Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda yeni məktəblərin tikintisi davam etdirilir

Qazaxda yeni məktəblərin tikintisi davam etdirilir


12-05-2023, 12:39

Respublika mətbuatı Qazax haqqında


Dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, savadlı gənclərin yetişdirilməsi prioritet təşkil edir.

Son 15 ildə ölkəmizdə bu sahədə misilsiz işlər görülmüşdür. Ən ucqar kəndlərdə də köhnə, yararsız təhsil müəssisələri tarixə qovuşur, yerində geniş, işıqlı, bütün lazımi avadanlıqlarla təchiz olunmuş məktəblər inşa olunaraq istifadəyə verilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində respublikanın bütün guşələrində müasir standartlara cavab verən onlarla məktəb, məktəbəqədər və digər təhsil müəssisələri tikilərək müəllim və şagirdlərin ixtiyarına verilir.

Təhsilə göstərilən sonsuz diqqət və qayğıdan respublikanın Qərb qapısı sayılan, ziyalılar məskəni, elmə, təhsilə xüsusi qiymət verilən Qazax rayonu da yetərincə bəhrələnir. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə sektor müdiri Ruslan Rzayev bizimlə həmsöhbət olaraq bildirdi ki, rayonda son illərdə yeni məktəb tikintiləri və ya əsaslı təmirlə bağlı ürəkaçan mənzərə ilə rastlaşmaq olar. Hər il respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da bir neçə məktəb binası tikilib və ya yüksək səviyyədə təmir olunaaq pedaqoji kollektivin, şagird kontingentinin ixtiyarına verilir. Sözsüz ki, müasir, gözəl məktəblərdə tədrisin keyfiyyəti yüksək olur. Məhz bunun nəticəsidir ki, şagirdlərin məktəbə davamiyyəti də normal olur, eyni zamanda məzunların ali təhsil ocaqlarına qəbul sayında dinamik artım müşahidə olunur.

Sektor müdiri qeyd etdi ki, 1965-ci ildən fəaliyyət göstərən Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli, 964 şagird yerlik tam orta məktəb əsaslı təmir olunaraq 2019-cu ildə istifadəyə verilmişdir.

2020-ci ildə İsmayıl Şıxlı adına 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmiri başa çatdırılmışdır. Əvvəllər məktəb tam yararsız vəziyyətdə olmuşdur. Üçmərtəbəli məktəb binası 2 korpusdan ibarətdir. Bundan başqa, Qazax rayonu Şahnabad Nəsibova adına 220 şagird yerlik Sarıvəlli kənd tam orta məktəbi 1966-cı ildə inşa olunmuşdur. Demək olar ki, bina istifadəyə tam yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ilin sonlarında inşasına başlanmış, 2021-ci ilin sentyabr ayında tikinti yekunlaşdırılmış və müasir standartlara cavab verən məktəb binası istifadəyə verilmişdir ki, bu da müəllim və şagirdlərin hədsiz sevincinə səbəb olmuşdur.

Eyni zamanda Qazax rayonunun sərhəd kəndi olan Qaymaqlı kənd 180 şagird yerlik tam orta məktəb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən inşa olunaraq 2020-ci ildə açılışı olmuşdur. Bina 3 mərtəbədən ibarətdir. Həmçinin Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey (əvvəl internat olmuşdur) 1935-ci ildə inşa olunaraq 35 sinifdən ibarət olmuşdur.

Ötən müddət ərzində təhsil müəssisəsi tamamilə yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 700 şagird yerlik binanın tikintisinə 2021-ci ilin sentyabr ayından başlanmış, 2023-cü ildə başa çatdırılmışdır. Bina 2 korpusdan ibarətdir.

İnşa olunan və ya əsaslı təmir olunan məktəb binalarının hər biri müasir standartlara tam cavab verir. Zəruri avadanlıqlarla təchiz olunmuşdur.

V.POLADOĞLU,

"Respublika" qəzeti

12 may 2023-cü il, səhifə 13



Geri qayıt