Əsas Səhifə > Rəsmi > Vətənə xidmət hər bir vətəndaşın borcudur

Vətənə xidmət hər bir vətəndaşın borcudur


3-05-2019, 16:42


Həqiqi beynəlmiləlçilik və sülhsevər siyasəti ilə dünya ölkələrinə nümunə olan Azərbaycan Respublikasında müstəqilliyimizin qorunması və ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılıb ərazi bütövlüyümüzün bərpasının əsas təminatlarından biri kimi sivil və güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilərək bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir.

Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində yaradılmış və hazırda ölkə Prezidenti, cənab İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli inkişaf edən Milli Ordumuz regionun ən güclü ordusuna çevrilərək digər ölkələrin ordularına nümunə kimi göstərilən ordu halına gəlmişdir. Bu, dövlət rəhbərinin iradəsi əsasında Milli Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki təminatı ilə yanaşı, müvafiq qanunvericiliyin də müasir standartlar səviyyəsində qurulması nəticəsində olmuşdur.

Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən əksər vətəndaşlarımız ordu sıralarında hərbi xidmət keçməklə, bu vəzifəni layiqincə yerinə yetirirlər. Bununla belə, çağırışdan boyun qaçıran çağırış yaşlı vətəndaşların prokurorluq, hüquq-mühafizə və icra orqanlarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqəli fəaliyyəti nəticəsində müəyyən edilərək hərbi xidmətə göndərilməsi təmin olunsa da, bu sahədə neqativ hallar tam aradan qaldırılmamışdır. Belə ki, çağırış yaşına çatmış vətəndaşların müxtəlif məqsədlərlə xarici ölkələrə gedərək hərbi xidmətdən yayınma halları hələ də aktual problemlərdən biri olaraq qalmaqdadır.

Bu sahədə görülməli olan vacib profilaktik tədbirlərdən biri də vətəndaşların hüquqi maarifləndirilməsidir. Hazırda qüvvədə olan hərbi xidmətə çağırış və hərbi xidmət üzrə qanunvericilik müasir standartlar səviyyəsində olmaqla, hərbi xidmətə çağırış və hərbi xidmət üzrə münasibətləri ətraflı tənzimləyir və qanunvericiliyin pozulmasına görə ən ciddi məsuliyyət tədbirləri nəzərdə tutur.

Bu istiqamətdə əsas institusional norma Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsidir. Həmin maddəyə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Bununla belə Ali Qanunumuz vətəndaşların digər maddələrdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsi baxımından yalnız bir əsasla hərbi xidmət keçilməsini məhdudlaşdırmışdır. Belə ki, həmin maddənin ikinci hissəsində göstərilmişdir ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Hərbi xidmətə çağırış və hərbi xidmət üzrə əsas sahəvi normativ-hüquqi akt "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanunudur. Sözügedən qanun qəbul edildiyi gündən hazıradək daim təkmilləşdirilərək 36 dəyişiklik və əlavələr edilməklə, müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Qanunda sözügedən sahə üzrə münasibətləri ətraflı tənzimləməklə, həm vətəndaşlar, həm Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həm də digər dövlət və qeyri-dövlət orqanları, vəzifəli şəxslər üçün bir sıra hüquq və vəzifələr müəyyənləşdirilmişdir.

Belə ki, preambulaya əsasən, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.

Həmin Qanunun 2-ci maddəsinə əsasən, hərbi vəzifə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmət keçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsi, hərbi uçot Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınması, hərbi qeydiyyat Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması, çağırışaqədər yaş həddində olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.

Həmin Qanunun 3-cü maddəsində Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci bəndinə istinad edilməklə, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməsi vəzifəsi öz təsbitini tapmışdır.

Həmin Qanunun 4-cü madddəsinə əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalı, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri aparılmalıdır.

Həmin Qanunun 6.3-cü maddəsinə görə, müxtəlif hüquqi şəxslər üçün hərbi xidmətə çağırış üzrə vəzifələr müəyyən edən normadır. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları), yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Həmin Qanunun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Hərbi qeydiyyat üzrə vətəndaşların və müxtəlif təşkilatların vəzifələri həmin Qanunun 7 və 8-ci maddələrindən öz əksini tapmışdır.

Belə ki, həmin Qanunun 7-ci maddəsinə əsasən, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.

Göründüyü kimi, qanunverici orqan vətəndaşlar üçün yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat vermək və yeni yaşayış yerində 3 aydan çox müddətə dəyişdirdikdə həmin ərazi üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində qeydiyyata durmaq vəzifəsi müəyyənləşdirmişdir.

Qanunun 8-ci maddəsinə əsasən, Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı, vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli, hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməli, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşlarının məcburi dövlət daktiloskopik qeydiyyatını aparmalıdır.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər.

Həmçinin, tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

Həmin Qanunun 12.4 və 12.5-ci maddələrinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməli, Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik göstərməlidirlər.

Qanun, həmçinin, xaricdə yaşayan, habelə xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin qanunla müəyyən edilmiş qaydada vətəndaşlığına xitam verilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması əsaslarını müəyyən edir.

Belə ki, Qanunun 12.8 və 12.9-cu maddələrindən görünür ki, Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 25-ci maddəsinə əsasən, Konsul öz konsul dairəsinin ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün buraya gələn Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır. Həmin Nizamnamənin 30-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır. Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki müvafiq icra hakimiyyəti orqanına gəlməsini təmin edir.

Göründüyü kimi, Azərbaycan Respublikasının konsulluqlarının "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun icrası baxımından mühüm əhəmiyyət kəsb edən vəzifələri vardır.

Yuxarıda göstərilən normalardan da göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları hərbi xidmət keçməni xalq tərəfindən Referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların əsas vəzifələrindən biri kimi təsbit etmiş, bu iradəyə uyğun olaraq ali qanunverici orqan da qeyd olunan məsələ üzrə münasibətləri hərtərəfli tənzimləyən normativ hüquqi baza yaratmışdır.

Qasım AĞAYEV,

Qazax rayon prokurorunun müavini,

I dərəcəli hüquqşünas.


Geri qayıt