Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda hər hektardan 40-45 ton kartof götürülür
Qazaxda hər hektardan 40-45 ton kartof götürülür30-08-2017, 11:00 |
Qazax rayonunda kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluğun inkişafına da ciddi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə uğurlu göstəricilərə nail olunur.
Keçən il qazanılan yüksək nəticələrdən ruhlanan rayon sakinləri bu il əkin sahələrinin həcmini 376 hektar genişləndirərək 809 hektara çatdırmışlar. Vaxtında şumlama aparılmış, sahələrə lazımi qədər gübrə verilmişdir. Nəticədə sahələrdə bol məhsul yetişmişdir. Artıq rayonda kartof yığımına başlanılmışdır. İlkin göstıricilər ürəkaçandır. Hər hektardan 40-45 ton məhsul götürülür. Kartof yığımına 1000 nəfərədək insan cəlb edilmişdir. Məhsulun satışında da problem yaşanmır. Elə fermerlər var ki, yığılmış kartofun hər kiloqramını sahədə 27-30 qəpiyə satırlar. Qeyd edək ki, kartofun yetişmə dövründə havaların əlverişsiz keçməsi bu rayonda da çətinliklər yaratmışdı. Hətta bəzi dağ kəndlərinə dolu düşməsi kartof əkini ilə məşğul olan fermerləri, eləcə də kənd sakinlərini narahat edirdi. Lakin vaxtında görülən qabaqlayıcı tədbirlər kartof istehsalçılarını bu çətinlikdən azad etdi. Nəticədə çəkilən əziyyət yerdə qalmadı. Rayonda kartof yığımının vəziyyəti ilə tanış olmaq üçün yolumuzu Dəmirçilər kəndinə saldıq. Qeyd edək ki, bu kənd erməni silahlı qüvvələrinin mövqeləri ilə üzbəüz yerləşir. Buna baxmayaraq, kənddə iş bulaq kimi qaynayır. Hamı əkin-biçinlə, yetişdirilmiş kənd təsərrüfatı məhsullarının yığımı ilə məşğuldur. Böyük bir sahədə çox sayda insanın kartof çıxardığını görüb onlara yaxınlaşdıq. Öyrəndik ki, bura "Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının kartof sahələridir. Təsərrüfatın direktor müavini Anar Yusibov dedi ki, "Birinci Şıxlı” yarandığı bir il müddətində böyük uğurlara imza atıb. Taxıl sahələrindən yüksək məhsuldarlıq əldə edən kollektiv hazırda kartof yığımı ilə məşğuldur. Məhsuldarlıq çox yüksəkdir. Hazırda sahələrdən "Marabel” sortlu kartof yığılır. Hələlik hər hektardan 45 tona yaxın məhsul götürülür. Gələcəkdə kartof sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulub. Ölkə rəhbərinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin yeni iş yerlərinin yaradılması, ixracın artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin reallaşdırılması üçün bütün imkanlardan səmərəli istifadə olunur. Qeyd edək ki, "Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı Dəmirçilər kəndində 52 hektarda kartof əkmişdir. Gün ərzində kartof yığımı ilə 150-200 nəfər məşğul olur. Hər bir işçinin aylıq əməkhaqqı 300-400 manat arası dəyişir. Elə ailə var ki, 2-3 nəfər üzvü bu təsərrüfatda çalışır. Bu da aylıq gəlirin 1000 manat olması deməkdir. Hətta burada digər kəndlərdən gəlib günəmuzd işləyənlər də var. Onların əməkhaqqı gündəlik ödənilir. Bir gündə 180-200 ton kartof tədarük olunur. Çıxarılan kartof keyfiyyətli olduğundan alıcısı da çoxdur. Demək olar hər gün çıxarılan kartof elə sahədən 28 qəpiyə tədarükçülərə satılır. Təsərrüfat digər kəndlərdə - I Şıxlı kəndində 50 hektar, Cəfərli kəndində isə 47 hektar kartof əkib. Bir neçə gündən sonra həmin kəndlərdə də kartof yığımına başlanacaq. Gələn il təsərrüfatda "Çipsi” kartof sortunun əkilməsi də planlaşdırılmışdır. Həmin vaxtadək təsərrüfatda "Çipsi” istehsalı üçün müəssisənin yaradılması nəzərdə tutulmuşdur. Söhbət zamanı direktor müavini onu da əlavə etdi ki, uğurların çox olmasının bir səbəbi kollektivdə hər kəsin işə məsuliyyətlə yanaşmasıdırsa, digər səbəbi təsərrüfatımızın açılışında iştirak edən Prezident İlham Əliyevin xeyir-dua verməsidir. Həmin tədbir zamanı kollektiv üzvləri ilə keçirdiyi görüşdə dövlət başçısı yaxın bir neçə ildə bu təsərrüfatın böyük nailiyyətlər qazanacağına əminlik ifadə etdi. Biz də işin yüksək səmərəliliyini təmin etmək üçün əlimizdən gələni əsirgəmirik. Kartof yığımında təsərrüfat yaranandan briqadir işləyən Bayram Abdullayev, suçu Zaməddin Xəlilov, traktorçu Nahid Tanrıverdiyev xüsusilə fərqlənirlər. Qeyd edək ki, "Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayından başlanılıb və həmin ilin oktyabr ayında fəaliyyətə başlayıb. Təsərrüfatın ümumi sahəsi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar tikilib, həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi də yaradılıb, 20-dək müxtəlif növ maşın-mexanizm alınıb. Təsərrüfatın məhsulları ilk növbədə daxili bazar üçün nəzərdə tutulmuşdur. Sahələri gəzərkən Dəmirçilər kənd icra nümayəndəsi Gülnaz Mahmudova ilə rastlaşdıq. Dedilər ki, icra nümayəndəsi hər gün kartof sahələrinə gəlib işin gedişi ilə maraqlanır. Lazım gəldikdə kömək də göstərir. Söhbət zamanı Gülnaz Mahmudova dedi ki, əvvəllər kənd sakinləri arasında işsizlik problemi var idi. "Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı əkin-səpin işlərinə başlayandan bu problem, demək olar, aradan qalxıb. Kənd sakinləri həvəslə əkin sahələrinə çıxır, gündəlik əməkhaqlarını alırlar. Bundan başqa, özləri də əkin-biçinlə məşğul olur, pay torpaqlarının 8 hektarında kartof, 60 hektarında çuğundur əkiblər. Çuğundur sahələrində becərmə işlərini yerinə yetirən kənd sakinləri yaxın günlərdə kartof yığmağa da başlayacaqlar. Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti 30 avqust 2017-ci il Geri qayıt |