Əsas Səhifə > Rəsmi > Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir29-09-2025, 17:12 |
Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi. Xalq olaraq biz bu əlamətdar tarixləri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qəhrəman Ordumuzun şücaəti sayəsində yaşayırıq. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. 1995-ci ildə Konstitusiya layihəsi hazırlanmasına bilavasitə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev vurğulamışdı ki, "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun". 30 il bundan öncə Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə ölkənin Əsas Qanunu - Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən etdi. Digər ölkələrin də konstitusiyalarına nəzər salsaq, əksəriyyətində məhz giriş hissənin həmin Konstitusiyanın qəbuluna gətirib çıxaran hadisələri, keçmişi və qarşıya qoyulan hədəfləri, arzuları əks etdirdiyini görmək olar. Bununla bağlı hüquq nəzəriyyəsində belə bir ifadə var ki, konstitusiyaların giriş hissəsi keçmişin qürurunu, gələcəyə olan ümidi ifadə edər. Ölkəmizin Konstitusiyasının preambulasında da Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən dolayı qüruru və bu ənənələrin davam etdirilməsi niyyəti vurğulanaraq gələcəklə bağlı arzu və hədəfləri ifadə edilmişdir. Bununla əslində həm də cəmiyyətdə ortaq kimlik, bütövlük, ümumi ali hədəflər formalaşdırılmış oldu. Müstəqil dövlətin əsas şərtlərindən biri isə suverenlikdir. Dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. Ölkə Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi parlaq qələbə əldə edilmiş və 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində növbəti parlaq qələbə əldə edilərək Azərbaycan Respublikasının suverenliyi bərpa olunmuşdur. Suverenliyin bərpasının və bununla da Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq, Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Azərbaycanın Dövlət Suverenliyi Günü ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsində qələbədən, suverenliyin tam bərqərar edilməsindən sonra 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması əslində suverenlik, ərazi bütövlüyü və Əsas Qanunda nəzərdə tutulan prinsipləri fərd olaraq hər birimizin daha dərindən dərk etməsi, bu dəyərlər uğrunda şücaət göstərmiş, mübarizə aparmış şəxslərin xatırlanması və bu dəyərlərin qorunması üçün üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmək məqsədilə verilmiş göstəriş kimi qəbul edilməlidir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |