Əsas Səhifə > Rəsmi > Qazax RİH-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib

Qazax RİH-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib


Bu gün, 15:35

Mayın 13-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin 2026-cı il üçün “Hazırlıq Planı”na əsasən “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada mövzu ətrafında çıxışlar olub, fikir mübadiləsi aparılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat və ictimai-siyasiməsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenant Abbas Abbasov, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəfər Verdiyev, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb Regional müfəttişliyində baş məsləhətçi, baş müfəttiş Eldar Qarayev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti müfəttişliyinin baş məsləhətçisi Bəybulud Hacıyev, FHN Gəncə Regional Mərkəzi Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun baş məsləhətçisi İlqar Quliyev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc axtarış qurupunun rəisi, daxili xidmət giziri İlkin Quliyev, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru Aqil Süleymanov, idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbər və əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat və ictimai-siyasiməsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Hümbətov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. Natiq bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Onun müdrik rəhbərliyi, uzaqgörən siyasəti və xalqına sonsuz sevgisi sayəsində Azərbaycan ən çətin zamanlardan layiqincə çıxıb, sabitlik və inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyev bütün mənalı həyatını doğma Vətənin inkişafına həsr edib, millətin xilaskarı kimi yaddaşlarda əbədi yer qazanıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərmiş, sosial-iqtisadi həyatın digər sahələri kimi ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalmışdır. Ümummilli Lider fövqəladə hallarla mübarizəyə məsul idarə və təşkilatların ayrı-ayrılıqda vəzifələrinin öhdəsindən istənilən səviyyədə gəlmək iqtidarında olmadığını və yalnız bu sahədə vahid dövlət orqanının yaradılması ilə mövcud vəziyyətin aradan qaldırılmasının mümkünlüyü ideyasını müdrik uzaqgörənliklə ortaya qoymuşdur. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə son dərəcə həssas yanaşan Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2005-ci il dekabrın 16-da təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Bununla da fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün dünya birliyinin layiqli üzvünə, böyük nüfuza malik qüdrətli dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu tərəfindən işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası qazanılan uğurların zirvəsində dayanır. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazax rayonunun 4 (dörd) (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma, quruculuq-abadlıq işlərini şəxsən nəzarətdə saxlamaları nəticəsində ərazilərimiz sürətlə yenidən qurulur, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur, bu torpaqlara həyat geri qayıdır. Natiq Ümummilli Lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamının rayon rəhbərliyi tərəfindən də fəaliyyət prinsipi kimi qəbul edildiyini bildirib. Hər il mülki müdafiə “Tədbirlər Planı”na uyğun olaraq Rayon İcra Hakimiyyətində, yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə tədbirlərinin icrasının təmin olunduğunu, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ olaraq aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini vurğulayıb. Rayon əhalisinin maarifləndirilməsi üçün təbliğat xarakterli məlumatların mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin rəsmi saytında və goyezen.az internet portalında yerləşdirildiyini diqqətə çatdırıb. Rayonun “Mülki Müdafiə Planı” hazırlanmış və 2023-cü ildə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi ilə razılaşdırılaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdq edilmişdr. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi və Qazax Rayon İcra Hakimiyyəti arasında baş vermiş və ya ehtimal edilən fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində 2025-2029-cu illər üçün “Qarşılıqlı Fəaliyyət Planı” hazırlanmış və 2024-cü ildə təsdiq edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayonda 11 mülki müdafiə xidmət sahələri yaradılmış, Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “Rayon Fövqəladə Hallar Komissiyası”, eyni zamanda “Taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazilərində təhlükəsizlik tədbirlərinin görülməsi” barədə Qərargah fəaliyyət göstərir. “Rayonun mülki müdafiə sahəsində 2025-ci tədris ilinin yekunları və 2026-cı tədris ilində qarşıda duran vəzifələr barədə” Rayon İcra Hakimiyyəti başçısının müvafiqSərəncamına uyğun olaraq tədbirlər həyata keçirilir. Rayon ərazisində baş vermiş yanğın, qəza və bədbəxt hadisələrin vaxtında və təhlükəsiz aradan qaldırılmasını təşkil etmək məqsədilə Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rayonun xidmət təşkilatları ilə “Qarşılıqlı Əlaqə Təlimatı” hazırlanaraq təsdiq edilmişdir.

Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilində göstərilən dəstəyə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. R.Abbasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.


Geri qayıt