Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax tütünçüləri bu il rekord göstəriciyə nail olacaqlar

Qazax tütünçüləri bu il rekord göstəriciyə nail olacaqlar


31-08-2019, 10:24

Respublika mətbuatı Qazax haqqında


Ölkədə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazax rayonunda iqtisadi cəhətdən sərfəli olan tütünçülüyə diqqət və maraq xeyli artmışdır. Artıq dördüncü ildir ki, rayonda tütün becərilir.

2016-cı ildə rayon üzrə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılmışdır. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən təsərrüfat sahibləri elə həmin il sahələrdən 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə məhsuldarlığı daha da artıran tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırmışlar. Keçən il sahələrdən toplanmış 98 tona yaxın qurudulmuş tütünlham-MMMC-yə təhvil verilmişdir.

Tütünçülüyün inkişafı rayonda yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də tütün əkən kəndlərin sayı ildən-ilə artır.

Artıq rayonda tütün əkən kəndlərin sırasına Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci və İkinci Şıxlı, Yuxarı və Orta Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndləri də qoşulmuşlar.

Artıq bir aydan çoxdur ki, tütün dərimi davam edir. Ümumilikdə 65 hektarı əhatə edən sahələrdə bol məhsul yetişdirən təsərrüfat sahibləri tütünü vaxtında və itkisiz toplamaq üçün əllərindən gələni əsirgəmirlər. Onlar yığılmış məhsulu qurutmaq üçün talvarlara daşıyır, orada isə kənd sakinlərinin köməyi ilə ipə düzürlər.


Hazırda tütünçülük sahəsində rayon üzrə 300nəfərədək adam çalışır. Onun 60 nəfəri Kosalar kəndindədir. Kənddə elə sakinlər var ki, onların ailə üzvlərinin hamısı bu sahədə çalışır. Məsələn, Kifayət Əliyeva 3 nəfərlə, Rasim Əliyev isə 2 nəfər ailə üzvü ilə birlikdə işləyir. Hamısı da qazancdan razıdır.

Birinci Şıxlı fermer təsərrüfatının sahələrində də bol tütün yetişdirilmişdir. Kənd sakinləri Maya İbrahimxəlilova, Qənirə Abbasova, Aidə Bayramova və başqaları tütünün becərilməsindən yığılıb qurudulmasınacan fermer təsərrüfatında çalışırlar. Daş Salahlı kənd sakini Vəli Vəliyev bir neçə ildir ki, pay torpağının 50 sotunda tütün əkir. Deyir ki, çox gəlirli sahədir. Artıq tutunçülüyü dərindən mənimsəyib. Hər il təhvil verdiyi məhsuldan yaxşı qazanc əldə edir.

Məlum olduğu kimi, Qazax rayonu Ermənistanla 168 kilometr həmsərhəddir. Düşmən mütəmadi olaraq kəndləri atəşə tutsa da, kənd sakinləri əkin-biçindən qalmırlar. Sakinlər arasında tütünçülüklə məşğul olanlar da var. Cəfərli kəndinə çatmamış tütün plantasiyaları diqqəti cəlb edir. Hiss edirsən ki, sahələrə yüksək səviyyədə aqrotexniki qulluq göstərilib. Söhbət zamanı kənd sakinləri dedilər ki, düşmənin təxribatı onları qətiyyən qorxutmur. Əkin sahələrini boş qoymurlar. Digər kənd təsərrüfatı məhsulları kimi, tütünçülüyü də inkişaf etdirirlər.

Cəfərli kəndinin sakini Aybəniz Məmmədova da hər il ona məxsus sahədə tütün yetişdirir. Deyir ki, tütünçülükdən gələn gəlir normaldır. Kənd sakinləri - Gülxanım Almazova və Səyyarə İsayeva da tütündən götürdükləri qazancın onları qane etdiyini söylədilər.

Sabir ƏLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

31 avqust 2019-cu il



Geri qayıt