Əsas Səhifə > Qazax respublika mətbuatında > Şəhidin xatirəsi ehtiramla anılıb

Şəhidin xatirəsi ehtiramla anılıb


9-10-2024, 12:21


Respublika mətbuatı Qazax haqqında

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Xalid Abasovla birlikdə Bala Çaylı kəndində igid Vətən oğlunun evində olub, qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib.

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. İllər keçsə də, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Əvəz tək oğulların heç vaxt unudulmayacağı, gələcək nəsillərə örnək olacağı, böyüməkdə olan gəncliyin şəhidimizin döyüş yolundan, qəhrəmanlığından örnək götürəcəyi qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Əvəz və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu bildirilib. Qazaxda da şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı bildirilib.

Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 2020-ci il oktyabrın 7-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir.

Vətənə olan xidməti borcunu yerinə yetirərkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən dayanacaq qoyulub.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

9 oktyabr 2024-cü il, səhifə 6

https://www.respublika-news.az/az/news/sehidin-xatiresi-ehtiramla-anilib



Geri qayıt