Əsas Səhifə > Rəsmi > 2016-cı il uğurla başa çatıb

2016-cı il uğurla başa çatıb


17-01-2017, 19:53

Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin hesabat yığıncağında bu fikir səslənib


2016-cı il uğurla başa çatıb
Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi Xasay Balayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı qeyd etmişdir ki, 2016-cı ildə bütün dünyada iqtisadi böhran olmasına baxmayaraq biz qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlmişik.

2016-cı il uğurla başa çatıb
Ötən il rayonumuz, o cümlədən Xanlıqlar kəndi üçün də uğurlu olmuşdur. Hesabat ilində Xanlıqlar kəndində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri ətraflı araşdırılmış və lazımi tədbirlər planı hazırlanaraq icrasına başlanmışdır. Hesabat ili ərzində əhalinin qaldırdığı bir sıra problemlər artıq öz həllini tapmışdır.

Xanlıqlar kəndində 3471 nəfər əhali yaşayır ki, bunlar da 925 təsərrüfatda cəmləşir.

Kəndin ümumi ərazisi 3805 hektardır. Əhali əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. 2016-cı təsərrüfat ilində əkinçilərimiz 400 hektarda payızlıq taxıl, 3 hektarda qarğıdalı, 90 hektarda kartof, 553 hektarda yonca, 60 hektarda tərəvəz əkib becərmişlər.

Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq və motor yağları, mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2016-cı təsərrüfat ilində 10520 sentner taxıl məhsulu, 150 sentner qarğıdalı, 9000 sentner kartof, 13200 sentner tərəvəz, 2840 ton yonca istehsal edilmişdir. 2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış, 568.01 hektar sahə üçün 408 vətəndaşa kart vasitəsilə 37935 manat yardım verilmiş, ehtiyacı olanlara 50 faiz güzəştlə 11 ton mineral gübrə satılmışdır.

Xanlıqlar kəndində baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Hesabat ili ərzində tütün və barama yetişdirilərək aidiyyatı üzrə təhvil verilmişdir. 2017-ci ildə kənddə 2 hektar tütün, 200 kq barama və 17 hektar şəkər çuğunduru əkilməsi nəzərdə tutulmuşdur. Baramaçılığın inkişafı üçün xaricdən gətirilmiş 1000 ədəd tut ağacı tingi əkilmiş, şəkər çuğunduru üçün 17 hektar torpaq sahəsi şumlanmışdır.

Hesabat ilində kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Əhali ilə canlı ünsiyyətə, qarşıya çıxan sosial-mədəni problemlərin həllində ictimaiyyət nümayəndələrinin yaxından iştirakına üstünlük verilmişdir.

Hesabat ilində kənd daim elektrik enerjisi, mavi qaz yanacağı və içməli su ilə təmin edilmişdir. Kənddə 512 nömrəlik EATS, poçtamt, peşə liseyi, “Damla” su sexi, “İmperial” MMC, “Azərcell” və “Bakcell” mobil telefon stansiyaları, 35-10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar, təhsil və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Kənd əhalisinin maddi rifah halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini bələdiyyə ilə birgə qurmuşdur. Nümayəndəlik elektrik transformatorlarının, subartezian quyularının daimi işləməsini, Içməli su xəttinin, təbii bulaqların dayanıqlığını, kəndarası yolların 9 km-ə yaxın hissəsinin təmir olunmasını təmin etmişdir. Kənddə yaşayan şəhid ailələrinə, Qarabag müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, imkansız və kimsəsizlərə keçirilən bayram tədbirlərində maddi və mənəvi köməkliklər göstərilmişdir.

Kənddə fəaliyyət göstərən həkim məntəqəsinin yeni binasının tikilib istifadəyə verilməsi də kənd sakinlərinin sağlamlığının mühafizəsində öz müsbət təsirini göstərmişdir.

Kəndin 100-dən çox yaşayış evinin 35 kv-luq elektrik xəttinin altında yerləşməsi kənd əhalisini düşündürən və narahat edən ən vacib məsələlərdən biridir. Bunun üçün də rayon rəhbərliyi müvafiq orqanlar qarşısında dəfələrlə məsələ qaldırmış və bu məsələ “2014-2018-ci illər Dövlət Proqramı"na salınmışdır.

Hesabat dövründə kənddə 2 ədəd artezian quyusu qazılmışdır. Kəndin əsas içməli su mənbəyi olan “Bayramov” su xəttinin üzərində təmir işlərinə ehtiyac var idi. Xəttin ehtiyat ötürücü su kanalının üzərindən keçən hissəsində 60 metr uzunluğunda, diametri 300 mm. olan su xətti dəyişdirilmiş və drenaj sistemi AzKil investorlarının maliyyə hesabına yenisi ilə tam əvəz edilmişdir. Bu təmir nəticəsində içməli su ilə kəndin 80 faizi təmin edilir.

Cari ildə yaşıllaşdırma işləri də davam etdirilmiş, ağac əkmə kampaniyasında 400-dən çox şam ağacı və meyvə ağacları əkilmişdir.

Hesabat dövründə Xanlıqlar kənd sakini tənha qadın Şahniyar Yusibova üçün Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən fərdi yaşayış evi tikilmiş və bütün avadanlıqlarla təmin olunmuşdur. Bundan başqa şəhid ailəsi Təranə Kərimovanın fərdi yaşayış evi tam təmir olunmuş, şəhid bacısı Sevinc Süleymanovanın və II qrup Qarabağ müharibəsi əlili, aprel döyüşlərinin işrirakçısı Əfqan Daşdəmirovun problemi də həll edilmişdir.

Xanlıqlar kəndində yerləşən Şəhidlər parkında əsaslı təmir işləri aparılmış “Abidə kompleks” yenilənmiş, ətrafına metlax, kafel döşənmiş, 68 m uzunluğunda hasar çəkilərək suvanıb rənglənmişdir.

Kəndin mərkəzində 2 km uzunluğunda olan asfalt yolun çuxurlarına 16 ton asfalt döşənərək tam yararlı vəziyyətə gətirilmişdir. Kəndarası yolların təmirə ehtiyacı olan hissələrinə şeben döşənmişdir. Bundan başqa Xanlıqlar kənd uşaq bağçası körpələr evində təmir işləri aparılmış, bağçanın mətbəxinə su çəkilmiş, isti su avadanlığı quraşdırılmış və mətbəx tam təmir olunmuşdur. Lakin buna baxmayaraq bağçanın əsaslı təmirə, qəzalı vəziyyətdə olan Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyin binası yenisinin tikilməsinə ehtiyac vardır.

2016-cı il uğurla başa çatıb
Sonra kənd sakinlərindən Xatın Hüseynxanova, Filip Məhərrəmov, Orxan Əliyev, Həsən Həsənov, Şayəstə Qurbanova, Kifayət İsmayılova, Azad Məmmədov, Şəlalə Sarıyeva və başqaları çıxış edərək əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, göstərdiyi diqqət və qayğıya görə kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz minnətdarlıqlarını bildiriblər.

2016-cı il uğurla başa çatıb
2016-cı il uğurla başa çatıb
Hesabat yığıncağında RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək 2017-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində kənd sakinlərinə uğurlar arzulayıb.

Elçin İSMAYIL
Geri qayıt