Əsas Səhifə > Qazax respublika mətbuatında > Şəhid ailələri dövlətin qayğısı ilə hərtərəfli əhatə olunmuşlar

Şəhid ailələri dövlətin qayğısı ilə hərtərəfli əhatə olunmuşlar


8-02-2019, 14:03

Respublika mətbuatı Qazax haqqında


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli fərmanı şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Həmin fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır ki, bu da şəhid ailələrinin böyük razılığına səbəb olmuşdur.

Bu fərman Qazax rayonunda da minnətdarlıqla qarşılanmışdır. Dağlıq Qarabağ müharibəsi başlayandan 285 şəhid verən Qazaxda 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə böyük hörmət və ehtiramla yanaşılır. Şəhidlərin uyuduqları məzarlıqlar, xatirələrinə ucaldılmış abidələr yenidən qurulmuş, ehtiram əlaməti olaraq küçə və meydanlara onların adları verilmişdir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı tamamilə yenilənmişdir. Bu gün rayona gələn qonaqlar da qürur yeri olan bu müqəddəs məkana gedir, məzarları ziyarət edir, üstlərinə gül dəstələri qoyurlar. Rayonda keçirilən bütün tədbirlər də şəhid məzarlarının ziyarəti ilə başlayır, məktəblilər mütəmadi olaraq Şəhidlər xiyabanına gələrək onların doğum və anım günlərini qeyd edirlər.

Rayon rəhbərliyi də müntəzəm olaraq şəhid ailələri ilə görüşür, onların problemləri ilə maraqlanır. Elə bu günlərdə Rayon İcra Hakimiyyətində keçirilən növbəti görüşdə də bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə çıxış edənlər bildirdilər ki, dövlət başçısının şəhidlərimizin, onların ailə üzvlərinin ünvanına söylədiyi dəyərli fikirlər bir daha sübut edir ki, Vətənin azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Onların ailələrinə, yaxınlarına, doğmalarına göstərilən qayğı dövlətimizin daim diqqət mərkəzindədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yaxınlarda şəhid ailələri ilə keçirdikləri görüşdən söz açmış, dövlət başçısının şəhidlərimizin, onların ailə üzvlərinin ünvanına söylədiyi dəyərli fikirlərdən ətraflı söz açaraq demişdir ki, həmin görüş bir daha onu sübut etdi ki, Vətənin azadlığı uğrunda canından keçmiş bütün oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulacaq.

Şəhid ataları, Quşçu Ayrım kəndinin sakinləri Aslan Pirvəliyev, Abbas Mirzəyev, Qaymaqlı kəndinin sakini, şəhid anası Lilpar Bəşirova, Qazax şəhər sakini, şəhid ailəsi Kifayət Mustafayeva və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edərək demişlər ki, şəhid ailələri ilə keçirilən hər bir görüş onlarda dövlətimizə və dövlət başçısına böyük inam və məhəbbət yaradır.

Görüşdə bu il fevralın 1-dən şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləğinin 58 manat artırılaraq 300 manata çatdırılması da yüksək qiymətləndirilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzeti

8 fevral 2019-cu il

 


Geri qayıt