Əsas Səhifə > Qazax respublika mətbuatında > Hanı o “Dilbaz” atları?!

Hanı o “Dilbaz” atları?!


29-01-2023, 13:19


Respublika mətbuatı Qazax haqqında

– Çox balaca olsam da, o səhnə indiyədək gözlərim önündən getmir, yadıma düşəndə, sanki, dünya başıma fırlanır...

“Nəbi kişi “Ceyran”nın boynunu, nəvəsi ayaqlarını qucaqlamışdı və hər ikisi ağlayırdı. At da gah üzünü onun boynunu buraxmayan ağsaçlı qocanın üzünə sürtür, gah da “Ceyran”, nolar getmə” deyib hönkür-hönkür ağlayan balaca uşağın toppuş əllərini qoxulayırdı...

Çox təsirli bir səhnə idi. Gecədən xeyli keçməsinə baxmayaraq, kənddə, sanki, nə qədər uşaq varıydı, hamısı “Ceyran”nın başına yığışmışdı. “Ceyran”ı aparırdılar... müharibəyə aparırdılar. Köhnə “Palturka” (“Polutorka-Qaz AA”-H.Q.) adlandırılan saysız-hesabsız maşınların işığında, sanki, kəndə təzə gətirilmiş maraqlı bir filmə baxırdıq: “Ceyran” birdən dayandı. Babanı da, nəvəni də buraxıb başını dik tutdu və gözlərini bir nöqtəyə zilləyib bir xeyli, sakit-sakit, harasa uzaqlara baxdı. Bu hərəkəti hamımızı təəccübləndirdiyindən bu dəfə daha diqqətlə baxdıq. At ağlayırdı. Gözlərindən süzülən yaş damlaları üzü ilə aşağı yuvarlanırdı...”

Kənd ağsaqqalı İbrahim Nəsibovun 1944-cü ildə, İkinci Dünya müharibəsi zamanı, sovet zabitlərinin və əsgərlərin Xanlıqlara gəlib saysız-hesabsız “Dilbaz” atlarını aparması ilə bağlı söylədiyi bu epizodu həyacansız dinləyə bilmirəm. Nədənsə, yadıma qonşumuz, 9 körpə uşağı olan Əzim kişi düşür. Həyətindəki tut ağaclarını özünə demədən “baramaçılığa kömək lazımdır” adı ilə kəsib getdikləri gün və Əzim əminin işdən gələndən sonra bu mənzərəni görüb “balalarımın çörək ağacını kəsdilər” deyərək uşaq kimi hönkürməsi hələ də yadımdan çıxmır.

...Qazaxın Xanlıqlar kəndinə “Dilbaz” atın sorağı ilə gəlib çıxmışam. Deyirlər kökü kəsilməkdə olsa da, bu kənddə ikisi qalıb. Kəndin icra nümayəndəsi Ayət Çobanov bir neçə ağsaqqalla məni həmin atların sahibi, fermer İlham Piriyevin təsərrüfatına gətirir. Əkinçilik, kartofçuluq, hətta balıqçılıqla məşğul olan İ.Piriyev at həvəskarıdır. Hardan tapıb, necə tapıb, öyrənə bilmədik. Çünki özü yox idi. İşçiləri yanı dayçalı atları həvəslə nümayiş etdirdilər. Yaxınlaşıb diqqətlə baxdım, oxşadım. Duruşunu, baxışını eynilə Qazax şəhərinin girəcəyindəki hündür postament üzərində az qala göylərə qalxan haçadil tunc at heykəlinə bənzətdim. 

“Dilbaz” atı Qazaxda bir növ əfsanələşib, – desək, yanılmarıq. Ona görə də həmin At heykəli artıq çoxdan təkcə şəhərin deyil, bütöv Qazax mahalının rəmzinə çevrilib. Xalq şairi Osman Sarıvəlli görün necə gözəl deyib: 

Kim minir Qazaxın Dilbaz atını,

Götürür toyların şal xalatını...

Şeirin, sənətin mükafatını,

Hər zaman, hər yerdə aldı bu yerlər. 

Bəli, bu yerlər “Dilbaz” atlarının vətənidir. Elə ona görə də gəlmişəm öyrənim ki, “indi hanı o atlar?!” Yazının əvvəlində qeyd etdim ki, bu atları elə bir gecədə çapıb gediblər. Amma eyni hadisə Birinci Dünya müharibəsi zamanı da baş verib. Bu müharibələr zamanı təkcə “Dilbaz” atları deyil, bütövlükdə, Azərbaycan atçılığı həm keyfiyyət, həm də kəmiyyət cəhətdən böyük tələfata uğrayıb.

– Konkret faktları ortaya çıxaranda bəzən bizi düzgün başa düşmür, hətta dodaq da büzənlər olur, – deyə ömrünün yarım əsrə yaxınını Xanlıqlarda müəllimlik peşəsinə həsr edən Şofiq Qədimov danışır: “İkinci dünya müharibəsində bizim neftimiz və bir də bu atlarımız olmasaydı, çətin qələbə qazanardıq, gərək bunu hamı etiraf etsin. Bayaq İbrahim kişi “Dilbaz” atların Xanlıqlardan gecə ikən kütləvi şəkildə aparılmasından ürək ağrısı ilə danışdı. O atların biri də geri qayıtmadı. Hətta, müharibədən salamat çıxanları da ətliyə verdilər. Qorbaçov ki, üzümlükləri necə məhv elədi, müharibə dövründə və ondan sonrakı illərdə də sovet hökuməti atlarımızın axırına o cür çıxdı. Halbuki, hələ XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı”.

Atçılığın inkişafında Xanlıqlar kəndinin xüsusi rolu danılmazdır. Kənd “Dilbaz” atlarının yetişdirilməsi və yayılması ilə məşhur olub. Bu kənddə “Dilbaz”lar nəslinin, eləcə də Allahyar bəy Zülqədərli və onun sülaləsinin atçılığın inkişafındakı xidmətləri hamıya məlumdur. “Dilbaz”lar nəslinin nümayəndələri 300 ildən artıq Qazax atının yetişdirilməsinə və qorunub saxlanmasına qayğı göstərmiş və ona öz adını vermişlər. Zaman keçdikcə bu adlar bir neçə dəfə dəyişib və ona müxtəlif vaxtlarda “Dəliboz”, “Diliboz”, “Dilboz”, “Dilbaz” deyiblər. 


Bu cins Qazaxda formalaşıb, bunun sübuta ehtiyacı yoxdur. Yəni seleksiya yolu ilə tarixən inkişaf edən qədim Azərbaycan cinsidir. Sonralar cins Ərəb atları ilə çarpazlaşmış, onun daha da yaxşılaşdırılması üçün Qarabağ atından da istifadə olunmuşdur. Ona görə də bəzən deyəndə ki, “təmiz “Dilbaz” atı yox”dur, məhz bu amillər nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki,Ağstafada atçılıq zavodu var, “Dilbaz” at cinsinin inkişaf etdirilməsi üçün burada iş görülür. Lakin uzun illərdir təsərrüfatda nəzərəçarpacaq bir irəliləyiş yoxdur. Gərək müəssisə ölkə Prezidentinin “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 21 avqust 2015-ci il tarixli sərəncamından lazımınca bəhrələnsin. Nə dərəcədə haqlıdırlar, deyə bilmərik, amma Xanlıqlarda söylədilər ki, Ağstafadakı zavodda əsl “Dilbaz” atları yoxdur.

“Dilbaz” atları təmiz və geniş alın, qısa baş, dar burun, ağır boyun, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Sümükləri adi atlardan qalındır. Bu atlar minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla ilxı şəraitinə dözümlülüyü ilə fərqlənir. Qazax atları saatda 7-8 kilometr yol qət edir. Ümumittifaq yarışlarında 39 dəfə iştirak ediblər və 8 dəfə birinci yerə çıxıblar.

…Vaxtilə 5-6 min “Dilbaz” atı olan Xanlıqlarda bir neçə evə getdik. Bu boyda kənddə cəmi 50-dən bir qədər çox at var ki, onlar da “Dilbaz” deyil, adi atlardır, qoşquda, yükdaşımada istifadə olunur. 

Qazax turizm üçün çox səfalı və əlverişli bir yerdir. Atla səyahətin isə əvəzi yoxdur. Vaxtilə burada Atçılıq Texnikumu olub, 1993-cü ilə kimi at idman məktəbi fəaliyyət göstərib. Əlaqədar təşkilatlar, ilk növbədə, regional mədəniyyət idarəsi at üstündə turizmin inkişafı üçün tədbirlər barədə fikirləşməlidir. Aldığımız məlumata görə, turizmin marşrut layihəsi və dəqiq xəritəsi də hazırlanıb. Lakin hələlik bir səs-soraq yoxdur. 

Böyük şairimiz Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində yazdığı “ Min qazaxdan köhlən ata...” misralarında da haqqında qısa söhbət açdığımız “Dilbaz” atlarına işarə etmişdir.

At bizim milli sərvətimiz, qürurumuz, tariximizdir. “Dilbaz” da bu tarixin bir parçasıdır, nəsildən-nəsilə ötürülən, fəxr edilən, iftixarla danışılan və artıq nəsli azalmaqda olan bir varlıqdır. Gərək onu qoruyaq, hər addımda xatırladaq, yada salaq. Elə edək ki, İbrahim kişinin söylədiyi “Ceyran” lar bir də heç vaxt ağlamasın... 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Qazax, 29 yanvar 2023-cü il, səhifə 11



Geri qayıt