Əsas Səhifə > Rəsmi > Vətəndaşlar Səyyar “ASAN qatar”ın xidmətindən razı qalmışlar

Vətəndaşlar Səyyar “ASAN qatar”ın xidmətindən razı qalmışlar


16-02-2017, 19:51
Vətəndaşlar Səyyar “ASAN qatar”ın xidmətindən razı qalmışlar
Yanvarın 27-də Səyyar “ASAN qatar” respublikamızda ilk dəfə olaraq Qazax rayonuna gəlmiş və fevralın 1-dən rayon vətəndaşlarına xidmət göstərməyə başlamışdır.

Göstərilən xidmətin dairəsi çox əhatəli və geniş olmuşdur. Belə ki, rayon sakinlərinə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, tibb xidmətləri və Azərbaycan Dəmir Yolları ASC–nin bilet satışının həyata keçirilməsi ilə bağlı xidmətlər göstərilmişdir.

Elə ilk gündən başlayaraq rayon sakinləri yuxarıda göstərilən sahələr üzrə xidmətin fəaliyyətindən istifadə etmişlər. Bunu xidmətə müraciət edən vətəndaşların sayından da aydın görmək olar. Belə ki, fevral ayının 1-dən 16-dək müraciət etmiş 4531 nəfər vətəndaşdan 4249 nəfəri xidmətin fəaliyyətindən yararlanmışdır.

Şəffaf şəraitdə göstərilən xidmətdən razılıq edən vətəndaşlar onlar üçün yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.

GOYEZEN.AZ

Geri qayıt