Əsas Səhifə > Qazax respublika mətbuatında > Sərhəd kəndi, necə yaşayırsan?!

Sərhəd kəndi, necə yaşayırsan?!


26-01-2023, 13:53


Respublika mətbuatı Qazax haqqında

Baş redaktor “Təcili Qazaxa get, sərhəd kəndlərindəki vəziyyət haqqında reportaj hazırla”, – deyəndə gözlərim önünə ilk gələn Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli və Fərəhli kəndləri oldu. Çünki Qazaxın 13 sərhəd kəndindən yalnız beşi düşmənlə üzbəüz dayanıb, evlər daim atəş altındadır. Hətta Məzəmdə elə evlər var ki, erməninin odun peçində qaynatdığı kartofu da görür. Ona görə də elə həmin anda qərara aldım ki, sonuncu dəfə bir neçə il əvvəl olduğum, “Necəsən, sərhəd kəndi”, “Fərəhliyə gedən yol” sərlövhəli məqalələr yazdığım həmin kəndlərə gedim... 

İndi budur, bələdçim – Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Sərdar Orucovla həmin kəndlərə gedirik. Yola söz ola bilməz: asfalt, rahat, geniş. Yeri gəlmişkən qeyd edim ki, Qazaxda yol problemi, demək olar ki, tamamilə həll olunub. Elə yuxarıda adlarını çəkdiyim kəndlərə adamların yenidən üz tutması, həm də belə rahat yolların çəkilişindən sonra olub.

...Kəndin girəcəyindəki postda Sərdar müəllimin idarə etdiyi maşını saxlayırlar. Yaxınlaşanda tanıyırlar və dərhal şlaqbaumu qaldırırlar. S.Orucov deyir ki, sərhəd kəndlərinin hamısında belə postlar qurulub. Adamlarımızın təhlükəsizliyi üçündür. Hər cür təxribat, terror hadisələrin baş verməsi gözləniləndir. Düşmənin hiyləgərliyini bir an belə unuda bilmərik.

Bir azdan yol kənarındakı istinad divarları çıxır qarşımıza və uzandıqca uzanıb gedir. Bələdçim deyir ki, bu yerlərdən rahat keçmək mümkün deyildi, atəşə tuturdular. Düşmən gülləsinə tuş gələn kənd sakinlərinin sayı müharibədə həlak olan şəhidlərimizin sayından çox idi. İndi əməlli-başlı köməyi dəyir bu müdafiə hasarlarının. Sakinlərin bir çoxunun xahişi ilə erməni evlərinə yaxın evlərin də qarşısına belə divarlar çəkilib. Məzəm kəndin mərkəzində, əsasən, yaşlı insanların toplaşdığını görüb onlara yaxınlaşırıq. Tanış olub, hal-əhval tuturuq. “İşığımız, qaz yanacağımız var, sağ olsunlar, gileyimiz yoxdur. Amma bu limit məsələsi, borclarımızın silinməməsi, səsimizə səs verməmələri bizi çox narahat edir”.


Öyrənirik ki, Məzəm, eləcə də digər 4 kənd bir müddət işğalda qaldıqdan sonra qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan güzəştlər, kommunal limitləri onlara da şamil olunub. Onlar da bu güzəştlərdən lazımınca yararlanıblar. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 24 yanvar 2017-ci il tarixli qərarından sonra vəziyyət dəyişib. Buna baxmayaraq, rayon icra hakimiyyətinin təşəbbüsü, təklifi və müvafiq qurumların köməyilə 5 kənddə güzəştli limitlər yerində qalıb və bu günədək də qüvvədədir. Doğrudur, sakinlər narazılıq edirlər ki, limit ədalətli deyil, ailə üzvlərinin sayı artan zaman nəzərə almırlar, amma kimsə dünyasını dəyişən kimi həmin anda limiti azaldırlar və sair.

Lakin burada bəzi məqamları nəzərə almaq lazımdır. Əslində, bir sıra nazirliklərin, komitələrin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, “Azərsu” və “Azərişıq” ASC-lərin rəhbərləri belə vacib məsələləri, heç olmasa bircə dəfə özləri həmin kəndlərin sakinləri ilə müzakirə etsələr, belə narazılıqlara, giley-güzarlara da yer qalmaz. Sərhəd kəndlərində yaşayanların yanına getmək lazımdır. Əvvəla, beşinci, onuncu statusa malik işçiləri o yerlərə ezam etməklə məsələ həll olunmur. İkincisi, onların bir çox məsələlərə müdaxiləsi və qərar qəbul etməsi, sadəcə olaraq, mümkün deyil. Məsələn, Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərindəki evlərə yeni elektrik smart kart sayğaclar quraşdırılmışdır. Lakin abonentlərin elektrik sayğaclarının abonent kodlarında əvvəlki illərdə yazılmış köhnə borclar qalmışdır. Bir ildir ki, Qərb Regional Enerji Təchizatı və Satış İdarəsinə məlumat verilməsinə baxmayaraq, vəziyyət elə əvvəlki kimi qalmaqdadır. Ən yaxşı halda, kefləri istəyəni siliblər, istəmədiklərinə hansı rəqəmi düşünüblərsə, elə onu da borc kimi yazıblar.

Quşçu Ayrımda kənd sakinləri ilə görüşərkən də hiss etdik ki, bu məsələdə anlaşılmazlıq hökm sürür, konkret bir sistem yoxdur. Kənd sakini Əvəz Ağamalıyevin bacısı şəhid olub. Guya, bunu nəzərə alıb üstünə yazdıqları 5 min manat borcun yarısını siliblər, yarısı yenə qalır. Qəribədir, bu borclar nədən yaranır, nə bilən var, nə də axırına çıxan. Yaranmış acınacaqlı vəziyyətlə, qanunsuzluqlarla bağlı bir neçə il qabaq Respublika Prokurorluğuna, digər müvafiq qurumlara rayon icra hakimiyyəti müraciət edib. Hələ ki, konkret nəticə yoxdur və narazılıqlar da səngimir. Məzəm kənd sakinləri Qədir Süleymanov, Süleyman Süleymanov dedilər ki, “bəzən ölünün də adına borc yazırlar”. Quşçu Ayrım kəndinin sakini dedi ki, on nəfər ailə üzvüm olmasına baxmayaraq, çox cüzi limit veriblər və üstümə 2068 manat borc yazılıb.

...Quşçu Ayrım kəndi Qazançı dağının ətəyində yerləşir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd olub. Onları bir-birindən fərqləndirmək üçün Quşçu kəndinin yaxınlığında olanı Quşçu Ayrım, digəri isə Bağanıs kəndi yaxınlığında olduğu üçün Bağanıs Ayrım adlandırılıb.


Quşçu Ayrım indi tək-tənha qalıb. Çünki kəndin qonşuluğunda olan Bağanıs Ayrım 1990-cı il martın 23-dən 24-nə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-də ermənilər tərəfindən işğal edilmişdir. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qəddarcasına divan tutulmuş və nəticədə 10 nəfər öldürülmüş, 15 nəfər isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunmuş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyanberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etmək üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdir. Kənd işğal olunan zaman burada 600 nəfər yaşayırdı. Sonralar qonşuluqda olan Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı kəndləri də işğal olundu. Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan bu kəndlərin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. Bu kəndlərdən məcburən köçən insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar. İndi Qazaxda hamı ermənilərin həmin kəndləri tezliklə təhvil verəcəyi günü səbirsizliklə gözləyir.

…Çalışdım ki, Quşçu Ayrım sakinlərini diqqətlə dinləyəm, təkliflərini eşidəm. Kənd sakini Çingiz Əsgərov dedi ki, Quşçu Ayrımda torpaq islahatı getməyib, adamların bu günədək pay torpaqları yoxdur ki, əkib becərsinlər. Kəndin relyefi də elədir ki, heç həyətyanı sahədən də istifadə etmək olmur, hər yer dağ-dərə, çınqıllıq, qayalıqdır. İçməli su sarıdan da korluq çəkirik. Bəzən su gətirmək üçün yuxarı qalxmalı oluruq. Amma çox təhlükəlidir, atəşə tuta bilərlər. Təsadüfi deyil ki, kəndin 19 şəhidindən 14-ü mülki şəxslərdir...

Qeyd edək ki, kənddən bir qədər aralıda “Şövtəlilik” deyilən yer var. Qonşu məzəmlilər orada əkin-biçinlə məşğul olurlar. Quşçu Ayrımın icra nümayəndəsi Amil Alıyevdən məsələnin həllinin niyə bu qədər uzadılmasını soruşduqda dedi: – Mən demişəm ki, siz də gedin orada əkin, getmirlər. Deyirlər ki, iki kənd arasına dava düşər, bu yerləri siz müəyyənləşdirməlisiniz, kim harada əkə bilər. Doğrusu, icra nümayəndəsinin sadəlövhlüyünə bir qədər təəccüb etdim. Dedim ki, kəndinizin adamları haqlıdır, hər bir iş qayda-qanun çərçivəsində, rəsmi olmalıdır.

... Rayon mərkəzindən 14 kilometr aralıda yerləşən Bala Cəfərli kəndinə çatırıq. Sərdar müəllim maşını təzə tikilmiş birmərtəbəli məktəb binasının yaxınlığında saxlayır. Buradan erməni postları açıq-aydın görünür. Sanki əl uzatsan çatar. Mənfur qonşuların yaşadıqları Lələ kəndi, işğal olunmuş Barxudarlı, Sofulu Cəfərlinin ətrafında yerləşən kəndlərdir. Məlumat üçün bildirək ki, Cəfərli Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Ağstafa çayının üzərində salınmış su anbarı kəndi iki yerə böldüyündən ərazi Böyük Cəfərli və Bala Cəfərli kəndləri kimi adlandırılır. Bala Cəfərli balaca bir kənddir. Burada cəmi 36 ev var və onun da yalnız 25-də yaşayış var. Kənd daim atəş altında olduğundan adamlar uzun müddət əkin-biçinlə məşğul ola bilməyiblər. Amma indi vəziyyət tamam dəyişib. Cəfərli və Bala Cəfərli kəndlərinin icra nümayəndəsi Nizami Allahverdiyev dedi ki, hər iki kənddə 1306 nəfər qeydiyyatda olsa da, hazırda 800 nəfər yaşayır. Kəndə qayıdan, hətta təzə ev tikdirənlər də var.

– Üç oğlu Bakıda yaşayan Solmaz Mustafayeva kürsülü, qəşəng bir ev tikdirib – deyə icra nümayəndəsi bildirir.

– Məhər Mahmudov da bu yaxınlarda atasının evinin yanında tikdirdiyi təzə evə köçüb… 

Adlarını çəkdiyimiz kəndlərdə olan problemlər digər sərhəd kəndlərində olmasa da, onların da, necə deyərlər, öz dərdi-səri var. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamı ilə Daş Salahlı kəndinə 3540 metr uzunluğunda içməli su xətti çəkilmişdir və buna görə kənd əhalisi ölkə rəhbərliyinə hər zaman hədsiz minnətdarlığını bildirir. Bu kənd rayonun ən böyük yaşayış məntəqəsidir, 10 min nəfərdən çox əhalisi var. Lakin əhalinin bir hissəsi su ilə hələ də təmin olunmayıb. Yaxud Birinci Şıxlı kəndinin 4000 nəfərə yaxın əhalisi olmasına baxmayaraq, kəndin içməli su xətti yoxdur. Yeri gəlmişkən, sərhəd kəndi olan Birinci Şıxlı kəndində cəmi on-on iki il qabaq istifadəyə verilmiş 640 yerlik “müasir” məktəb binası çökür. Hələlik əlaqədar qurumların nə səsi çıxır, nə də konkret tədbir görülür. Sərhəd kəndlərində yerləşən məktəbəqədər təhsil müəssisələrinin də öz problemləri var. Doğrudur, 25 körpələr evi-uşaq bağçasından 21-nin maddi-texniki bazası möhkəmləndirilib, əsaslı təmir olunub, lazımi şərait yaradılıb. Amma, bütövlükdə, 14 yaşayış məntəqəsində məktəbəqədər təhsil müəssisəsi mövcud deyil ki, bunların da 4-ü bilavasitə sərhəd kəndlərinə aiddir. Cəfərli kəndində olarkən cəmi 15 uşağı olan bağçaya baş çəkdik. Düzü, yaradılan şərait, yeməklərin keyfiyyəti və çeşidi bizi heyran etdi. Dedilər bir neçə il qabaq rayon icra hakimiyyətinin köməyilə bu səviyyəyə çatdırılıb. İndi də həmin səliqə-sahmanı, nizam-intizamı saxlayırlar.

…Qazax elə bir rayondur ki, ora biganə qalmaq olmaz. Təkcə ona görə yox ki, Ermənistanla 168 kilometr sərhədi olduğuna görə hamının diqqəti Qazaxa yönəlməlidir. Yox, əlbəttə. Həm də ona görə ki, bu ölkəmizin “Qərb qapısı”dır. Onu açan Azərbaycan haqqında ilk təəssüratını alır. Gərək çalışaq ki, bu təəssürat həmişə ürəkaçan olsun.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri, Qazax

26  yanvar 2023-cü il, səhifə 10



Geri qayıt