayır. Mən bu yürüşə gələn insanların kədərli çöhrələrinə baxanda bir daha yəqin etdim ki, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Bugünkü yürüşün məqsədi də Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirir". Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü, 197 nəfərin isə taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı. Bu statistika yürüş iştirakçılarının başları üzərində tutduqları, binaların fasadlarından, eyvanlardan asılmış transparantlarda, marşrut boyunca monitorlarda nümayiş olunub. Geri qayıt |