Əsas Səhifə > Qazax respublika mətbuatında > Gənclər ordu sıralarına yola salınır
Gənclər ordu sıralarına yola salınır16-07-2017, 14:54 |
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da iyul ayının 1-dən gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı təntənəli yolasalma mərasimləri keçirilir. Belə mərasimlərdən biri iyul ayının 13-də Qazax rayonundakı Heydər Əliyev parkında təşkil olunmuşdur. Həmin gün Qazaxlı gənclərin bir qrupu həqiqi hərbi xidmətə yola salınmışdır. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış, abidəsi önünüə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra mərasim iştirakçıları və həqiqi hərbi xidmətə yola salınan gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Mərkəzdə onlara foto stendlər vasitəsilə Azərbaycan Milli Ordusunun yaranması, güclənməsi və bugünkü ordumuz haqqında ətraflı məlumat verilmişdir. Azərbaycanda hərbi kadrların hazırlanmasında, hərbi məktəb və liseylərin yaradılmasında Ulu Öndərin misilsiz xidmətləri barədə danışılmışdır. Azərbaycan ordusunun bu gün dünyanın ən güclü orduları ilə bir sırada dayanması, ölkə prezidenti İlham Əliyev cənabalrının diqqəti və qayğısı sayəsində ordumuzun getdikcə daha güclənməsi barədə məlumat verilmişdir. Gənclər Mərkəzdə hərbi vətənpərvərlik mövzusunda hazırlanmış video-çarxa baxmışlar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri rayon İcra Haklimiyyəti Başçısının müavini Gulaya Həsənova açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dinamik inkişafı ölkəmizin təhlükəsizlik və müdafiə gücünün artmasına da bilavasitə təsir göstərmiş, silahlı qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Qazaxlılar həmişə yüksək mərdlik və mübarizlik göstərərək torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışlar. Ulu Öndər bu şücaəti yüksək qiymətləndirərək demişdir: "Siz, əziz Qazaxlılar, burada öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz Azərbaycan xalqının dayağısınız”. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 283 nəfər şəhid vermiş, 5 nəfər Azərbaycanın Milli Qəhrəmanıdır. Sonra mərasimdə əməkdar incəsənət xadimi, AYB Qazax zona filialının sədri, şair Barat Vüsal, əməkdar müəllim Mustafa Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin sədr müavini Qurban Qurbanov, Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova və valideynlər çıxış etmişlər. Qazax şəhər 2 saylı tam orta məktəbin birinci sinif şagirdi Mahmud Yusifov şair Eldar Nəsiblinin hərbi vətənpərvərlik mövzusunda yazılmış şerini əzbər söyləmişdir. Tədbirin sonunda həqiqi hərbi xidmətə yola salınan gənclər rəqs etmişlər və qara zurnanın cəngi sədaları ilə müqəddəs "Qurani Kərim"in altından keçərək Azərbaycan bayrağını öpüb avtobuslarla hərbi xidmətə yollanmışlar. Vəli VƏLİYEV,
"Respublika" qəzeti 16 iyul 2017-ci il Geri qayıt |