Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda məktəb-lisey üçün yeni bina tikilir

Qazaxda məktəb-lisey üçün yeni bina tikilir


4-12-2022, 10:58

Respublika mətbuatı Qazax haqqında


"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda  Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikintisi nəzərdə tutulmuşdur.  

Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagirdlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagirdlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagirdlik yeni binanın tikintisi, həmçinin ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının bərpa olunması rayonda təhsil sahəsinə olan yüksək dövlət diqqətinin əyani nümunəsidir.

Bu yaxınlarda isə Qazaxda daha bir təhsil ocağı üçün yeni binanın inşasına başlanmışdır. Prezidentin sərəncamı ilə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə 700 şagirdlik məktəb-liseyi üçün tikilən yeni binada işlər sürətlə gedir.

Yeni bina 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 2 korpus 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarətdir. Kompleksdə geniş, işıqlı sinif, eləcə də kimya, fizika, biologiya laboratoriya və kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunur. İnşaat işləri çərçivəsində məktəbin qarşısında Mehdi Hüseynin büstü qoyulmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan"

4 dekabr 2022-ci il, səhifə 6



Geri qayıt