Əsas Səhifə > Rəsmi > Qazaxda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərlə bağlı maarifləndirci tədbir keçirilib

Qazaxda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərlə bağlı maarifləndirci tədbir keçirilib


20-02-2026, 19:19

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini məsələsi hər zaman dövlət siyasətinin tərkib hissəsi olub. Ölkə Prezidenti İlham Əliyevin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

Fəaliyyət Planının 8.5-ci bəndində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma əks olunub. 8.5.1. yarımbəndində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili yer alıb. 8.5.2. yarımbənddə cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi qeyd edilib. 8.5.3. yarımbənddə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vurğulanıb.

Fevralın 20-də Qazax Rayon İcra Hakimiyyətində Fəaliyyət Planının icrası, sözügedən yarımbəndlərin icrası ilə bağlı həyata keçirilməsi nəzərdə tutulmuş işlərə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respulblikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov çıxış edərək Fəaliyyət Planında 8.5.1. yarımbəndində əksini tapan cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili, 8.5.2. yarımbənddə qeyd edilmiş cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi, 8.5.3. yarımbənddə vurğulanmış cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı filial tərəfindən görülmüş işlərdən söz açıb. E.Nəsibov aidiyyəti qurumlardan cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslər barədə Filiala daxil olan müraciətlərə əsasən həmin şəxslərin araşdırılaraq onlarla əlaqə saxlanıldığını və onlara Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaları, həmçinin məşğulluqlarının təmin edilməsi üçün aktiv məşğulluq tədbirləri barədə geniş məlumat verildiyini diqqətə çatdırıb. Fəaliyyət Planının 8.5.1, 8.5.2 və 8.5.3-cü yarımbəndlərinin icrası ilə əlaqədar olaraq Qazax rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş 4 nəfər şəxsə ƏMAS 11 iyun 2026-cı il 3-17-2/2-26998/2026 da formalaşdırılmış vakansiya bankından münasib işlər təklif edildiyini, həmin şəxslərə münasib işə dair göndərişlərin formalaşdırıldığını və işlə təmin olunduqlarını diqqətə çatdırıb. Həmçinin maarifləndirmə tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş 3 nəfər şəxsin özünüməşğulluq layihəsi çərçivəsində müvafiq əmlaklarla təmin olunduqlarını vurğulayıb. E.Nəsibov həmçinin tədbirdə iştirak edən aidiyyəti şəxslərə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin filiala yönləndirmələrini tövsiyə edib.

Tədbirdə Respublika Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilib, bu sahədə görülmüş və icrası nəzərdə tutulan işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


Geri qayıt