Əsas Səhifə > Rəsmi / Manşet > Qazaxda icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Hüseynbəyli kəndində olub
Qazaxda icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Hüseynbəyli kəndində olubBu gün, 20:06 |
|
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədi daşıyır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin yanvar ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Hüseynbəyli kəndində olub. Yanvarın 22-də Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
İcra başçısı bütün kəndlərimiz kimi, Hüseynbəyli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 4 nəfər Birinci Qarabağ müharibəsi, 2 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Hüseynbəyli kəndindən 44 nəfərin iştirak etdiyini, onlardan 21 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
“Hər zaman çalışmışam ki, vətəndaşın qaldırdığı məsələ öz müsbət həllini tapsın” - deyən icra başçısı Hüseynbəyli kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində işlər görüldüyünü, bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. İlk gündən kənddə yaşayan sakinlərə göstərilən dövlət qayğısının bu gün də davam etdiyini vurğulayıb. Əvvəlki səyyar görüşlərdə edilən müraciətlərin zamanla aradan qaldırıldığını, həlli istiqamətində lazımi işlər görüldüyünü qeyd edib. Kənddə rabitə dayaqlarının və xəttinin dəyişdirilməsi, elektrik xətlərinin yenilənməsi, kənddə "Alma" bağı adlanan yeni salınmış məhəllədə yaşayan sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması və s. məsələlərin müsbət həllini tapdığını söyləyib. Arxların beton üzlüyə alınması, kənd bağçasının, məktəbinin əsaslı təmiri ilə bağlı məsələlərin gündəmdə olduğunu, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını qeyd edib.
İcra başçısı ölkə rəhbərinin qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Hüseynbəyli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi bildirib. İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Rayon rəhbəri Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. SakinlərinHüseynbəyli kəndi ərazisində uşaq bağçasının açılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında bir daha məsələ qaldırılacağını qeyd edib.
Geri qayıt |