Əsas Səhifə > Rəsmi > İnternetdə Azərbaycan prezidentini təhqir etmə cinayət məsuliyyəti yaradacaq

İnternetdə Azərbaycan prezidentini təhqir etmə cinayət məsuliyyəti yaradacaq


17-11-2016, 10:09
Eyni zamanda, internetdə saxta istifadəçi ad və ya profillərdən istifadə edərək böhtan və təhqirlərə yol vermək cinayət məsuliyyəti sayılacaqdır.

İnternetdə Azərbaycan prezidentini təhqir etmə cinayət məsuliyyəti yaradacaq
Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.

GOYEZEN.AZ APA-nın məlumatına əsasən xəbər verir ki, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.

Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.

Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.

Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.

"Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir", - deyə Z. Qaralov qeyd edib.

Geri qayıt