Əsas Səhifə > Qazax respublika mətbuatında > Gündən-günə gözəlləşən Qazax

Gündən-günə gözəlləşən Qazax


16-07-2017, 15:47
Gündən-günə gözəlləşən Qazax
Respublikamızın qərb qapısı, düşmənlə üz-üzə məğrur dayanan, Qazax günbəgün öz simasını dəyişir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayona investisiya qoyuluşları üçün iş adamlarının cəlb olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, aqrar sahənin və sənayenin inkişafı, eyni zamanda turizm sektorunun müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində durmadan məqsədyönlü işlər həyata keçirilir. Qazaxda iqtisadi və sosial sahələrin inkişafı, yeni iş yerlərinin açılması, vətəndaş-məmur münasibətlərindəki bürokratik əngəllərin aradan qaldırılması, rayondakı hərtərəfli yenidənqurma və quruculuq hər bir qazaxlının ürəyincədir. Hər bir sakin göstərilən dövlət qayğısından olduqca məmnundur. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Qazaxa tamamilə yeni görkəm bəxş edir.
Qazax öz yetişdirdiyi nüfuzlu ictimai xadimləri, yazıçı və şairləri, hərbçiləri, dövlət xadimləri, saz-söz sənətində özünəməxsusluğu ilə ölkəmizdə adı ön sıralarda çəkilən bir mahal olmuşdur. Bu gün Qazax yetirmələri olan məşhurların xatirəsi rayonda əziz tutulur. Bu isə onsuz da öz əməlləri ilə qazaxlıların sevimlisinə çevrilmiş rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu sakinlərin gözündə bir qədər də ucaldır. Qazax şəhərində qısa müddət ərzində görülmüş işlərlə tanış olmaq üçün rayona yollandıq.
Küçə və parklarda, xiyabanlarda quruculuq işləri milli ornamentlər qorunmaqla, müasir üslubda sürətlə davam etdirilir. Gürcüstanla sərhəddə "Sınıq Körpü” sərhəd buraxılış məntəqəsi önündəki yolun ətrafında aparılan irimiqyaslı abadlıq işləri də bu sıradandır. Hər kəsə məlumdur ki, ölkəmizə Qərb qapısından daxil olan və ya yola düşən hər bir insan buradan keçməli olur. Buraxılış məntəqəsi önündəki yaşıllaşdırma və abadlıq işləri həmin insanlarda xoş təəssürat yaradır. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Belə ki, təxminən 6 min kvadratmetr ərazini əhatə edən yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında 380 metr dekorativ tor çəkilib, 200-dən çox həmişəyaşıl kol əkilib. Bundan başqa, ərazinin 400 kvadratmetrdən çox hissəsinə tamet döşənib, sərnişinlər üçün dayanacaq düzəldilib. Ölçüsü təxminən 75 kvadratmetr olan çardaqda dam örtüyü yenilənərək polikarbonat materialdan hazırlıanmış örtüklə əvəzlənib. 290 kvadratmetr əraziyə asfalt vurulub. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin 21 yerə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. 500 metr taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.
Sözün əsl mənasında burada görülən işlər insanı heyrətə gətirir. Uzun illər baxımsız qalmış və insanların haqlı narazılığına səbəb olmuş bir çox həlli vacib məsələlərin köklü şəkildə həllinə nail olunmuşdur. Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin 12 min kvadratmetr dam örtüyü dəyişdirilərək müasir üslubda yenidən qurulmuşdur. 300 kvadratmetrə yaxın hasar hörülmüş, evlərin fasad hissələrində və hasarlarda 5 min kvadratmetr ərazidə suvaq işləri aparılmış, 30 min kvadratmetr rənglənmə işləri aparılmışdır. Mərkəzi küçələrdə yeni bəzəkli işıq dirəkləri quraşdırılımışdır. Məhəllələrə yeni giriş qapıları qoyulmuş, bir hissəsi isə yenidən təmir olunaraq yeni formada rənglənmişdir ki, bu da, şəhərə xüsusi gözəllik verir. Rayonun girişində geniş ərazidə tez bir müddətdə yüksək peşəkarlıqla yenidənqurma və abadlıq işləri başa çatdırılmışdır. Giriş hissədəki hasarlar müasir görkəmdə bəzədilmiş, səkilərin kənarlarına qazon otu və bəzəkli həmişəyaşıl ağaclar, gül kolları əkilmişdir. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, əvvəllər yöndəmsiz formada olan at heykəlinin yerində 7 metr hündürlüyü olan postamentin üzərinə Qazax mahalına məsus məşhur "Dilbaz” at cinsinin möhtəşəm heykəli qurulmuşdur. Qazaxa gələn qonaqlar ayaq saxlayaraq bu abidənin gözəlliyinə tamaşa edirlər. Şəhərin bayraq meydanında, Nəriman Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, şəhərin ünvanını bildirən "Obeliskdə” və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır. Bu ərazi qazaxlıların sevimli məkanına çevrilmişdir.
Gündən-günə gözəlləşən Qazax
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir-bərpa işləri nəzərdə tutulmuş, 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Bundan başqa vətəndaşların müraciəti nəzərə alınaraq əlavə 15 çoxmənzilli binanın təmiri işləri davam etdirilir.
Mərkəzi rayon Xəstəxanasının 145 çarpayılıq binasının tikintisinə bir neçə il öncə başlanmasına baxmayaraq, inşaat işləri dayandırılmışdı. Hazırda xəstəxananın tikintisi sürətlə davam etdirilir. Qazax şəhəri Heydər Əliyev prospektində və başqa küçələrdə 6990 paqonmetr yeni bardür düzülmüş, 4272 kvadratmetr əraziyə tamet döşənmiş, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü döşənmiş və bu istiqamətdə işlər durmadan davam etdirilir. Şəhərin görməli yerlərində şəhidlərin xatirəsinə 4 yeni bulaq kompleksi tikilib istifadəyə verilmiş, 3 bulaq isə yenidən qurularaq müasir görkəmə salınmışdır.
Sakinlərin rahat gediş-gəlişi üçün şəhərdə 25 kilometr, kənd yaşayış məhəllələrində isə 200 kilometr uzunluğunda məhəllədaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam etdirilir.
Gündən-günə gözəlləşən Qazax
Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında da irimiqyaslı yenidənqurma işləri aparılmışdır. Parkın 4443 kvadratmetr sahəsinə tamet döşənmiş, 1650 paqonmetr yeni bardürlər düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuşdur ki, bu da, gecələr parka füsunkar gözəllik bəxş edir. Köhnə oturacaqlar yenisi ilə əvəz olunmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Qazaxın görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restovrasiya olunaraq müasir görkəmə salınmışdır. Parkda quraşdırılmış fəvvarələr parka xüsusi gözəllik verir və sakinlərin normal istirahətini təmin edir.
Şəhərdəki Ədəbiyyat muzeyində təmir, Məhəmmədəli Pəhləvan adına güləş zalında isə əsaslı təmir işləri müasir standartlara cavab verən formada başa çatdırılaraq istifadəyə verilmişdir.
Azərbaycanın xalq şairi Səməd Vurğun adına parkda da yenidənqurma işləri başa çatmış və istifadəyə verilmişdir. Parkın 1922 kvadratmetr sahəsinə yeni tamet döşənmiş, 119 paqonmetr yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Şəhidlər Xiyabanı küçəsində Cümə məscidinin qabağında abadlıq işləri davam etdirilərək səki daşları düzülür və işıq sistemi quraşdırılır.
Hal-hazırda Qazax şəhərində 3 mərtəbə və 1 mansartdan ibarət ümumi sahəsi 1800 kvadratmetr olan 100 uşaq yerlik müasir standartlara cavab verən 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi sürətlə davam etdirilərək yaxın zamanlarda istifadəyə veriləcəkdir.
Gündən-günə gözəlləşən Qazax
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanda ekologiyanın qorunması ənənəsi bu gün dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və "Heydər Əliyev Fondunun” vitse-prezidenti Leyla Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu baxımdan Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun ciddi nəzarəti, diqqət və qayğısının nəticəsidir ki, qısa zaman kəsiyində Qazaxda bu sahədə inanılmaz işlər görülmüşdür. Bakı-Tbilisi avtomobil magistralının Qazax rayonunun ərazisindən keçən hissəsində şəhərin Heydər Əliyev prospekti boyunca, mərkəzi küçə və parklarda abadlıq işləri aparılmış, 50 min ədəd yeni ağac və gül kolları, 16 min kvadratmetr sahəyə qazon otu, 12 min qızılgül və başqa gül kolları əkilmiş və yüksək səviyyəli aqrotexniki qulluq göstərilir.
Şəhərdə su-kanalizasiya sisteminin yenidənqurulması üçün layihə-smeta sənədləri hazırlanaraq tender elan olunmuşdur.
Qərb qapısı Qazaxda hər sahədə tərəqqi və inkişaf təmin olunmuşdur. Qazaxda bu templə gedən inkişaf, rayonun simasının sürətlə dəyişməsi onu deməyə əsas verir ki, Qazax özünün intibah dövrünü yaşayır və müasir şəhərlərdən birinə çevrilir.
Vəli VƏLİYEV,
"Respublika”qəzeti
16 iyul 2017-ci il

Geri qayıt