Əsas Səhifə > Qazax respublika mətbuatında > Park şəhidin adını daşıyacaq

Park şəhidin adını daşıyacaq


16-09-2022, 08:58

Respublika mətbuatı Qazax haqqında


Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur. Bütün şəhidlərimiz kimi, qəhrəman gizirin də adı rayon ictimaiyyəti tərəfindən həmişə hörmətlə çəkilir. 

Bu günlərdə igid Azərbaycan oğlunun adının əbədiləşdirilməsi üçün irəli sürülən təklif müsbət qarşılanmışdır. Şəhidin vaxtilə yaşadığı Qazaxın Ürkməzli kəndində onun büstü qoyulmaqla xatirəsini əbədiləşdirən park salınacaq.

İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ürkməzli kəndində olmuş, şəhidin ailə üzvləri ilə görüşmüşdür.

Söhbət zamanı o, Anar kimi qəhrəman, cəsur oğullarımızın daim qəlblərdə yaşayacağını diqqətə çatdırmış, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin daim əziz tutulacağını qeyd etmişdir.
Sonra şəhidin anası Məlahət Nağıyeva çıxış edərək Anarın adını daşıyacaq parkın yaradılmasını, büstünün qoyulmasını onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirmişdir. Yaradılacaq parkdan istifadə edən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini bildirmiş, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində böyük töhfə olacağını diqqətə çatdırmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

16 sentyabr 2022-ci il



Geri qayıt