Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda səhiyyənin inkişafı təmin olunur

Qazaxda səhiyyənin inkişafı təmin olunur


13-01-2019, 10:09

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA 


Respublika Prezidenti İlham Əliyevin apardığı siyasətdə insan amili ön planda durur. Əhalinin tibbi yardımla təminatı dünya standartlarına uyğunlaşdırılır. Bu baxımdan  səhiyyə sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Hər il vətəndaşların pulsuz tibbi müayinədən yararlanması təmin olunur. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də tibb müəssisələrinin əsaslı təmiri və yeni binaların tikilib istifadəyə verilməsi səhiyyə sisteminə dövlət qayğısının bariz nümunəsidir.

Bütün sahələrdə yüksək nailiyyətlər əldə edən Qazax rayonunda da son illərdə misilsiz işlər görülmüşdür. Rayonda səhiyyənin hazırki durumu ilə bağlı rayon mərkəzi xəstəxanasının baş həkimi Sevda Məmmədova ilə həmsöhbət olduq. Baş həkim bildirdi ki, rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq uşaq xəstəxanası, 1 təcili yardım stansiyası, 3 poliklinika, 100 çarpayılıq ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi, 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bunlarla yanaşı rayonda müasir standartlara cavab verən respublika tabeliyində olan Qazax Müalicə Diaqnostika Mərkəzi əhaliyə tibbi xidmət göstərir. Hippokrat andına sadiq qalan nəcib peşə sahibləri 96 mindən artıq sakinə tibbi xidmət göstərirlər. Qeyd etmək lazımdır ki, Qazax şəhərində 145 çarpayılıq müasir standartlara cavab verən rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatdırılmışdır. Xəstəxana müasir tibbi avadanlıq və digər inventarlarla təchiz olunmuşdur. Yaxın zamanlarda tibb ocağının açılışı gözlənilir. Xəstəxanada cərrahiyyə, terapiya, reanimasiya, infeksiya, doğuş, dializ, uşaq şöbələri, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərəcəkdir.

Baş həkim qeyd etdi ki, ötən il rayonda bir sıra tibb ocaqlarında əsaslı və cari təmir işləri aparılmışdır. Uşaq xəstəxanası, İkinci Şıxlı kənd xəstəxanası, Çaylı, Xanlıqlar həkim məntəqələri, Qazaxbəyli, Fərəhli tibb məntəqələri cari təmir olunmuşdur.

Qazax Müalicə Diaqnostika Mərkəzinin fəaliyyəti ilə bağlı müəssisənin baş həkimi Kamandar İbrahimovdan danışmağı xahiş etdik. K.İbrahimov bildirdi ki, göstərilən tibb müəssisəsi 2009-cu ildə fəaliyyətə başlamışdır. Bu tibb ocağına qazaxlılarla bərabər qonşu rayonların sakinləri və Gürcüstan Respublikasında yaşayan həmyerlilərimiz də müraciət edirlər. Bina müasir üslubda inşa olunmaqla bütün standartlara tam cavab verir. Burada konsultativ poliklinika şöbəsi, cərrahiyyə, anisteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi, transfizioloji kabinet, hemodializ və qəbul şöbələri fəaliyyət göstərir. Ötən il mərkəzə ambulator müalicələrin sayı 37287 nəfər, laborator müayinələrin sayı 67282 nəfər, cərrahiyyə şöbəsinə 10051 xəstə daxil olmuş, 820 nəfər üzərində cərrahiyyə əməliyyatıaparılmış, 5547 çarpayı günü qeydə alınmışdır. Anisteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinə 859 xəstə daxil olmuş, 1977 çarpayı günü keçirilmişdir. Hemodealiz şöbəsinə 116 xəstə daxil olmuşdur. Xəstələr üzrə 8594 hemodializ seansı aparılmışdır. Ölkənin hər yerində olduğu kimi, Qazaxda da hər il qanvermə aksiyası mütəşəkkil olaraq həyata keçirilir. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilmiş aksiyada 150 nəfər müayinədən keçmiş, 70 nəfər qan vermişdir.

Məlum olduğu kimi, Qazaxda rayonlararası psixiatriya xəstəxanası fəaliyyət göstərir. Bu müəssisəyə əsasən respublikanın qərb bölgəsindən olan sakinlər və qonşu Gürcüstan respublikasında yaşayan soydaşlarımız müraciət edirlər. Tibb müəssisəsinə uzun illərdir ki, təcrübəli mütəxəssis Ramiz Mansurov rəhbərlik edir. Xəstəxananın baş həkimi R.Mansurovla söhbət zamanı qeyd etdi ki, digər səhiyyə ocaqlarından fərqli olaraq burada müxtəlif taleli insanlar müalicə alırlar. Təbii ki, bu xəstələrlə işləmək o qədər də asan deyil. O, qeyd etdi ki, uzun illərdir ki, həllini gözləyən problemlər son zamanlarda rayon rəhbərliyi tərəfindən tamamilə aradan qaldırılmışdır. Xəstəxananın dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Xəstələrlə yaxınlarının görüş otağı, xəstə kişilər üçün ikinci mərtəbədə yerləşən 10 otaq və dəhliz, 1-ci mərtəbədə qadınlar üçün olan 10 otaq və dəhliz əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bundan başqa, ərzaq anbarı, yeməkxana, mətbəx, sanitar qovşaqlar (hər iki mərtəbədə və həyətdə) yüksək səviyyədə təmir olunmuşdur. Xəstəxananın həyətində abadlıq işləri aparılaraq 110 ədəd müxtəlif meyvə ağacları, 100 ədəd gül kolları əkilərək aqrotexniki qulluq göstərilir. Səhiyyə Nazirliyi tərəfindən tibb ocağına generator verilmişdir ki, o da işıq verilişində problemlərin yaranmasını minimuma endirir. Bir sözlə, Qazaxda bütün sahələrdə olduğu kimi, səhiyyə sisteminə qayğı daim diqqət mərkəzində saxlanılır.

                                                                                                    

                                                                                                                     Vəli VƏLİYEV,

                                                                                                                                  "Respublika” qəzeti

                                                                                                                      13 yanvar 2019-cu il


Geri qayıt