Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax: Körpələr qayğı ilə əhatə olunurlar

Qazax: Körpələr qayğı ilə əhatə olunurlar


2-11-2019, 11:49

Respublika mətbuatı Qazax haqqında


 

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uşaq siyasətində uşaqların hüquqlarının qorunması prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkədə uşaqların sağlam böyüməsi üçün uşaq müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətləri öz bəhrəsini verir. Qazax rayonunda son üç ildə bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirilir, yüksək nailiyyətlər əldə olunur. Rayonun təhsil müəssisələrində, eləcə də məktəbəqədər təhsil müəssisələrində bir çox infrastruktur layihələr həyata keçirilmiş və bu işlər uğurla davam etdirilir. Mənfur düşmənlə 168 km əraziyə malik olan, hər an düşmənin atəşkəs rejimini pozmasına məruz qalan bir rayonda gedən sürətli inkişaf qürurverici bir haldır. Bu günlərdə Qazaxda körpə fidanlara yaradılan şərait, onlara göstərilən qayğı ilə maraqlandıq. Bu səbəbdən rayonun bir neçə kəndində və şəhərdə fəaliyyət göstərən uşaq bağçalarına üz tutduq. Burada kənd və şəhər bağçalarının bir-birindən heç nə ilə fərqlənmədiyinin şahidi olduq. Uşaq bağçalarının hər birində yaradılan şərait sözün əsl mənasında insana zövq verir. Bağçaların həyətlərində və daxildə yüksək səviyyəli səliqə-sahman və təmizlik ilk baxışdan diqqəti cəlb edir. Uşaq müəssislərində gigiyenik qaydalara tam riayət olunur.

Bağçada çalışan işçilərlə söhbət zamanı bildirdilər ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk dəfə bağçalara baxış keçirdikdən sonra dərhal rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin yenidən qurulması üçün tapşırıq verdi. Təmir işləri çox sürətlə və keyfiyyətlə həyata keçirildi və bu işlər davam etdirilir. Rayonda hazırda 25 uşaq bağçası fəaliyyət göstərir.

 

Qazax şəhərində 5 körpələr evi-uşaq bağçası, 1 uşaq bağçası körpə fidanların sevimli məkanına çevrilmişdir. Kəndlərdə isə 13 körpələr evi-uşaq bağçası və 6 uşaq bağçası fəaliyyət göstərir. Şəhərdə hər biri 90 yerlik olan 2,3,4,5,6 saylı bağçalar əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir. Bağçaların hər biri yeni yataq dəstləri, təzə qab-qacaq, mətbəx ləvazimatları, paltaryuyan, soyuducu, televizor və başqa avadanlıqlarla tam təchiz olunmuşdur. Eyni zamanda isti və soyuq su, eləcə də mərkəzləşmiş istilik sistemi ilə təmin olunmuşlar. Qeyd etmək lazımdır ki, əvvəllər 4 və 5 saylı bağçalardan başqa qalanlarının isidilməsi duru yanacaqla həyata keçirilirdi. Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası layihə əsasında müasir üslubda inşa olunaraq 2018-ci ilin yanvar ayından körpələrin ixtiyarına verilmişdir. Qeyd olunan uşaq müəssisəsi müasir avadanlıqlarla tam təchiz olunmuşdur. Burada iki körpə qrup, 1 orta qrup və 2 böyük qrup fəaliyyət göstərir. Binada 5 yataq otağı, oyun otaqları, hər qrup üçün mətbəx və sanitar qovşaq, idman və tibb otaqları və paltar yumaq otağı fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, rayonda uşaq bağçalarına işə qəbul şəffaf şəkildə həyata keçirilir. Uşaqların bağçaya qəbulu isə növbəlilik əsasında aparılır.


Sevindirici haldır ki, son üç ildə şəhər bağçaları ilə yanaşı kəndlərdə də uşaq müəssisələrində əsaslı təmir işləri aparılmışdır.

Qazaxın cəbhəyanı yaşayış məntəqələrinə daha çox qayğı göstərilir. Mənfur düşmənlə üz-üzə məğrur dayanan Böyük Cəfərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərindəki uşaq bağçaları müasir tələblərə tam cavab verir. Bağçalar təzə avadanlıqlarla təchiz olunmuş, yeni su xətti çəkilmiş, sanitar qovşaqlar yenidən qurulmuş, isti və soyuq su ilə təmin olunmuşdur. Bağçaların ərzaq təchizatı "Aqrar Tədarük və Təchizat” ASC-dən büdcə vəsaiti hesabına həyata keçirilir. Rayon İcra Hakimiyyəti tərəfindən ərzağın keyfiyyətinə çox ciddi nəzarət olunur. Bir sözlə, Qazaxda körpə fidanlar qayğı ilə tam əhatə olunmuşlar.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

2 noyabr 2019-cu il



Geri qayıt