Əsas Səhifə > Qazax respublika mətbuatında > Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda daha bir məktəb üçün yeni bina inşa olunur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda daha bir məktəb üçün yeni bina inşa olunur


23-06-2020, 08:32

Respublika mətbuatı Qazax haqqında


Məlum olduğu kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə böyük diqqət və qayğı göstərilir.

Heydər Əliyev Fondunun təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstəklayihələrini həyata keçirməsi bu sahəyə olan qayğının daha bir bariz nümunəsidir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Sevindirici haldır ki, bu layihələrin icrası təkcə paytaxtla kifayətlənmir, respublikamızın bütün bölgələrini əhatə edir.

Son illər Qazaxda da yeni məktəb binalarının inşası, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi sahəsində məqsədyönlü işlər görülür. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu "Azərbaycan Respublikası regionlarını2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin nəzərdə tutulmasıdır.

Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi də dövlət proqramında tikintisi planlaşdırılan məktəblərdəndir. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəblayihəsi çərçivəsində artıq həmin məktəbin həyətində 220 şagird yerlik yeni binanın inşasına başlanılmışdır.


Bu ilin yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait nəzərdə tutulmuşdur. Yeni məktəbdə binanın zirzəmisi, 25 kubmetrlik içməli su anbarı, yanğından mühafizə üçün 100 kubmetrlik su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.

Artıq zirzəmidə suvaq işləri yekunlaşmaq üzrədir. Eyni zamanda birinci mərtəbənin hörgü işləri başa çatdırılmışdır.

Qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina da tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində aparılan yenidənqurma işləri isə yekunlaşmaq üzrədir.

S.ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

23 iyun 2020-ci il




Geri qayıt