Əsas Səhifə > Rəsmi > Füzuli rayonunun işğaldan azad olunduğu 17 oktyabr tarixini xalqımız bu gün də qürurla xatırlayır

Füzuli rayonunun işğaldan azad olunduğu 17 oktyabr tarixini xalqımız bu gün də qürurla xatırlayır


Bu gün, 10:22

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanı tanıdı, onun gücünə, qüdrətinə bələd oldu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır.Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. 17 oktyabr - Füzuli Şəhəri Günü kimi əlamətdardır. Qürurverici olan odur ki, artıq xalqımız ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Füzulinin coğrafiyasına nəzər yetirsək görərik ki,Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir.

Tarixi faktlar da göstərir ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Tarixi-dini abidələrlə zəngin ərazi hesab edilən rayonlardan biridir Füzuli rayonu. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli rayonunun işğalını bu gün də unutmuruq. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Rayonun işğaldan azad olunması mühüm hadisə idi. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Mühüm əhəmiyyət kəsb edən döyüşlər də məhz Füzuilnin azadlığı uğrunda baş verib. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Qəhrəman Ordumuzun şücaəti danılmazdır. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

“Füzulinin azad olunmasına görə” təsis olunmuş medal mühüm məna kəsb edir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

17 Oktyabr - Füzuli şəhəri günü kimi yaddaşlara yazıldı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür.

Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.

Qardaş Özbəkistan Respublikasından maddi və mənəvi dəstək göstərilir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi var. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Füzuli rayonunun yeni inkişaf dövrü başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri hər kəsi qürurlandırır.

16.11.2020-ci il tarixli səfər Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi ilə yadda qaldı.

14.01.2021-ci il tarixli səfərdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması oldu.

14.02.2021-ci il tarixli səfərdə Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi oldu.

15.03.2021-ci il tarixli səfər Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı.

14.06.2021-ci il tarixli səfər zamanı Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanışlıq, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması ilə yadda qaldı.

29.08.2021-ci il tarixli səfərdə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq, 17.10.2021-ci il tarixli səfərdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, 26.10.2021-ci il tarixli səfərdə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, 10.05.2022-ci il tarixli səfərdəPeşə Liseyinin təməlqoyma mərasimi, 26.05.2022-ci il tarixli səfərdəHoradiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq, 27.09.2022-ci il tarixli səfərdəFüzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti oldu.

07.11.2022-ci il tarixli səfərdə Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq, 05.05.2023-cü il tarixli səfərdə Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması, Füzuli-Hadrut avtomobil yolunun açılışı, Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması, Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı; Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyulması, oldu.

23.08.2023-cü il tarixli səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanışlıq, Füzuli şəhərinin Baş planı ilə tanışlıqla yaddaqalan oldu.

16.10.2023-cü il tarixli səfərdə Cuvarlı, Qoçəhmədli kəndlərinin təməlqoyma mərasimi, ;Füzuli şəhərində idman kompleksinin, ikinci yaşayış kompleksinin, üçüncü yaşayış kompleksinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlqoyma mərasimləri oldu.

17.10.2023-cü il tarixli səfərdəFüzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş, 08.11.2023-cü il tarixli səfərdəQarğabazar kəndinin təməlqoyma mərasimi, 12.03.2024-cü il tarixli səfərdəPrezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli rayonuna birgə səfəri, Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi, Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq oldu. 25.04.2024-cü il tarixli səfərdəPrezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Füzuli rayonuna birgə səfəri, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq, 11.05.2024-cü il tarixli səfərdəKöndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanışlıq, birinci tunelin açılışı, 17.05.2024-cü il tarixli səfərdə Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun birgə səfəri, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq, 03.07.2025-ci il tarixli səfərdəƏhmədbəyli-Füzuli-Şuşa yolunun açılışı olub, 17.07.2025-ci il tarixli səfərdəTürkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış keçirilib.14.09.2025-ci il tarixli səfərdəFüzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlqoyma mərasimi olub, 23.06.2026-cı il tarixliTürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.


Geri qayıt