Əsas Səhifə > Rəsmi > Kamran Nəbizadə: "İşğalçı dövləti öz adı ilə adlandırmaq lazımdır"

Kamran Nəbizadə: "İşğalçı dövləti öz adı ilə adlandırmaq lazımdır"


24-02-2017, 16:45
Kamran Nəbizadə: "İşğalçı dövləti öz adı ilə adlandırmaq lazımdır"
GOYEZEN.AZ saytı moderator.az-a istinadən bildirir ki, fevralın 23-də ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Komitənin iclası keçirilib. Bu iclasda "İqlim dəyişikliyi ilə mübarizə, təbii sərvətlərin idarəetməsi və su təhlükəsizliyi" mövzusunda müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin üzvi, Milli Məclisin deputatı Kamran Nəbizadə çıxışında su çatışmazlığının və su ehtiyatlarının tükənməsinin bəşəriyyət qarşısında duran ən mühüm və aktual məsələlərdən biri olduğunu vurğulayıb. Kür çayında suyun təmizlənməsi məsələsinə toxunan deputat, daha sonra müzakirə olunan məsələlər üzrə iki təklif irəli sürüb. Kamran Nəbizadə çıxışında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törətməsinin, kütləvi şəkildə bu torpaqlarda flora və faunaya ziyan vurulmasının böyük bir ekoloji problemə çevrildiyini qeyd edib.

Nümayəndə heyətimizin üzvi çıxışına cavab olaraq Ermənistan nümayəndə heyətinin rəhbəri böhtan dolu nitq söyləyib, bu yanğınların guya Azərbaycanın diversiya qrupları tərəfindən törədildiyini işarə edib. Çıxışının vaxtı bitdiyinə baxmayaraq, Ermənistan nümayəndəsi nitqini davam edib və mövzudan tam kənarlaşaraq Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Kamran Nəbizadənin Ermənistan nümayəndəsinin vaxtdan və mövzudan kənar çıxmasına sədarətə etirazı nəticəsiz qaldığından, nümayəndəmiz məcbur olub çıxışa müdaxilə etsin və Ermənistan nümayəndəsini arqumentlərlə susdursun. “O vaxta qədər ki, dünya ictimayyəti və beynəlxalq qurumlar işğalçını öz adı ilə adlandırmayacaq, Ermənistanın işğalçı dövlət olduğunu birmənalı söyləməyəcək, sülh və əməkdaşlıq haqqında danışıqların heç bir əhəmiyyəti olmayacaq və Ermənistan nümayəndə heyətinin bu cür təxribat və böhtan xarakterli çıxışları davam edəcək” – deyərək Milli Məclisin deputatı Kamran Nəbizadə müzakirəyə son qoyub.

Onu da qeyd edək ki, Özbəkistan, Türkiyə və Belarus nümayəndə heyətlərinin üzvləri çıxışlarında Kamran Nəbizadənin çıxışına və müdaxiləsinə dəstək veriblər.

Geri qayıt