Əsas Səhifə > Rəsmi > “Müdriklik dərsi 560”

“Müdriklik dərsi 560”


Bu gün, 10:31

Qazax! Bu doğma diyar bütün dünyada Qərbin qapısı kimi tanınıb. Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb hər yana. Bu torpağın yetişdirdiyi tarixi şəxsiyyətləri, qəhrəmanları, Milli Qəhrəmanları, şəhidləri hər zaman sübut ediblər ki, bu torpaqda yaşayanlar necə mərd, qorxmaz, cəsarətli insanlardır. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadənin müəllifi olduğu “Müdriklik dərsləri” III hissə (Bakı 2018) kitabında qələmə alınmış sözlər, deyilən fikirlər qazaxlıların mərdliyindən, qorxmazlığından bir daha xəbər verir.

Kitabda yer alan “Müdriklik dərsi 560” adlı hissədə vurğulanmış fikirlər belə qeyd olunur:

“Bu hadisəni bu gün eşitdim:

Qazaxın Qaymaqlı kəndi Azərbaycanın Ermənistanla sərhədində yerləşir. 1992-ci ildə kəndə Ermənistan tərəfindən ciddi hücumlar olur, şiddətli döyüşlər gedir, kəndin işğalı mümkün idi. Kənd əhalisinin müqaviməti nəticəsində Ermənistan layiqli cavabını alır.

Döyüşlər gedən zaman bir nəfər kəndə gələrək anasını kənddən çıxarır. Onun qardaşı kənd sovetinin sədri imiş və kəndin müqavimətinin təşkilində böyük rol oynayırmış. Qardaşı anasını o evdə olmayanda aparır.

Qardaşının hərəkətindən xəbər tutan kənd sovet sədri Fərman Nağdəliyev qardaşına zəng edir və aralarında belə söhbət olur:

- Anamızı niyə apardın?

- Qoca arvaddır, başına iş gələr.

- Bəs, burda qalan analar qoca deyilmi, mən anamı kənddən çıxardıramsa, camaata nə üzlə kəndi qoruyaq deyə bilərəm? Sabah anamızı qaytarırsan, hamıya nə olacaqsa, ona da o olacaq.

Sabahısı gün o biri qardaş anasını kəndə qaytarır. Kənd qorunur, əhali isə iki qardaşın söhbətindən çox sonra xəbər tutur.

Öz anasını kəndə qaytartdıran kənd sovetinin sədri hal-hazırda rayon icra hakimiyyəti başçısının müavinlərindən biridir.

İsmayıl İsmayılov – Çox təqdirəlayiq və nümunəvi hadisədir, əhsən o qardaşa. Bizim hər birimiz digərilərimizin halı ilə yaşamalıyq, ayrı-seçkilik olmamalıdır, bir yumruq olmalıyıq, onda biz güclü və qüdrətli xalq, dövlət ola bilərik.

Leyla Salmanlı – Çox təqdirəlayiq hadisədir.

Aynil Camal – Onlar Qazaxda çox tanınmış nəsildir və ana tərəfdən də bizə qohumdurlar. Yüksək vəzifələrdə olanda da həmişə sadə insanları müdafiə ediblər.

Tərgül Mirzəzadə - Əhsən, əhsən, əhsən. Kaş hamı belə olardı.

Məmmədrza Kərimov – Təqdirəlayiq haldır, bu hadisədən nümunə götürmək lazımdır.

Xuraman Muradova – Aydın müəllim, sizin bu yazını oxudum, könlüm qürur hissi ilə doldu. Mən də cəbhə bölgəsindənəm, goranboyluyam. Bu duyğular mənə doğmadır. Bizim rayonda da bir qarış torpaq Ermənistana verilmədi.

Azər Abbasov – Yəqin, hətta Rusiyanın 366-cı alayı gəlsə də kəndi almaq olmazdı.

Gülya Babayeva – Azərbaycanın belə qeyrətli oğulları çoxdur. Allah hamısına kömək olsun.

Nəsib Musa – Halaldır, belə də olmalıdır.

Firəngiz Həbibova – Elə oğlanlara alqışlar düşür, halal olsun onu dünyaya gətirən Anaya! Azərbaycanda belə cəsur övladlarımız var, Allah qorusun!

Aytən Həsənova – Belə qeyrətli qardaşımıza ancaq cansağlığı arzulayaq.

Faiq Ağazadə - Belə vətəndaşlarımıza həmişə ehtiyac vardır.

Zeynəb Kazımova – Halal olsun Qazax torpağına! Sözün bitdiyi yer budur! Torpaq da Anadır. Axı, ona “Ana Torpaq” deyirik...”

Bəli, bu fikirlər uzun müddət Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Fərman Nağdəliyev haqqında deyilən, yazılan fikirlərdir.

Fərman müəllim söyləyir ki, illər öncə etdiyim hərəkəti, davranışı bu gün olsaydı yenə də edərdim. Çünki o, hər zaman vətəndaşın yanında olduğunu, məmur-vətəndaş münasibətlərində heç vaxt ayrı-seçkiliyə yol vermədiyini qeyd edir. Ən önəmlisi də torpağı, Vətəni qorumağın hər bir ölkə vətəndaşının borcu olduğunu hesab edir.

F.Nağdəliyev vurğulayır ki, qalib xalqın nümayədəsi olaraq keçmiş günlərə baxanda nə qədər kədərlənsək də, bu gün qazandığımız qələbələrə, şanlı zəfərlərə, uğurlu nailiyyətlərə görə çox qürurlanırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza, Vətən yolunda canlarını fəda edən Şəhidlərimizə, sağlamlığını itirən Qazilərimizə xalq olaraq, bir vətəndaş olaraq minnətdar olduğumuzu dilə gətirir.


Geri qayıt