Əsas Səhifə > Qazax respublika mətbuatında > BDU-nun Qazax filialında elmi-praktik konfrans

BDU-nun Qazax filialında elmi-praktik konfrans


27-11-2020, 14:23

Respublika mətbuatı Qazax haqqında


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında onlayn formatda elmi-praktik konfrans keçirilib. "İşğala son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər” mövzusunda keçirilən konfrans 27 sentyabrda başlayıb 10 noyabr tarixində başa çatan Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunub.

BDU-nun Qazax filialının direktoru, dossent Arif Rüstəmov konfransda qeyd edib ki, Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. A.Rüstəmov müharibədə qazanılmış şanlı qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, qələbə münasibətilə kollektivin adından ölkə başçısına minnətdarlıq məktubu göndərilib.

A.Rüstəmov pandemiya dövründə filialda təhsilin onlayn formasında davam etdirildiyini bildirərək, bunun üçün hər cür şərait yaradıldığını qeyd edib. Filialda yaradılan yüksək şəraitə göstərdiyi köməyə görə BDU-nun rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib.

Sonra 44 günlük müharibəyə həsr edilmiş "Azərbaycan Prezidenti tarix yazdı və yazmağa davam edir” adlı videoçarx nümayiş olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və BDU-nun Qazax filialının əməkdaşlarının iştirakı ilə keçirilən onlayn konfransda Dağlıq Qarabağın tarixinə, bu münaqişənin sosioloji-psixoloji aspektlərinə, münaqişənin Azərbaycanın iqtisadiyyatına vurduğu ziyan və onun qiymətləndirilməsinə həsr olunmuş məruzələr dinlənilib.

Konfransda professor Hüseyn Xəlilov, dossent Hürü Şamilova, dossent İlhamə Qəsəbova, fəlsəfə doktoru Nəsibə Hacıyeva, baş müəllim və müəllimlərdən Mübariz Süleymanov, Ülviyyə Bayramova, Veyis Adıgözəlov, Hikmət Yusifov, Mustafa Mustafayev məruzələrlə çıxış ediblər.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

27 noyabr 2020-ci il


Geri qayıt