Əsas Səhifə > Rəsmi > Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib

Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib


25-08-2018, 16:30
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Son illər ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar davamlı surətdə yeni iş yerlərinin açılması da bunun bariz nümunəsidir.

Qazax rayonunda da əhalinin işlə təmin olunması sahəsində uğurlu addımlar atılır. Hər il yaradılan yeni iş yerlərinin sayının artması bunu söyləməyə imkan verir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.

Məlumat üçün bildirək ki, birinci yarımildə 11 yeni müəssisə yaradılmış, 274-ü daimi olmaqla 427 yeni iş yeri açılmışdır. 2003-cü ildən 2018-ci ilin ikinci rübünün sonunadək rayonda 334 müəssisə yaradılmış, 13840 daimi olmaqla 16487 yeni iş yeri açılmışdır. İqtisadi fəal əhalinin sayı 45103 nəfər olmuşdur ki, bunun da 42791 nəfəri məşğul əhalidir.

2018-ci ilin 6 ayı ərzində Qazax rayon Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmişdir. Mərkəzə müraciət etmiş 1037 nəfər vətəndaşdan 968 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 556 nəfərə işə göndəriş verilmiş, 539 nəfər münasib işlə təmin olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir. İdarə və müəssisələrdən verilmiş boş iş yerlərinə əməyin ödənişində minimum əmək haqqı 130 manat, maksimum əmək haqqı isə 399 manat olmuşdur.

Qazaxda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 7 aprel 2016-cı il tarixli Sərəncam da uğurla icra edilir.

Belə ki, əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı Sərəncamın icrası ilə əlaqədar olaraq Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş rayon sakinləri də “Özünüməşğulluq” layihəsində fəal iştirak edirlər.

2017-ci ildə 11 nəfər işaxtaran kimi Mərkəzə müraciət etmiş rayon sakininin “Özünüməşğulluq” layihəsindən yararlanması bunun bariz nümunəsidir. Bu gün həmin sakinlərdən 10 nəfəri kənd təsərrüfatı, 1 nəfər isə xidmət sahəsi üzrə öz işlərini qurmuşlar.

Bu layihədən yararlanan sakinlərdən biri də şəhər sakini Abdullayev Eldəniz Şücayət oğludur. E.Abdullayevin sözlərinə görə ötən il həyata keçirilən layihədə iştirak edib. 3 ay kurs keçən vətəndaş bu kursu uğurla başa vurub və bu gün öz şəxsi bərbər işi ilə məşğuldur. Dövlət tərəfindən ona göstərilən qayğıdan səmərəli istifadə edərək öz çörək pulunu qazanır.

E.Abdullayev layihə ilə bağlı fikirlərini bildirərkən bunları qeyd etdi:

- Çox gözəl layihədir. Uzun illər idi ki, bərbər kimi fəaliyyət göstərmək istəyirdim. Lakin maddi imkanım buna yol vermirdi. Sağ olsun, Prezidentimiz İlham Əliyevin özünüməşğulluq layihəsi ilə bağlı Sərəncam verməsi bizim kimi sadə vətəndaşlar üçün əsl kömək oldu. Hamı kimi mən də layihədə iştirak etdim, kursda keçirilən dərslərdən yararlandım və öz işimi qurdum. 3 ay kurs keçdikdən sonra mən də bu layihənin qalibi oldum. Bu gün bərbər kimi çalışmaq üçün lazım olan müasir avadanlıq və ləvazimatlarla təmin olundum. Ailəmi dolandırmaq üçün dövlətimiz tərəfindən mənə yaradılmış bu fürsəti yüksək qiymətləndirir və Ölkə Başçısı İlham Əliyevə ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

“Özünüməşğulluq” layihəsindən yararlanmış digər iştirakçı isə Ağköynək kənd sakini İsgəndərova Mətanət Musa qızıdır. O, iqtisadi cəhətdən məhsuldar sahələrdən biri olan heyvandarlıqla məşğul olur.

M.İsgəndərovanın layihə ilə bağlı fikirləri isə belə oldu:

- Bir gün televizorda gedən verilişlərin birində bu layihə haqqında eşitdim. Bununla bağlı Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Həqiqətən də belə bir layihənin mövcud olmasını və köməklik göstəriləcəyini bildirdilər. 1 il bundan əvvəl hamı kimi, mən də bu layihədə iştirak etdim. 2 ay kursda oldum.

M.İsgəndərova bildirdi ki, heyvandarlıqla məşğul olmaq üçün şəraitim olsa da heyvan almaq üçün vəsaitimiz yox idi. Bu layihə sayəsində bizə 3 inək və 1 düyə verdilər. Bu gün həmin inəklərdən hər gün 10-15 litrə yaxın süd əldə edirik. Eyni zamanda, əldə etdiyimiz gəlirlə öz təsərrüfatımızı da böyütmüşük. Əlavə inəklər də almışıq. Bu gün bizim ailə özünüməşğulluq layihəsi sayəsində dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, edilən dəstəkdən çox razıyıq. Bizim kimi sadə kəndlilərin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılması üçün yaradılan şəraitə görə Ölkə Başçısı İlham Əliyevə, bizə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk. Bu layihə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan insanlara olan dəstəyin, qayğının əyani sübutudur. Çünki bu gün Azərbaycanda hər bir vətəndaş dövlət tərəfindən göstərilən qayğını hiss edir və əməli işləri ilə öz töhfəsini verməyə çalışır.

Məlumat üçün onu da qeyd edək ki, bu il də “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib. Bu il daha 62 nəfər rayon sakini layihədə iştirak etmək üçün müraciət etmişdir. Müraciət edən işaxtaranların təsərrüfatlarına baxış keçirilmiş və monitorinq nəticəsində 27 nəfər “Özünüməşğulluq” layihəsi ilə əlaqədar kursa cəlb olunmuş və müvəffəqiyyətlə qiymətləndirmədən keçmişdir. Kursu bitirən digər 35 nəfərin isə qiymətləndirməsi qalıb.

Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla həyata keçirilib
GOYEZEN.AZ

Geri qayıt