Əsas Səhifə > Rəsmi > “Qazax yeni inkişaf yolunda”
“Qazax yeni inkişaf yolunda”21-11-2016, 16:36 |
Respublika mətbuatı Qazax haqqında-------------------Bakı Dövlət Universitetinin Qazax filialında “Qazax Yeni İnkişaf Yolunda” adlı tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları filialın həyətində yerləşən ulu öndər Heydər Əlyevin möhtəşəm portreti önünə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. Akt zalında baş tutan tədbirdə BDU-un Qazax filialının professor-müəllim heyəti, tələbələr, bir qrup Qazax rayon ziyalıları, ağsaqqallar, ictimai birliklərin rəhbərləri iştirak edirdilər. Toplantını giriş sözü ilə Bakı Dövlət Universitetinin Qazax filialının direktoru professor Vüsət Əfəndiyev açaraq, iştirakçıları salamladı. O, ölkə Prezidenti cənab İlham Əliyevin Qazax rayonuna səfərini yüksək qiymətləndirdi. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda, o cümlədən, Qazaxda gedən hərtərəfli dinamik inkişafdan söz açdı. Respublikada təhsil sistemində aparılan irimiqyaslı layihələri, bütün sahələrdə olduğu kimi təhsilə göstərilən misilsiz qayğını qeyd etdi. Professor Vüsət Əfəndiyev qısa müddət ərzində Qazax rayonunda aparılan infrastruktur layihələri, tikinti-quruculuq işləri və digər sahələrdəki sürətli inkişafı Prezident İlham Əliyevin qazaxlılara diqqət və qayğısı və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun gərgin əməyinin nəticəsi kimi qiymətləndirdi. Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, “Göyəzən” qəzetinin baş redaktoru, yazıçı-publisist Elçin İsmayıl, ziyalı Cümşüd Musayev və başqaları çıxış edərək irəli sürülən məsələlər barədə öz fikir və mülahizələrini bildiriblər. Qeyd etdilər ki, ziyalılar vətəni olan Qazaxda bu gün böyük sürətlə tikinti-quruculuq və abadlıq işləri aparılır, həyatımızın elə bir sahəsi yoxdur ki, orada yenilik, quruculuq işləri olmasın. Çıxışlardan sonra tədbir iştirakçıları Qazax ziyalıları və ictimaiyyəti adından qətnamə qəbul etdilər. Qətnamədə deyilir ki, ulu öndər Heydər Əliyev Qazaxa və qazaxlılara böyük dəyər vermişdir. Onun verdiyi yüksək qiymət rayonda görülən işlərin strateji proqram xarakterli olduğunu təsdiqləyir. Ulu öndərin vəsiyyətinə sadiq qalaraq qazaxlılar yenə də torpaqlarının keşiyində layiqincə dayanır, rayonun və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Hər bir bölgədə olduğu kimi Qazax rayonunun da özünəməxsus problem və qayğıları vardır. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə görülən işlər bu problemlərin mərhələli şəkildə həllinə yönəlmişdir. İftixar hissi ilə qeyd etmək lazımdır ki, rayon icra hakimiyyəti başçısını həmişə problemlərin həllinin gözləndiyi yerlərdə görmək olar. Onun müxtəlif ərazilərdə əhali ilə çoxsaylı görüşləri, yerli əhali ilə ünsiyyətdə olarkən problemləri daha yaxından öyrənməsi qısa müddətdə öz müsbət nəticəsini verməkdədir. Buna misal olaraq yeni tədris ili ərəfəsində bir neçə tədris müəssisələrinin qısa müddətdə əsaslı və cari təmiri, su problemlərinin həlli, cəbhəyanı kəndlərdə istinad divarlarının çəkilməsi, kənd yollarının abadlaşdırılması, ilk azərbaycanlı təyyarəçi Fərrux Ağa Qayıbovun şərəfinə “Təyyarə - abidə kompleksi”nin yeni ərazidə ucaldılması, tarix və diyarşünaslıq muzeyinin tikilib istifadəyə verilməsi, 1-ci Şıxlı kəndində kəndli-fermer təsərrüfatının yaradılması, 2016-cı ilin aprel ayında düşmənin mənfur hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirələrinin əbədiləşdirilməsini və bir çox başqa işləri göstərmək olar. Qazaxlılar bütün dövrlərdə olduğu kimi indi də ölkə Prezidenti cənab İlham Əliyevin sosial dayağı olaraq onun apardığı siyasətin daim önündə gedəcəklər. Vəli VƏLİYEV, “Respublika” qəzeti, 20 noyabr 2016-cı il Geri qayıt |