Əsas Səhifə > Rəsmi > Vətəndaşların müraciətləri həll olunur

Vətəndaşların müraciətləri həll olunur


21-03-2019, 15:38


Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Ölkə başçısının çıxışı zamanı hər dəfə vətəndaş amilini ön plana çəkməsi, görülən bütün işlərin arxasında vətəndaş mövqeyinin dayandığını bildirməsi hər kəsə yaxşı məlumdur. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən amillərdən biri də yerlərdə vətəndaşlarla keçirilən görüşlərdir. Bu cür görüşlərin təşkil olunmasında isə məqsəd məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasını, insanlara layiqli xidmət göstərilməsini, etik davranış qaydalarına əməl olunmasının vacibliyini bir daha vurğulamaqdır.

Ötən həftə martın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qazaxda vətəndaşlarla görüş keçirməsi barədə məlumat vermişdik.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov, Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən həmin görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənildi. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verildi.

Bəli, bu gün vətəndaşlar tərəfindən qaldırılan həmin məsələlər öz həllini tapıb. Belə ki, şəhər sakini Şura Salmanova və Quşçu Ayrım kənd sakini Paşa Məmmədov evlərinin təmirinə köməklik olunması ilə bağlı müraciət etmişdilər. Onların istəyi nəzərə alınaraq elə görüş günü tikinti materialları ilə təmin olundu və ertəsi gün isə təmir işlərinə başlanıldı.

Daş Salahlı kənd sakini Lətif Yerevanlı kəndin içməli su probleminin həll olunmasına köməklik göstərilməsini bildirmişdi. Artıq 1,5 km uzunluğunda 110 mm-lik diametrində su xəttinin çəkilişi davam edir.

Digər Daş Salahlı kənd sakini Nazilə Əhmədovanın özünüməşğulluq layihəsində iştirak etməsi və aktivlərlə təmin edilməsi barədə müraciəti də öz müsbət həllini tapıb. Belə ki, o, istəyinə uyğun olaraq aktivlərlə təmin olunub. 2 baş iribuynuzlu və 1 baş buzov verilib.

Məlumat üçün bildirək ki, 15 nəfər işlə təmin olunma ilə bağlı müraciət edən rayon sakinindən 13 nəfəri işlə təmin edilib. Digər 2 nəfər isə müvafiq olaraq Məşğulluq Mərkəzində qeydiyyata alınaraq aidiyyəti üzrə göndəriş verilib.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirirlər. Görülən işləri yüksək qiymətləndirən sakinlər bildirirlər ki, ölkə başçısının da söylədiyi kimi dövlət hər bir vətəndaşının yanındadır. Bu gün müsbət həllini tapan məsələlər də bu dediklərimizin əyani sübutudur.







GOYEZEN.AZ


Geri qayıt