Əsas Səhifə > Rəsmi > Xeyirxah işlərdən, xoş əməllərdən doğan minnətdarlıq

Xeyirxah işlərdən, xoş əməllərdən doğan minnətdarlıq


7-10-2016, 19:37
Qərbin və qəlbin qapısı sayılan Qazax bu gün özünün tarixi günlərini yaşayır. Artıq bir neçə aydır ki, rayonumuzun sözün əsl mənasında ən yeni tarixi yazılır. Keçmişi qədimdən də qədim olan, şəninə şeirlər, dastanlar yazılan bu yurd indi quruculuq və inkişaf dövrünə qədəm qoymuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tükənməz enerjisi və rəhbərliyi ilə həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, tərəqqi və quruculuq olmasın. Görülən çoxşaxəli və genişmiqyaslı işlərin nəticəsidir ki, bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır.

Haraya baxırsan bir yenilik görür, bir müasirliyin şahidi olursan. Dünən səkisi ilə getdiyin küçə bir neçə gündən sonra başqa bir görkəmə düşür, daha yaraşıqlı və gözəl olur.

Ən savindirici hallardan biri də odur ki, tikinti-quruculuq işləri tək şəhərdə deyil, kəndlərdə, hətta sərhəddəki yaşayış məntəqələrində belə aparılır. Ona görə də mübaliğəsiz olaraq demək olar ki, Qazaxın dörd bir tərəfində, rayon mərkəzində, eləcə də sərhəd kəndlərində insanlar qurub-yaradır. Öz zəhmətlərini, qüvvə və bacarıqlarını yaşadıqları elin çiçəklənməsinə, inkişaf etməsinə sərf edirlər.

Bu gün torpağına, özünə, öz zəhmətinə inamı qayıdan qazaxlılar böyük bir hünərlə, tükənməz qüvvə və enerji ilə çalışır, şəhər və kəndlərdə xaruqələr yaradırlar.
Bəzən adamın inanmağı belə gəlmir. İnanmağı gəlmir ki, Rəcəb Babaşovun Qazaxa rəhbər təyin edildiyi 4 ay ərzində saya gəlməyən, illərlə vaxt tələb edən işlər görülüb başa çatdırılmışdır.

Bu, nə qədər qəribə səslənsə də, belədir. Az bir zaman kəsiyində Kosalar kəndinə 11 km uzunluğunda asfalt yol çəkilmiş, neçə-neçə kəndin yolları əsaslı təmir olunmuşdur. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində əhalinin təhlükəsiz yaşaması üçün 700 metr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilmişdir. Eyni işlər Quşçu Ayrım və Bala Cəfərli kəndlərində də həyata keçirilir.

Şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilərək onların adlarına layiq hala salınmışdır. Aprel şəhidlərinin adları əbədiləşdirilmiş, şəhərin mərkəzində bulaqlar çəkilmişdir. Hələ bu harasıdır. Yüz illərlə içməli suya həsrət qalmış Qazaxbəyli kəndinin su problemi bir həftə ərzində öz həllini tapmış, Ürkməzli kəndinin bir hissəsinə də yeni su xətti çəkilmişdir.

Rayonun I Şıxlı kəndində tikilmiş kəndli-fermer təsərrüfatı, Daş Salahlı, Çaylı və Yuxarı Salahlı kəndlərində yeni inşa olunmuş və əsaslı şəkildə yenidən qurulmuş məktəb binaları, qazılan artezian quyuları görülən işlərin miqyasını və coğrafiyasını genişləndirməklə yanaşı onu daha da zənginləşdirir.
Şəhərdə aparılan tikinti-quruculuq işləri isə ayrıca bir yazının mövzusudur.

Bu gün şəhərə qədəm basarkən hər addımda göz oxşayan bir yeniliyin, bir gözəlliyin şahidi olursan. Obelisk rayonumuz haqqında elə ilk baxışdan yüksək bir fikir, gözəl bir əhval-ruhiyyə yaradır. Təyyarə Abidə Kompleksi isə insanda böyük bir qürur hissi oyadır. Məşəl Meydanına baxmaqdan doymaq olmur.
Xeyirxah işlərdən, xoş əməllərdən doğan minnətdarlıq
Fəxr yerimiz olan Bayraq Meydanı öz əzəməti, öz müasirliyi və möhtəşəmliyi ilə diqqəti özünə cəlb edir. Rayonda görülən işləri deməklə qurtaran deyil.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonun ümumi problemlərini həll etməklə yanaşı insanların ayrı-ayrılıqda qarşılaşdıqları çatışmamazlıqlara da diqqət göstərir, onlara qayğı ilə yanaşaraq problemlərini həll edir.

Artıq sadaladığım zaman kəsiyində onlarla şəhid ailəsinin, müharibə veteranlarının, əlillərin, kimsəsiz adamların saysız-hesabsız problemləri aradan qaldırılmış, evləri təmir olunmuş, tikinti aparılmış, qayğıları ödənilmişdir. Ona görə də bu insanlar, eləcə də bütün rayon sakinləri rayon rəhbərliyini öz xilaskarları bilir, problemlərini ona deyir, onun diqqət və qayğısı sayəsində qarşılaşdıqları çətinliklərdən azad olurlar.

Bir sözlə, rayonun problemləri ilə bərabər insanların problemləri də həll edilir, həyat daha da gözəl və firavan olur. Ona görə də mübaliğəsiz olaraq deyə bilərəm ki, bu gün Qazaxda yaşamaq da, işləmək də gözəldir.

Hər bir xeyirxah işin, hər bir xoş əməlin əvəzi təşəkkür və minnətdarlıqdır. Rayonumuzun sakinləri də rayon rəhbərliyinin həyata keçirdiyi tikinti-quruculuq işlərini dəstəkləyir, öz minnərdarlıq sözləri ilə aparılan abadlığa, görülən yeniliklərə görə İcra Başçısına bitib-tükənməyən təşəkkürlərini bildirirlər.

Rayon rəhbərliyinin əhali ilə keçirdiyi saysız-hesabsız görüşlərdə, sərhəd kəndlərində olan zaman, rəsmi qəbullarda yüzlərlə adamdan – kənd sakinindən tutmuş ziyalısına qədər, şəhərdə yaşayan sakinlərdən tutmuş güllə qabağında dayanan sərhəd kəndinin adi adamlarına qədər, bütün təbəqədən və bütün yaş qrupu olanlardan minnətdarlıq dolu sözləri mən özüm dəfələrlə eşitmişəm.

Rayon sakinlərinin İcra Başçısına necə təşəkkür etmələrinin canlı şahidiyəm. Şəhərdə, eləcə də kəndlərdə yaşayan insanlar canlı minnətdarlıq etməklə yanaşı məktublar da yazır və bu zaman da ən gözəl ürək sözlərini qələmə alır, apardığı genişmiqyaslı işlərə görə Rəcəb Babaşova dərin minnətdarlıq edirlər. Bu razılıq dolu məktublarda qazaxlıların öz rəhbərinə olan ən ülvi istək və məhəbbətləri, inam və etimadları öz əksini tapmışdır.

Həmin minnətdarlıq və ehtiram dolu məktubları həyəcansız oxumamaq olmur. Çünki bu məktubların hər sətrində bir inam, hər cümləsində bir ümid var. İstər üzbəüz, istərsə də minnətdarlıq məktublarında sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edirlər.

Minnətdarlıq edirlər ki, elin qədrini bilən, camaatın qayğısına qalan, rayon sakinlərinə diqqət və qayğı göstərən, böyük iş təcrübəsinə malik olan Rəcəb Babaşov kimi bir insanı Qazax rayonuna başçı təyin etmişdir. Bu təyinata görə qazaxlılar möhtərəm cənab Prezidentə minnətdarlıq edirlər.

Kosalar kəndindən pensiyaçı müəllim Məmmədova Rəfiqə Məcid qızı tərəfindən yazılan minnətdarlıq məktubunda olduğu kimi. Bir neçə vərəqdən ibarət olan bu minnətdarlıq məktubu kənd sakinlərinin rayon rəhbərliyinə olan hörmət və inamının ən bariz nümunəsidir. Məktubda deyilir: “Hörmətli Rəcəb müəllim! Yazıb
Xeyirxah işlərdən, xoş əməllərdən doğan minnətdarlıq
Sizə bildiririk ki, Qazax rayonunda tikinti-abadlıq və quruculuq işlərinə, xüsusən də tamamilə yararsız hala düşmüş Qazax-Kosalar avtomobil yoluna keyfiyyətli asfalt yolu çəkdirdiyinizə görə Kosalar kəndinin camaatı Sizi “Kəndin fəxri vətəndaşı” seçmişdir”. 278 nəfərin imzaladığı bu məktubda kənd sakinlərinin sonsuz minnətdarlığı öz əksini tapmışdır.

Şəhər sakini və şəhid ailəsi Həmayıl Şamoyeva isə məktubunda belə yazır: “Mən Sizi görəndə ürəyim dağa dönür. Çünki indiyə qədər heç bir məmur nə yetimlərə, nə kimsəsizlərə, nə kasıba, nə də ki, şəhid övladlarına yardım əlini uzatmayıb. Sizə Qazax rayonunun ağsaqqalı kimi və ailə başçısı kimi cansağlığı, uzun ömür arzu edirəm.

Bir şəhid ailəsi olaraq mənim övladımı evlə təmin etmisiniz. Allah Sizdən razı olsun. Siz bütün şəhid övladlarının atasısınız”.
Başqa bir məktubda isə Ürkməzli kənd sakini Osmanov Rəşid Baxçalı oğlu öz ürək sözlərini belə ifadə edir:

“Sizin gördüyünüz hər bir işə görə təşəkkürümüzü bildiririk. O cümlədən Ürkməzli kəndində (Yaqublu məhəlləsində) 50 ildən artıq idi ki, içməli su problemi yaşayırdıq. Siz bizim bu problemimizi qısa zaman kəsiyində həll etdiniz. Sizə buna görə bütün kənd sakinləri adından dərin minnətdarılığımızı bildiririk”. 34 nəfərin imzaladığı bu məktubda bütün kənd sakinlərinin arzuları öz əksini tapmışdır.

Bəli, bu sözlər hələ bir qrup Ürkməzli kənd sakinlərinin söylədiyi fikirlərdir, etdiyi minnətdarlıqlardır. Belə minnətdarlıqlar isə bütün kəndlərdə onlarladır. Bu təşəkkür dolu sözlərin arxasında isə Rəcəb Babaşovun qısa vaxt ərzində rayonda gördüyü işlər, həyata keçirdiyi xeyirxah əməllər dayanır.

Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin rayon rəhbərliyinə etdikləri təşəkkür dolu sözlər isə bitib tükənməyir. Onlardan yalnız birini - şəhid qardaşı Mehman Qurbanovun yazdığı məktubu sizlərin nəzərinə çatdırıram. O, yazır: “Qardaşım Qurbanov Qoşqar Məqsəd oğlu 24.09.2014-cü il tarixdə şəhid olub.

Sizin kəndimizdə yerli sakinlərlə ilk görüşünüzdə anam ilə səmimi görüşməyiniz ailə üzvlərimizi çox sevindirdi. Sizin verdiyiniz tapşırıqdan sonra qardaşımın həyat yoldaşı işlə təmin olundu. Siz rayonumuza başçı təyin edilən gündən Qazax şəhərində və kəndlərimizdə aparılan abadlıq və quruculuq işləri hər bir qazaxlının gözləri qarşısındadır.

Ailəmizə göstərdiyiniz bu diqqət və qayğıya görə sonsuz təşəkkürümü bildirirəm”. Şəhid qardaşı daha sonra yazır: “Respublikamızdan kənarda yaşadığım üçün Sizinlə görüşə bilmədim. Ona görə də ürək sözlərimi bu məktub vasitəsilə bildirirəm. Allah Sizə yar olsun”.

Ağbirçək ana, pensiyaçı Südayə Lahıcova isə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirir. Məktubda oxuyuruq: “Mən tək ailə başçısıyam. Pensioner tənha qadınam. Hamı kimi mənim də problemim vardı.

Dəfələrlə icra məmurlarına müraciət etsəm də heç kim mənim bu problemimlə maraqlanmırdı. Artıq az qalırdım ki, haqsızlıqdan bu qoca yaşımda intihar edəm.

Rəcəb Babaşov Qazaxa rəhbər təyin olunan gündən mənim problemim də öz həllini tapdı. Onun məsələyə müdaxiləsindən sonra hər şey öz yoluna düzəldi. Bu gün mən ağbirçək bir ana kimi ilk öncə Allahıma, sonra isə Prezidentim İlham Əliyevə sonsuz minnətdaram.
Bu gün bizə, Qazax rayonuna Sizin kimi rəhbər göndərdiyi üçün”.

Yazılan məktublarda söylənilən fikirləri, edilən təşəkkürləri oxuyarkən bir daha əmin olursan ki, Rəcəb Babaşov az bir vaxt ərzində qazaxlıların böyük hörmətini qazanmışdır.

Bu inam və etimadın nəticəsidir ki, bu gün Qazaxda əhali ilə rayon rəhbərliyi arasında möhkəm, təməli saf və sağlam olan bir birlik yaranmışdır. Bu birliyə söykənən rayon sakinləri tarixdə yeni bir səhifə yazaraq Qazaxı gülüstana çevirirlər.
Elçin İSMAYIL

Geri qayıt