Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxın kənd təsərrüfatı potensialı böyükdür

Qazaxın kənd təsərrüfatı potensialı böyükdür


10-08-2022, 16:26


Respublika mətbuatı Qazax haqqında

Respublika iqtisadiyyatında neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasətdə prioritet təşkil edir. Ölkəyə ərzaq məhsullarının idxalını minimuma endirmək, ixrac potensialını artırmaq istiqamətində görülən tədbirlər öz bəhrəsini verir. İndi aqrar sektorun inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublikanın Qərb qapısı sayılan, son illərdə bütün sahələrdə ürəkaçan nailiyyətlərin əldə olunduğu Qazax rayonunda əkinəyararlı torpaqlardan maksimum dərəcədə istifadə olunur. Rayon rəhbərliyinin səyi nəticəsində, eləcə də dövlətin dəstəyi ilə suvarma altında olan torpaqların su ilə təmin olunması üçün mövcud olan problemlər aradan qaldırılır. Elə bunun nəticəsidir ki, qazaxlı əmək adamları əzmlə çalışır və çəkdiyi zəhmətin bəhrəsini görürlər.

Aqrar sahənin bütün sektorunda məhsuldarlığın ilbəil artması müşahidə olunur. Məlumdur ki, hazırda bütün dünyanı narahat edən məsələ ərzaqla, o cümlədən taxıl məhsulları ilə təminatda olan problemlərdir. Sevindirici haldır ki, göstərilən yüksək aqrotexniki qulluq nəticəsində rayonda cari təsərrüfat ilində taxılçılıqda gözlənildiyindən artıq məhsul əldə olunmuşdur.

2022-ci ilin məhsulu üçün ötən ilin payızında 11312 hektar, 2022-ci ilin yazında 52,2 hektar olmaqla cəmi 11364,2 hektar taxıl səpilmişdir ki, bunun da 4876,6 hektarı buğda, 6487,6 hektarı arpa sahəsidir. Biçilmiş taxıl sahəsindən 39577,3 ton məhsul götürülmüşdür, hektara 34,8 sentner təşkil etmişdir. 4876,6 hektar biçilmiş buğda sahəsindən 18774,9 ton buğda götürülmüş, məhsuldarlıq 38,5 sentner təşkil etmişdir. 6487,6 hektar biçilmiş arpa sahəsindən 20802,4 ton arpa götürülmüş, məhsuldarlıq 32,1 sentner təşkil etmişdir.

Ümumilikdə taxıl biçininə rayonda 57 kombayn cəlb olunmuşdur. Onlardan 9 ədədi "Aqroservis" xətti ilə, 20 ədədi fiziki və hüquqi şəxslər tərəfindən, 28 ədədi isə başqa rayonlardan dislokasiya olunmuş texnikalardır. Taxıl biçinindən əvvəl yanğın hallarının baş verməməsi üçün risklərin aradan qaldırılması istiqamətində fermerlərlə maarifləndirmə işi aparılmış, həmçinin, taxıl sahəsində yanğın təhlükəsizliyi tədbirləri diqqətdə saxlanılmışdır. Texniki təhlükəsizlik qaydalarına əməl olunmuş və heç bir yanğın hadisəsi baş verməmişdir.

Bundan başqa, 2022-ci ilin məhsulu üçün 1270 hektar kartof, 90 hektar vələmir, 474 hektar qarğıdalı, 71 hektar sorqo, 16 hektar noxud, 180 hektar lobya, 4782 hektar yonca, 44 hektar günəbaxan, 20 hektar sarımsaq, 27 hektar soğan, 126 hektar xiyar, 222 hektar pomidor və başqa bitkilər becərilmiş, yüksək məhsuldarlıq əldə olunmuşdur.

Qazaxda bağçılığın inkişafına da xüsusi diqqət göstərilir. 1656.4 hektar meyvə bağı, 284,7 hektar üzüm bağı becərilir. Gəlirli sahə olan fındıqçılığın inkişafı da daim diqqətdə saxlanılır. Məlumdur ki, Türkiyə və İtaliyadan sonra dünya fındıq istehsalında Azərbaycanın özünəməxsus yeri var. Hazırda Qazaxda 399.8 hektar fındıq bağına yüksək aqrotexniki qulluq göstərilir. Bundan 300 hektarı bar verən bağlardır. Fındıq bağlarının ərazisi ilbəil genişləndirilir.

2022-ci ilin birinci yarısında 63,6 hektar ərik bağından 871,3 ton ərik (məhsuldarlıq hər hektardan 137 sentner), 55.8 hektar albalı bağından 569.46 ton albalı (məhsuldarlıq 102 sentner), 42,6 hektar alça bağından 413.2 ton alça (məhsuldarlıq 96 sentner) 85.3 hektar gilas bağından 1068.7 ton gilas (məhsuldarlıq 125 sentner) olmaqla məhsul istehsalı başa çatmışdır. Hazırda lobya, bibər, xiyar, badımcan, pomidor, göyərti, alma, armud, giləmeyvələr və yonca məhsullarının yığımı davam edir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanına əsasən kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları qəbul edilmişdir. Buna görə də hər bir kənd təsərrüfatı məhsullarının istehsalçıları subsidiya almaqları üçün "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçərək, öz əkinlərini bəyan edirlər. 2022-ci ilin altı ayı ərzində EKTİS-də 8940 nəfər fermer tərəfindən 16000 hektar əkin sahəsinin bəyanı verilmişdir. Əkin sahələri üçün 2806985 manat subsidiya ödənilmişdir. Yazlıq və çoxillik əkinlərə görə subsidiya ödənişi davam edir.

"Aqroservis" ASC-nin Qazax rayon bölməsi tərəfindən rayonda fəaliyyət göstərən fermerlərə aqrokartlar vasitəsilə ödəniş edilməklə 268.9 ton gübrə verilmişdir ki, bundan 725 tonu ammonium nitrat, 0.7 tonu ammofos, 16.7 tonu ammonium sulfat, 179 ton karbomit gübrələridir. Həmçinin 1941 litr pestisit satılmışdır.

Qazax Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzi tərəfindən 12553,5 hektar ərazidə müşahidələr aparılmışdır. 6210,39 hektar sahədə sirayətlənmə olmuşdur. Sirayətlənmiş sahələrdə təsərrüfat subyekti hesabına 225,98 hektar mexaniki, 2980,23 hektarda kimyəvi, 2636,09 hektar sahədə büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılmışdır.

Respublikada ipəkçiliyin inkişaf etdirilməsi üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Qazax rayonunda da baramaçılığın inkişafı üçün kümçülərə lazımi köməkliklər göstərilir. Bu il may ayında rayonda 75 qutu ipəkqurdu toxumundan 21 nəfər kümçü tərəfindən 3159 kiloqram yaş barama istehsal edilmişdir.

Aqrar sahə məhsullarının becərilməsi üçün rayon ərazisində kifayət qədər kənd təsərrüfatı texnikaları mövcuddur.

Son üç ildə arıçılığın inkişafına daha çox diqqət yetirilir. Bu ilin aprel ayında rayonda 607 nəfərə məxsus 10131 arı ailəsi subsidiya alınması üçün EKTİS-də qeydiyyatdan keçirilmişdir. Bu da ötən illə müqayisədə 70 nəfər arıçının və ya 1515 arı ailəsinin çox olması deməkdir.

Heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. İribuynuzlu heyvanlarda süni mayalanma aparılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ilin altı ayı ərzində 187 baş iribuynuzlu heyvanlarda (İBH) süni mayalanma aparılmış, 60 başın cins tərkibi dəyişdirilmiş, sağlam bala alınmışdır. Həmin balalara görə subsidiyanın alınması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) qeydiyyatı aparılmış və təsdiq edilmişdir. Hər bir sağlam buzova görə 100 AZN olmaqla 6 min AZN subsidiya hesablanmışdır.

Rayonda İBH-lər 30221 baş, onlardan ana inək və camışlar 16188 baş, qoyun və keçilərin sayı 129887 baş olmuşdur.

Qazaxda epizootik vəziyyət daim nəzarətdə saxlanılır. Cari ildə 23788 baş iribuynuzlu, 38428 baş xırdabuynuzlu heyvanlar Dabaq, 16024 baş iribuynuzlu, 48333 baş xırdabuynuzlu, 967 baş təkdırnaqlı heyvanlar Qarayara xəstəliyinə qarşı, 1265 baş həyət itləri Quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.

Aparılmış baytarlıq tədbirləri nəticəsində rayon ərazisində kənd təsərrüfatı heyvanları arasında heç bir təhlükəli yoluxucu xəstəlik qeydə alınmamışdır.

Göründüyü kimi, Qazaxda aqrar sahənin potensialı böyükdür və o indi özünün əsl inkişaf dövrünü yaşayır.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

10 avqust 2022-ci il



Geri qayıt