Əsas Səhifə > Qazax respublika mətbuatında > Bir yaz səhəri Qazaxda...
Bir yaz səhəri Qazaxda...14-05-2017, 12:45 |
FOTO-REPORTAJHeç səhərin gözü açılmamış Qazaxda olmusunuzmu? Mən olmuşam, onun park və xiyabanlarını, hətta bir kibrit çöpünün də yerdə görünmədiyi tər-təmiz küçələrini, meydanlarını gəzmişəm. İnanın bu, bir başqa aləmdir. Şəhərə necə böyük nəzarət var! Bunları səhərin alatoranlığında necə çatdırırlar, adam məəttəl qalır. Quşların səsi parkın yanından ara-sıra keçən maşınların səsinə qarışır və getdikcə azalır. Adamlar iki-bir, üç-bir parka gəlir, bəzisi rahat skamyalarda əyləşib söhbət edir, bəzisi gəzməyə üstünlük verir, başqa birisi səhəri yaxınlıqdakı çayxanada bir stəkan pürrəngi çay içməklə açır...
Bura qazaxlıların daha çox sevdiyi "Fəxri qazaxlılar” parkıdır. Son bir ildə öz görkəmini, demək olar ki, tamamilə dəyişib. Parkda aparılan yenidənqurma işləri, xüsusilə fəvvarə kompleksinin əsaslı təmiri, yeni işıqlandırma sisteminin quraşdırılması, təzə oturacaqların qoyulması, dekorativ ağacların və gül kollarının əkilməsi, çəmənliklərin salınması parkı daha da əsrarəngiz edib, ora gələnlərin sayını birə-beş artırıb. Qazaxdakı abidələrin əksəriyyəti şəhərin mərkəzində yerləşən bu parkdadır. Burada görkəmli Azərbaycan şairləri Vaqif, Vidadi, Səməd Vurğunun heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin – ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin, Azərbaycanın Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın Xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Əhməd Seyidovun, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun büstləri yer alıb… Skamyada əyləşib ətrafı seyr edən ağsaqqal bir kişiyə yaxınlaşıb tanış oluruq. Əli ilə parkın o biri başını göstərərək deyir ki, onun arxasındakı binada olur və hər səhər-axşam bura gəlir, istirahət edir. Parkda yaradılmış şəraitdən razılığını bildirir və deyir ki, adamlar rayon rəhbərinin bura xüsusi diqqət göstərməsini yüksək qiymətləndirirlər: – Mənim artıq 75 yaşım var, deyə Aslan Rəhimov söhbətin mövzusunu bütövlükdə son vaxtlar Qazaxda aparılan geniş abadlıq-quruculuq işlərinə gətirib çıxarır. – İkinci qrup Qarabağ müharibəsi əliliyəm. Amma rayonda qısa vaxt ərzində bu qədər dəyişiklik olduğunu heç vaxt görməmişəm. Sağ olsun Rəcəb müəllimi, bir də görürsən iki gündən, üç gündən bir, təsərrüfat rəhbərləri də yanında gəldi parka. Adamlarla söhbət edir, onların fikirlərini öyrənir, problemləri ilə maraqlanır. Düzü çox razıyıq. Maraqlıdır ki, icra hakimiyyətinin digər işçiləri, təsərrüfat rəhbərləri başçının iş üslubunu, tələbkarlıq, nəzarət, zövq prinsiplərini artıq bilirlər. Parkda gəzişən rayon sakini Nazim Cəfərov da özünü həvəslə təqdim edir: – Həyatım boyu yalan, nəyinsə xətrinə danışan olmamışam. Heç sizi də tanımıram və bilmirəm ki, nəyə görə soruşursunuz. Amma Rəcəb Babaşov əsl xalqın adamıdır, biz deyən başçıdır. Buna görə cənab Prezidentimizə minnətdarıq. Bax mən bura gələndə, sanki dünyanı mənə bağışlayırlar. Dərs qurtaran kimi uşaqlarımız da bura gəlir, əylənirlər. Keçin bir o tərəfə – Vaqiflə Vidadinin heykəlinin arxa tərəfindəki sahəyə, görün necə xeyirxah işlər görülür, şəhidlərimizin xatirəsi necə əziz tutulur! Şəhər sakinin dediyi kimi, edirik və parkın yuxarı başından beş-on metr aşağı düşən kimi tamamilə başqa bir mənzərə ilə qarşılaşırsan. Bura Şəhidlər xiyabanı küçəsidir və torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin xatirəsinə hörmət – izzətin yeni ehtiram nümunəsidir. Cümə məscidinin qarşısında abadlıq işləri gedir, əraziyə tamet döşənir, bardür düzülür, işıq sistemi quraşdırılır, səkilər salınır, yaşıllıqlar yaradılır. Şəhidlərin abidə kompleksi öz orijinallığına, xüsusi kompazisiyasına görə diqqəti cəlb edir. Kümbəzlər, yanındakı tikililər sanki ümumi bir ansamblı tamamlayır. Tezliklə burada Qazaxdan olan 294 şəhidin hər birinin şəkli əks olunmuş mərmər lövhələr də yer alacaqdır... Yaz Günəşinin birdən-birə qızması adamı istər-istəməz, kölgəli yer axtarmağa məcbur edir. Belə yerlərin sayı isə son bir ildə, demək olar ki, hər ay artır. Rayonda yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilməsi Qazağı qısa vaxt ərzində park və xiyabanlar şəhərinə çevirib. Şəhərin girəcəyindəki Dədə Qorqud parkında olduq və burada da xeyli şəhər sakininin dincəlməsi diqqətimizdən yayınmadı. Əvvəllər burada diqqətdən kənarda qalmış Dədə Qorqud heykəl kompleksindən başqa gözə heç nə dəymirdi. Amma indi yaşıllıqlar, gül və çiçək kolları, skamyalar buranı da baxımlı edib, əsl istirahət guşəsinə çevirib. Səməd Vurğun parkına da baş çəkdik. Burada artıq yenidənqurma işləri yekunlaşmış, təxminən 2 min kvadratmetr sahəyə yeni tamet döşənmiş, 120 metrə yaxın yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Qazaxda yaşayış binalarının görkəminin tamamilə dəyişdirilməsi və burada əsaslı şəkildə yenidənqurma və təmir-tikinti işlərinin aparılması diqqətimizi cəlb etdi. Ölkə Prezidentinin sərəncamına əsasən, şəhərdə 24 binada təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub. Lakin hazırda 39 binada iş gedir. Artıq 19 binada işlər tam yekunlaşıb, 12 binada isə tezliklə başa çatdırılacaqdır. Yerdə qalan 8 bina üçün materiallar alınmış və bu günlərdə işə başlanacaqdır. Yaşayış və inzibati binalarda aparılan işlər şəhərin simasını daha da gözəlləşdirəcəkdir. Heydər Əliyev prospekti boyu salınmış yaşıllıqlar, yeni səkilər, müasir işıqlandırma sistemi şəhəri tanınmaz dərəcədə gözəlləşdirib. Şəhərə, demək olar ki, bitişik olan Qarapapaq kəndinin girəcəyində salınmış "Təyyarə- abidə” kompleksinə də nəzər saldıq. Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə keçən ilin sentyabrında ucaldılmış kompleks Qazağın girəcəyinə xüsusi bir gözəllik qatır. ... Qazaxda görməli yerlər saysız-hesabsızdır və təbii ki, onların hamısına bir gündə baş çəkmək qeyri mümkündür. Sadəcə bir yaz səhəri Qərb Qapımız Qazağın mərkəzinə ona görə səfər etdik ki, görək şəhər nə ilə nəfəs alır, adamların əhval-ruhiyyəsi necədir. Düzü, təəssüratımız çox yüksəkdir. Gördük ki, Qazax işıqlı bir yolun üstündədir. Onun sakinləri dövlət başçımızın göstərdiyi diqqət və qayğının bəhrəsini görürlər. Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
14 may 2017-ci il Geri qayıt |