Əsas Səhifə > Qazax respublika mətbuatında > Dövlət qayğısı “ikinci çörəy”i yetişdirənlərə bir stimul oldu...
Dövlət qayğısı “ikinci çörəy”i yetişdirənlərə bir stimul oldu...21-08-2019, 10:03 |
Respublika mətbuatı Qazax haqqındaÇox zaman bu məhsulu "ikinci çörək” də adlandırırlar. Söhbət kartofdan gedir. Elə ailə olmaz ki, kartofdan istifadə etməsin. Əvvəla, mütəxəssislər sübut ediblər ki, kartofda olan qiymətli maddələr çox zəngindir və onları saymaqla qurtaran deyil. Məlumat üçün qeyd edək ki, Cənubi Amerikada yetişdirilən kartof 1565-ci ildə İspaniyaya gətirilmiş, daha sonra digər Avropa ölkələrinə yayılmışdır. Rusiyaya kartofu ilk dəfə 1697-ci ildə Birinci Pyotr Hollandiyadan gətirmişdir. Azərbaycana isə kartof 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün edilmiş malakanlar tərəfindən gətirilmişdir. Malakanların bir qismi bu gün də Gədəbəy və İsmayıllı rayonlarında yaşayır və yenə də kartof əkib-becərir, bol məhsul götürürlər. Sovetlər önəmində Azərbaycanda ən çox kartof 1990-cı ildə, 185 min 200 ton istehsal olunmuşdur. İndi aşağıda rəqəmlər göstərəcəyik və siz bir daha əmin olacaqsınız ki, müstəqillik illərində, xüsusilə, 2005-ci ildən sonra ölkəmizdə bu məhsulun istehsalı nə qədər artmışdır. Bu yaxınlarda ölkə Prezidentinin keçirdiyi müşavirədə dediyi sözlər bir daha sübut edir ki, kənd təsərrüfatı, o cümlədən kartofçuluq necə sürətlə inkişaf edir. Dövlət başçımız demişdir: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən, bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın. Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”. Keçən il Gədəbəyin Novoivanovka kənd sakini sübut etdi ki, kartofçuluqda da yüksək məhsuldarlıq əldə etmək mümkündür. Hər hektardan 75-80 ton məhsul götürən Həmid Hacıyev deyir ki, bu da son hədd deyil. Bu il hektardan 100 ton kartof götürməyi planlaşdırır. 54 yaşlı təsərrüfat sahibi tam əmindir ki, hər bir fermer torpağa düzgün qulluq edərsə, bir hektara çəkilən xərcdən əlavə 10 min manat qazanc götürə bilər. Bəs, bütövlükdə, bu gün kartofçuluqda vəziyyət necədir? Biz Qərb bölgəsinin 4 rayonunda işlərin gedişi ilə yaxından tanış olduq, təhlil apardıq, mütəxəssis rəylərini dinlədik və bu qənaətə gəldik ki, dövlət səviyyəsində göstərilən diqqət və qayğı, bu işə ölkə Prezidentinin birbaşa nəzarəti və köməyi getdikcə daha böyük nəticələr əldə edilməsinə şərait yaradır. Bəs niyə cəmi 4 rayonda görülən işlərlə maraqlandıq? Axı az rayon tapılar ki, kartof əkib-becərməsin, heç olmasa, öz sakinlərinin tələbatını ödəməsin. Məsələ burasındadır ki, keçən il Azərbaycanda istehsal olunan 900 min tona yaxın kartofun təxminən yarısı bu 4 rayonun payına düşür. Rəqəmlərə nəzər salaq. 2018-ci ildə Gədəbəydə 126 min 367 ton, Tovuzda 144 min 412 ton, Şəmkirdə 97 min 57 ton, Qazaxda isə 31 min tona yaxın məhsul tədarük edilmişdir.
Qazaxdan ayrıca söhbət açmağa dəyər. Çünki cəmi 3 il qabaq kartofçuluqdan söhbət düşəndə bəziləri ağız büzürdü, "kartof hara, Qazax hara?” – deyirdi. Bilirsiniz niyə belə münasibət yaranmışdı? Çünki kəndlinin əkib-becərməyə həvəsi yox idi, daha doğrusu, o qədər problem ortaya çıxırdı ki, kartof əkməkdən, necə deyərlər, uzaq qaçırdılar. Amma rayonun yeni rəhbərliyi bütün bunları nəzərə alıb torpaqda çalışanlar üçün münbit şərait yaratdı. Əvvəlcə su, suvarma problemləri həll olundu, illər uzunu əl vurulmayan yüz kilometrlərlə arx təmizləndi. Toxum, texnika, dərman peraparatları gətirildi, bu işə həvəsi olanlara verildi. Daha heç kimə deyilmədi ki, "bu dərmanın və ya texnikanın üstündə 5 manat ver, gəl apar”. Rayon rəhbərinin prinsipiallığı, hər cür neqativ hallara qarşı kəskin mübarizə aparması, adamlarda bu işə həvəs yaratması, onlara "mən daim sizin yanınızdayam” deməsi, ən başlıcası isə ölkə Prezidentinin yaratdığı münbit şəraitdən maksimum yararlanması Qazaxda kartofçuluğun sürətlə inkişafına gətirib çıxardı. Birinci dəfə, yəni 2016-cı ildə cəmi 433 hektar sahədə kartof əkildi və 10 min tondan bir qədər çox məhsul götürüldü. Lakin bir il sonra əkilən torpaq sahəsi iki dəfədən də çox artırıldı və 22 min ton məhsul tədarük olundu. Təbii ki, arxayınçılığa heç bir əsas yox idi və Qazax kartofçuları keçən il əkdikləri 1118 hektar sahədən 31 min tona yaxın məhsul əldə edə bildilər. Ənənəvi kartofçuluqla məşğul olan qonşu Gədəbəyi məhsul istehsalına görə geridə qoyan Tovuzda da bu sahə prioritet sayılır. Qeyd etdik ki, rayonda ötən il 144 min 412 ton kartof istehsal olunub. Lakin rayon rəhbərliyi bu göstəricidən razı deyil. Ayrı-ayrı mütəxəssislərlə, fermerlərlə söhbət edərkən bir daha əmin olduq ki, Tovuzun potensial imkanları çoxdur. İstehsalın və məhsuldarlığın əvvəlki illə müqayisədə aşağı olmasını rayonda kartof toxumunun keyfiyyətsiz olması və sertifakatı olmayan toxumlardan istifadə olunması ilə əlaqələndirirlər. Görünür, Tovuz Aqrar İnkişaf Mərkəzi bu işə lazımi nəzarət etmir, təbliğat-izahat işlərini lazımınca qura bilmir, fermerlərlə zəif əlaqə yaradırlar. Əslində, fermerlərə başa salmaq lazımdır ki, qiyməti baha, lakin sertifikatlaşdırılması olan toxumları səpməkdən çəkinməsinlər. Əgər belə etsələr, həm daha çox məhsul götürə bilərlər, həm də yaxşı gəlir əldə etmək mümkündür. Kartof tədarükünün isti yay aylarına təsadüf etdiyini və satış dövrünün uzun çəkdiyini nəzərə alsaq, saxlama kameralarının tikintisi vacib məsələ kimi gündəmə gəlir. Sahibkarlar bu istiqamətə yönləndirilməlidir. Düz Cırdaxan kəndində 3 min tonluq soyuducu kamera fəaliyyət göstərir. Keçən il Əyyublu kəndində hər birinin tutumu 1200 ton olan iki soyuducu kamera tikilmişdir. Lakin bunlarla kifayətlənmək olmaz. Soyuducu tikintiləri davam etdirilməlidir. Tovuzda qətiyyətlə deyirlər ki, növbəti illərdə 200 min tonu keçəcəklər. Buna hər cür şərait vardır. Bəs Şəmkirdə vəziyyət necədir? Qeyd edək ki, həm ərazisinə, həm də əhalisinin sayına görə ilk yerlərdə olan Şəmkir kənd təsərrüfatının bütün sahələrində, o cümlədən kartofçuluqda öz gücünü sınayır və uğur qazanır. Rayonda sahibkarlara, ayrı-ayrı təsərrüfat sahiblərinə xüsusi diqqət və qayğı göstərilir. Hələ 3 il qabaq hər bələdiyyənin nəzdində MMC-lərin təşkil edilməsi, bu sahədə respublikada nümunə göstərməsi artıq öz bəhrəsini verməyə başlayıb. İstər abadlıq-quruculuq işlərinin görülməsində, istərsə də kənd təsərrüfatı üçün texnika, dərman preparatlarının, toxumun alınmasında fəallıq göstərən bu cəmiyyətlər bir sıra uğurlara imza atmışdır. Kartofçuluq da istisna deyil. Şəmkir rayon mərkəzindən 10 kilometr aralıda, magistral yolun kənarında salınmış "Şəmkir səbəti” bazarına elə kartof sortları çıxarılır ki, onların Şəmkirdə yetişməsini eşidərkən bu rayonda həmin sahənin inkişafına necə böyük dəstək olduğunu görə bilirsən. Keçən il Şəmkirdə 97 min tondan bir qədər çox kartof istehsal olunub. Əkin sahələri 3–4 il bundan əvvəlki dövrlə, ən azı, 100 hektar artırılıb. Məhsuldarlıq da artıb. Əgər 2014-cü ildə hər hektardan məhsuldarlıq 169,3 sentner təşkil edirdisə, artıq bu il az qala 200 sentnerə çatır. Şəmkirdə kartof yığımı sürətlə və itkisiz aparılır. O müddətdə icra hakimiyyəti tərəfindən xüsusi qərargahlar yaradılır. Qarşıya çıxa biləcək bütün problemlər elə operativ də həll olunur. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu işlərə bilavasitə özü nəzarət edir, tez-tez kartofbecərənlərin yanına gedir, çətinlikləri ilə maraqlanır, lazımi kömək göstərir. Bu günlərdə rayon rəhbəri sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkdi, qayğı və çətinlikləri ilə yaxından maraqlandı, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlarını verdi. Sahədə çalışan işçilərlə ayrı-ayrılıqda söhbət etdi, hətta onlarla birlikdə kartof da yığdı. Təsərrüfat sahibi bildirdi ki, kartofu 50 hektar ərazidə əkib. Gələcəkdə daha çox kartof əkmək əzmindədir: "Niyə də əkməyim. Prezidentimiz bizə hər cür şərait yaradıb. Gəlirli sahədir. Bütün ailə üzvlərimi bu işə cəlb etmişəm. Görürəm yavaş-yavaş ev-eşik qura bilirəm. Daha təzə minik maşını alacağam, hələ bir kənara da xeyir-şər üçün beş-on manat atacağam. Dövlətimiz var olsun. Keçən il idxal rüsumunu da 15 qəpikdən 30 qəpiyə qaldırdı ki, daxili bazar qorunsun, öz məhsulumuzu normal qiymətə sata bilək”. Kartof becərmək, xüsusilə, yığım dövründə gecəni-gündüzə qatıb işləmək asan deyil. Elə ki, bir qədər ləngidin, zəhmətin hədər gedəcək, məhsulun çöldə qalıb çürüyəcək. Ona görə də təsərrüfat sahibi söhbət zamanı dedi ki, yığıma Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi cəlb olunub. Cari ildə məhsuldarlıq əvvəlki illərə nisbətən daha yüksəkdir. Fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə, Bakı şəhərində yerləşən "Meyvəli bazar”a çıxarıldığını bildirdi. Məlumat aldıq ki, sahibkarın 2500 ton tutumu olan soyuducu anbarı da vardır. Şəmkirdə belə sahibkarlar az deyil. Qurban İsmayılov, İman Çingizov, Yaşar Yolçuyev, Şakir İmamverdiyev və başqaları hər il bol kartof məhsulu götürürlər. Şakir İmamverdiyev, sahibkar: Bilirsiniz niyə torpaqda çalışmaq xoşdur? Əvvəla, insan öz zəhmətinin bəhrəsini görəndə çox sevinir. İkincisi, sənin işinlə, dərd-sərinlə maraqlanırlar, kömək əli uzadırlar. Rayon icra hakimiyyəti başçısının əyilib səninlə birlikdə torpaq eşələməsi, kartof yığması adama qol-qanad verir, ruhlandırır. Prezidentimizə minnətdarıq ki, bizə hər cür şərait yaradıb. Ölkədə məhsul bolluğu yaradan rəhbərimiz var. Gərək biz də ona hərtərəfli dəstək olaq. Kartofdan, onun bəhrəsindən söz salıb Gədəbəydən söhbət açmamaq heç bir məntiqə sığmaz. Çünki bu dağlar diyarı özünün kartofu ilə tanınır, şöhrət tapır. Doğrudur, rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev bu yaxınlarda keçirdiyi tədbir – Milli Yaylaq Festivalı ilə sübut etdi ki, Gədəbəy təkcə kartofu ilə yadda qala bilməz. Gədəbəy qədim tarixi, gözəl adət-ənənəsi, sənətkarlığı, əsrarəngiz təbiəti və digər çalarları ilə gözəldir və artıq dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Bəli, bunlar var və bu, bir həqiqətdir. Lakin bu gün Gədəbəydə yüz illər əkinçilik tarixi olan kartofçuluğun nisbətən lazımi səviyyədə olmaması rayon rəhbərliyini dərindən düşündürür. İbrahim müəllim deyir ki, Gədəbəy bu sahədə əvvəlki şöhrətini mütləq bərpa edəcəkdir. Artıq bu ildən vəziyyətin nizama salındığı hiss olunur. Kartofçuluğun inkişafına dövlət qayğısı "ikinci çörək” istehlakçılarına əlavə stimul verib. Ölkə Prezidentinin iyulun 31-də keçirdiyi müşavirədə dediyi sözlər isə onların arzularının, ümidlərinin reallaşdığının əyani sübutu olub. Tovuzda bir fermer dedi ki, beş-on il qabaq televiziyada xarici fermerlərin əkin sahələrinə baxıb həsəd aparırdım və düşünürdüm bizdə nə vaxt belə olacaq? O GÜN GƏLİB ÇATDI VƏ O GÜNÜ BİZƏ CƏNAB PREZİDENTİMİZ İLHAM ƏLİYEV BƏXŞ ETDİ! Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 21 avqust 2019-cu il
Geri qayıt |