Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Laos bizim üçün dost ölkədir”

Prezident İlham Əliyev: “Laos bizim üçün dost ölkədir”


Dünən, 07:37

Cari ilin 13 oktyabr tarixi Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatla yadda qaldı.

Ölkə başçısı bildirdi ki, birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.

Parlamentlərarası əlaqələr inkişaf edir. Hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.

Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.

Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa.

Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür. Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.

Bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.

Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Mən də öz tərəfimdən bildirdim ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var.

Dövlət başçısı qeyd etdi ki, Laos bizim üçün dost ölkədir. Yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.

Azərbaycan ilə Laos arasında qəbul edilən Birgə Bəyanat və sənədlər mühüm əhəmiyyət daşıyır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə ilə Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə etdilər.

Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəlincə Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Laos Xalq Demokratik Respublikasında akkreditə olunmuşdur. Laos Xalq Demokratik Respublikasının Moskvadakı səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 18-20 iyun 2017-ci ildəLaos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri olmuşdur. 15-16 sentyabr 2017-ci ildəAzərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfər etmişdir. 5-6 aprel 2018-ci ildə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatı Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycan Respublikasına səfər etmişdir.

Parlamentlərarası əlaqələrə gəlincə parlamentlərarası əlaqələr 2021-ci ilin iyun ayında Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasında Asiya dövlətlərinin Qərb regionu üzrə (Azərbaycan da daxil olmaqla) Parlamentlərarası dostluq qrupu yaradılmışdır. Qrupun rəhbəri Hamfenq Vilafandır (Khampheng Vilaphan).

Müqavilə-hüquq bazasına gəlincəAzərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında 2 sənəd imzalanmışdır.


Geri qayıt