Əsas Səhifə > Rəsmi > Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3170 nəfər yararlanıb

Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3170 nəfər yararlanıb


Bu gün, 16:41

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır. Bu, bütün sahələrdə öz əksini tapmaqdadır. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Ölkə başçısının söylədiyi kimi, “"ASAN xidmət” Azərbaycan məhsuludur. Azərbaycan ixtirasıdır. Azərbaycan brendidir”. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.

Məlumat verdiyimiz kimi, GənSəyyar “ASAN xidmət”in nümayəndələri 1 aprel 2026-cı il tarixdən 28 aprel 2026-cı il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstəriblər.

28 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub.

Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxil olub.

Avtobus fəaliyyətə başladığı ilk andan vətəndaşlar fəallıq göstəriblər. Fəaliyyət dövründə müraciət etmiş 3412 nəfər vətəndaşdan 3170 nəfər vətəndaş xidmətdən yararlanıb.

Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), Bakı Səyyar “ASAN xidmət” avtobusu isə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün), 2-29 aprel 2024-cü il (28 gün), 2-31 iyul 2024-cü il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.


Geri qayıt