Əsas Səhifə > Qazax respublika mətbuatında > Səhiyyənin inkişafı diqqət mərkəzində

Səhiyyənin inkişafı diqqət mərkəzində


20-08-2017, 14:10
Səhiyyənin inkişafı diqqət mərkəzində
Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda irimiqyaslı infrastruktur layihələrin icrası ardıcıl həyata keçirilir. Ən ucqar yaşayış məntəqələrində də yeni mədəniyyət, təhsil, səhiyyə obyektlərinin inşa olunaraq istifadəyə verilməsi ənənə halını almışdır. Bu günlərdə paytaxt Bakıdan ən uzaq məsafədə, respublikanın qərb bölgəsində, hazırda yüksək inkişaf tempinə malik olan cəbhə bölgəsində yerləşən Qazax rayonunda səhiyyənin vəziyyəti ilə maraqlandıq. İnşası 2008-ci ildə başa çatdırılmış Qazax Müalicə Diaqnostika Mərkəzinə üz tutduq.
Bina müasir üslubda tikilmiş, ətrafı ağac, gül kolları və yaşıllıqlarla əhatə olunmuşdur. Diaqnostika mərkəzinə daxil olduqda ideal təmizliyin şahidi olduq.
Bizi Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov qarşıladı. Kamandar İbrahimov 2009-cu ildən müəssisəyə rəhbərlik edir. Baş həkim qeyd etdi ki, Qazax Müalicə Diaqnostika Mərkəzi dövlətin qazaxlılara, eləcə də respublikanın qərb regionunda yaşayan insanlara verdiyi böyük töhfədir.
Diaqnostika mərkəzi müasir standartlara cavab verən, lazımi tibbi avadanlıq və digər zəruri əşyalarla tam təchiz olunmuş bir tibb müəssisəsidir. Burada hemodializ, cərrahiyyə, konsultativ poliklinika, şüa-diaqnostika, reanimasiya və qəbul şöbələri fəaliyyət göstərir. Hazırda hemodializ şöbəsində 75 nəfər xəstə müalicə alır. Cərrahiyyə şöbəsi 20 çarpayılıq, reanimasiya şöbəsi isə 6 çarpayılıqdır. Şüa diaqnostika şöbəsində kompyuter tomoqrafiya və müasir rentgen aparatı, ultrasəs müayinəsi (USM) aparılır. Tibb müəssisəsində müasir standartlara cavab verən laboratoriya, EXO kardioqrafiya kabineti də istifadəyə verilib. Bina mərkəzləşdirilmiş istilik və soyutma sistemi ilə təmin olunmuşdur. Burada 39 nəfəri ali təhsilli olmaqla 227 nəfər tibb işçisi xəstələrə yüksək və nümunəvi xidmət göstərirlər.
K.İbrahimov onu da qeyd etdi ki, diaqnostika mərkəzinə tək Qazax rayonunun deyil, digər qonşu rayonların sakinləri, eləcə də Gürcüstan Respublikasında yaşayan həmyerlilərimiz də müraciət edirlər.
Cari ilin birinci yarısında diaqnostika mərkəzində 13853 nəfər ambulator müalicə, 60689 laborator müayinə üçün müraciət etmiş, 540 nəfər xəstə cərrahiyyə şöbəsinə daxil olmuşdur. Bunlardan 415 xəstə üzərində cərrahi əməliyyat aparılaraq uğurlu nəticə əldə olunmuşdur. Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə isə 430 nəfər xəstə daxil olmuş, 909 çarpayı günü keçirilmişdir. Bu ilin 6 ayı ərzində hemodializ şöbəsinə 15 nəfər xəstə daxil olub. Xəstələr üzərində 4052 hemodializ seansı aparılıb.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən hər il vətəndaşların pulsuz tibbi müayinəyə cəlb olunması uğurla həyata keçirilmişdir.
Bu ilin əvvəlindən profilaktik müayinələrə başlanılmış, bu günə qədər 9339 nəfər müayinədən keçmişdir. Onlardan 767 nəfərdə ilkin xəstəlik aşkarlanmış, 72 nəfər ixtisaslaşmış müayinələrə, 120 nəfər stasionar müalicəyə, 575 nəfər isə ambulator müalicəyə cəlb olunmuşdur.
Qeyd etmək lazımdır ki, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun bütün sahələrdə olduğu kimi səhiyyə işçilərinə də diqqət və qayğısı daim hiss olunur. Məhz icra başçısının tapşırığı ilə əhalinin müayinədən keçirilməsi mütəşəkkil qaydada həyata keçirilmişdir.
Söhbətin sonunda Kamandar İbrahimov bildirdi ki, Qazax diaqnostika mərkəzinin tibbi personalı Hippokrat andına sadiq qalaraq və dövlətimizin səhiyyə işçilərinə göstərdiyi sonsuz diqqət və qayğıdan ruhlanaraq insanlara daha yüksək səviyyədə tibbi xidmət göstərməyi qarşılarına məqsəd qoymuşlar.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
20 avqust 2017-ci il


Geri qayıt