Əsas Səhifə > Qazax respublika mətbuatında > Əhali tibbi müayinədən olduqca razıdır

Əhali tibbi müayinədən olduqca razıdır


2-04-2019, 11:47

Respublika mətbuatı Qazax haqqında


Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi Qazax rayonunda da mütəşəkkilliklə davam edır. Qazax Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, eləcə də kəndlərdəki həkim və tibb məntəqələrində təşkil olunmuş müayinələr əhalini olduqca razı salır.

May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə keçirilməsi üçün səhiyyə müəssisələri lazımi dərman preparatları və ləvazimatları ilə təchiz olunmuşdur. Müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 səyyar həkim briqadası yaradılmışdır. Həmin briqadalar tərtib edilmiş qrafikə uyğun olaraq kəndlərdə olur, xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində müayinə edirlər. Müayinələr zamanı aşkar edilmiş xəstələr zərurət yarandıqda mərkəzi rayon xəstəxanasına göndərilir.

Martın 30-dək Qazax Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, həmçinin kənd həkim və tibb məntəqələrində təşkil edilən aksiyada 41795 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinədən keçənlərdən 38942 nəfəri sağlam hesab edilmiş, 196 nəfər stasionar, 2583 nəfər ambulator müalicəyə cəlb olunmuş, 74 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 70 nəfərin isə üzərində cərrahiyə əməliyyatı aparılmışdır. Rayonun sərhəd kəndlərinin əhalisinin sağlamlıq durumunun öyrənilməsi diqqət mərkəzində saxlanılır. Aksiyanın başladığı gündən indiyədək səyyar həkim briqadaları rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində sakinləri tibbi müayinədən keçirmiş, aşkar edilmiş xəstəliklərlə bağlı səhiyyə xidməti göstərmişlər.

Rayonun Qazaxbəyli kəndində məskunlaşmış məcburi köçkünlər də unudulmamışdır. Həkim briqadaları burada məskunlaşmış Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərini tibbi müayinədən keçirmişlər.

Hazırda pulsuz tibbi müayinələr davam edir. Rayon sakinləri böyük həvəslə səhiyyə ocaqlarına gəlir və öz sağlamlıq durumları barədə məlumat alırlar. Müayinədən keçən hər bir rayon sakini bu aksiyanın təşkilatçılarına minnətdarlıq edir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzeti

2 aprel 2019-cu il


Geri qayıt