Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax: aqrar sahənin inkişafı təmin olunmuşdur

Qazax: aqrar sahənin inkişafı təmin olunmuşdur


28-05-2017, 11:16
Qazax: aqrar sahənin inkişafı təmin olunmuşdur
Respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı mühüm rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, idxaldan asılılığın aradan qaldırılması və ixrac potensialının artırılması ilə bağlı bir sıra sərəncamlara imza atmışdır.
Ölkə Başçısının tövsiyə və tapşırığından irəli gələn vəzifələr respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonda aqrar sahənin hazırkı durumu ilə bağlı Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahovla həmsöhbət olduq. Hazırda bu sahədə qızğın iş aparıldığından müsahibimlə iş başında-kartof sahəsində görüşdük. Kartof sahəsinə nəzər saldıqda görünən o idi ki, düzgün aqrotexniki qulluq göstərilmişdir.
Mütəxəssislər bol məhsul əldə olunacağına zəmanət verirlər. Söhbət zamanı Həmid Pənahov qeyd etdi ki, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı aqrar sahəni də daim diqqət mərkəzində saxlayır. İcra Başçısının ciddi nəzarətinin nəticəsidir ki, istər əkinçilikdə, istərsə də heyvandarlıqda sürətli inkişaf mövcuddur. Bir faktı xüsusilə vurğulamaq lazımdır ki, Qazaxda heç vaxt aqrar sahənin bu cür sürətli inkişafı mövcud olmamışdır. Demək olar ki, əkinəyararlı torpaqlardan maksimum dərəcədə istifadə olunaraq cürbəcür kənd təsərrüfatı bitkiləri əkilmişdir.
Məlumdur ki, bol məhsul əldə etmək üçün suvarma vacib amillərdən biridir. Rayonda suvarma suyuna olan tələbatı ödəmək üçün suvarma sistemləri idarəsinin əməkdaşları əvvəlcədən bütün zəruri tədbirləri həyata keçirmişlər.
Aqrar səhənin inkişafında kənd təsərrüfatı texnikaları ilə təminat da vacib məsələlərdəndir. Kənd təsərrüfatı məhsullarının problemsiz becərilməsi üçün rayon ərazisində işə tam yararlı vəziyyətdə olan 154 ədəd traktor, 87 ədəd kotan, 74 ədəd mala, 15 ədəd kübrəsəpən, 46 ədəd taxıl toxumu səpən, 44 ədəd ox arxı çəkən təkkorpus kotan, 29 ədəd taxılbiəçən kombayn, 7 ədəd kartofsəpən, 7 ədəd kartofçıxaran, 5 ədəd 7 cərgəli reyper, 7 ədəd qollu çiləyici, 3 ədəd frez, 28 ədəd otbiçən, 15 ədəd ot dırmığı, 55 ədəd ot kipləyən vardır ki, .onlardan Aqrolizinqlə 5 ədəd traktor, 5 ədəd kotan, 4 ədəd taxılbiçən kombayn, 1 ədəd çiləyici, 1 ədəd taxılbiçən, 1 ədəd mala, 1 ədəd qoşqu vardır. Cari ildə rayonda 8373,34 ha buğda, 2702,18 ha arpa, 601,2 ha yonca, 403,1 ha qarğıdalı, 29,8 ha vələmir, 5 ha darı, 113,4 ha tərəvəz, 78 ha süpürgə əkilmişdir. Artıq yonca və ot biçininə start verilmişdir. İlkin göstəricilər ürəkaçandır.
Qeyd etmək lazımdır ki, Qazaxda bu il rekord göstərici 800,83 ha sahədə kartof əkilmişdir. Əldə olunan məhsulun respublikanın daxili bazarlarında satışı ilə yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.
Respublika Prezidentinin tapşırığına əsasən 2-ci ildir ki rayonda strateji məhsul olan tütün bitkisi əkilir. Keçən il 10 ha tütün əkildiyi halda, bu il 50 ha sahədə tütün əkilərək aqrotexniki qaydalarla becərilir. Əkilən tütün şitilləri ötən ildəkindən fərqli olaraq rayonda polietilen örtük altında yetişdirilərək sahələrə köçürülmüşdür. Bol məhsul əldə etmək üçün lazımi mineral kübrələrdən istifadə olunur. Artıq tütünün alaq otlarından təmizlənmə işləri başa çatmışdır.
Aqrar sahədə ən gəlirli sahələrdən sayılan baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda artıq ikinci ildir ki, barama yetişdirilir və məhsuldarlıq da yüksək olur. Bu il rayonda ötən illə müqayisədə 3 dəfədən çox baramaqurdu yetişdirilir. Baramaqurdlarının sağlam şəraitdə inkişaf etdirilməsi üçün onlara lazımi qulluq göstərilir. Məqsəd yüksək məhsul əldə etməkdir. Rayonda 30 ailə barama istehsalı ilə məşğuldur. Baramalar son inkişaf mərhələsindədir, Yaxın günlərdə sarımağa başlayacaqlar. Ümumiyyətlə, gələcəkdə baramaçılığı inkişaf elətdirmək üçün rayonda ciddi işlər aparılır. Baramaçılıqda əldə olunan uğurlar da təbii ki, insanları bu sahəyə həvəsləndirir və daha yaxşı işləməyə ruhlandırır. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə onun yem bazasının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Ötən il Çin Xalq Respublikasından 20 min ədəd tut tingi gətirilmiş və aqrotexniki qaydada rayonun kəndlərində əkilmişdir. Ötən il rayonda 30 qutu barama qurdu yetişdirilmişdisə, bu il onların sayı 100-ə çatdırılmışdır. Ötən il 1,5 ton məhsul istehsal edilmişdirsə, bu il 5 ton məhsul götürülməsi gözlənilir. Əldə olunan məhsul Şəki-İpək MMC-yə satılacaqdır.
Aqrar sahədə şəkər çuğunduru da gəlirli sahələrdən biri sayılır. Qazaxda 522,64 ha sahədə şəkər çuğunduru əkilmişdir. Bu sahədə də bol məhsulun əldə olunacağı proqnozlaşdırılır. Əldə olunan məhsul İmişli Şəkər zavoduna satılacaqdır.
Rayonda meyvəçiliyin inkişafına da mühüm yer verilir. 64 ha meyvə bağı vardır ki, bunun 52 hektarını fındıqçılıq təşkil edir. Məqsəd rəqabətədavamlı məhsul əldə edərək xarici ölkələrə ixrac etməkdir. Rayonda heyvandarlığın inkişafı da ürəkaçandır.
Statistik məlumata görə hazırda 30305 baş, o cümlədən 16115 baş ana inək, 146 998 baş qoyun və keçi vardır. Rayonda ət istehsalı ilbəil artan dinamika ilə inkişaf edir. 2016-cı ilin müvafiq dövründə 13870 sentner ət istehsal olunduğu halda, 2017-ci ildə 13900 sentner (30 sentner çox) ət istehsal olunmuşdur. Süd istehsalında da artım müşahidə olunmuşdur. Ötən ilin müvafiq dövründə 75990 sentner, 2017-ci ildə isə 76000 sentner (10 sentner çox) süd istehsal olunmuşdur. Maldarlıqda yüksək göstəricilər əldə etmək üçün innovativ üsuldan-süni mayalanmadan geniş istifadə olunur. 165 baş süni mayalanmış inəkdən cari ilin 4 ayı ərzində 89 baş sağlam buzov alınmışdır. Qalan ana inəklərdən də sağlam bala əldə ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, süni mayalanma ilə doğulan hər buzov üçün dövlət tərəfindən fermerlərə 100 manat subsidiya verilir ki, bu da fermerlərin bu işə marağını daha da artırır. Heyvanların müxtəlif xəstəliklərə yoluxmaması üçün rayon baytarlıq idarəsinin əməkdaşları mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirirlər.
Tədbirlər Planına uyğun olaraq 2017-ci ilin 3 ayı ərzində 30446 baş iribuynuzlu heyvan, 1084 baş təkdırnaqlı heyvanlar qarayara xəstəliyinə qarşı, 29840 baş iribuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı, 3133 baş xırdabuynuzlu heyvanlar bruselioza qarşı REV1 ilə peyvənd edilmişdir. Bundan başqa 6133 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülərək bruselioz xəstəliyini yoxlamaq üçün Qazax rayon baytarlıq diaqnostika kabinetinə göndərilmişdir. Müayinə zamanı 7 baş heyvanda xəstəlik aşkar olunmuşdur. Bu heyvanlar sahə həkimlərinin nəzarəti ilə təlimata uyğun olaraq heyvan sahiblərinin həyətində kəsilərək çıxdaş edilmişdir. Eyni zamanda 1820 baş iribuynuzlu heyvandan vərəmə qarşı tuberkulinizasiya aparılmışdır. Müayinə zamanı heç bir heyvanda xəstəlik aşkar olunmamışdır.
Quşçuluğun inkişafında da dinamik artım müşahidə olunur. 106838 qanad körpə ev quşları taun xəstəliyinə qarşı "H” vaksini ilə peyvənd olunmuşdur. Bu da quşların xəstəliyə tutulma ehtimalını sıfıra endirir.
Belə qənaətə gəlmək olar ki, Qazax rayonu kənd təsərrüfatı məhsulları ilə daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara da rəqabətədavamlı məhsullar ixrac edəcək, bu da qeyri-neft sektorunun inkişafına və ölkəyə valyuta axınına zəmin yaradacaqdır.
Vəli VƏLİYEV
"Respublika” qəzeti
28 may 2017-ci il


Geri qayıt