Əsas Səhifə > Qazax respublika mətbuatında > Yenidən qurulan uşaq bağçası balacaların sevincinə səbəb oldu
Yenidən qurulan uşaq bağçası balacaların sevincinə səbəb oldu24-11-2017, 10:30 |
Daim uşaqlarla ünsiyyətdə olan, onların işıqlı gələcəyini düşünən ümummilli lider Heydər Əliyev bu sahədə bir çox uğurlu layihələrə imza atmış, müstəqil Azərbaycanın gələcəyi olan balacaların hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Prezident İlham Əliyev də ulu öndərin bu ideyalarını uğurla davam etdirərək qısa vaxt ərzində çoxlu sayda uşaq tərbiyə müəssisələrinin yaradılması ilə bağlı sərəncamlar imzalamışdır. Xüsusilə, regionlarda qəzalı vəziyyətdə olan uşaq bağçalarının yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Ölkəmizdə məktəbəqədər uşaq tərbiyə müəssisələrinin inkişafına Qazax rayonunda da diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, son bir neçə ildə rayonda onlarla uşaq bağçası ya yenidən tikilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Bu ilin ötən dövrü ərzində rayon mərkəzində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçaları, Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Bu günlərdə isə rayonun Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Mərasimdə rayon rəhbərliyi körpə fidanları, onların valideynlərini və tərbiyəçilərini, eləcə də kənd sakinlərini təbrik etmiş, onlara uğurlar diləmişdir. Açılışda qeyd olunmuşdur ki, ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu işdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Hazırda respublikamızda balacaların təlim-tərbiyəsinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir ki, bu da gələcəyin qurucuları olan körpələrin dünyagörüşünün formalaşmasına xidmət edir. Sonra Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, şair Zaməddin Ziyadoğlu, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev və başqaları çıxış edərək böyüməkdə olan balaca fidanların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən dövlət qayğısından danışmış, buna görə ölkə rəhbərinə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Bağçada tərbiyə alan balacalar Vətəni və dövlətimizin müstəqilliyini tərənnüm edən şeirlər söylədikdən sonra açılış mərasiminin iştirakçıları körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar. Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti 24 noyabr 2017-ci il Geri qayıt |