Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik”
Prezident İlham Əliyev: “Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik”Dünən, 15:44 |
|
Ölkə başçısı bildirdi ki, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik. Ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq. Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək. İkitərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq. Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.
Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir. Hər iki ölkə üçün ümumi problem olan mina məsələsini müzakirə etdik. Bu, problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlər mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər. “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər. “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 21-23 aprel 2014-cü il tarixlərində Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər etmişdir. Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu var. 18 noyabr 2022-ci ildən Azərbaycan - Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri – Məmmədov Ramin ƏIəmşah oğludur. Müqavilə-hüquq bazasına gəlincə Azərbaycan Respublikası və Kamboca Krallığı arasında 3 sənəd imzalanmışdır. İqtisadi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Geri qayıt |