Əsas Səhifə > Qazax respublika mətbuatında > Sərhəd kəndlərində həyat axarınca gedir
Sərhəd kəndlərində həyat axarınca gedir26-10-2018, 16:10 |
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDAErmənistanla həmsərhəd olan Qazax rayonunun sərhəd kəndlərində bu gün də gərginlik səngimir. Lakin sakinlər buna alışdıqları üçün narahatlıq keçirmir, gündəlik məişət qayğıları ilə yaşayırlar. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sərhəd kəndlərinə getmək istəyimizi bildirəndə dedi ki, bu yaxınlarda Məzəm və Quşçu Ayrım kəndlərində olan 95 evin qarşısına istinad divarı çəkdirmişik. Əvvəllər sakinlər gərginlik içərisində yaşayırdılar. Onlar nəinki otlaq sahələrinə, əkin yerlərinə çıxa bilir, hətta evlərində rahat yaşaya bilmirdilər. Bu günlərdə həmin kəndlərə yenə baş çəkdik, əhali ilə görüşüb söhbət etdik. Hamı ölkə rəhbərinə minnətdarlıq etdi. Dedilər ki, düşmən gülləsi onları qorxuda bilməz. ...Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Məzəm və Quşçu Ayrım kəndləri düşmənin beş addımlığındadır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində sərhəd kəndlərinə gedən yol yenidən qurulmuş, yol boyu yaşayış məntəqələrinin ünvanı olan lövhələr vurulmuş, su keçidlərində kiçik körpülər salınmış, işıqlandırma qurğuları quraşdırılmışdır. Bələdçimiz, Rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov yolda ərazini göstərərək dedi ki, sol tərəfdə gördüyünüz əkin sahələri ermənilərə, sağ tərəfdəki əkin sahələri azərbaycanlılara məxsusdur. Lakin ermənilər bu ərazilərin əkilib-becərilməsində istifadə olunan suyu azərbaycanlılara məxsus gölə buraxmadıqları üçün bizim əhali torpaqlardan səmərəli istifadə edə bilmir. Məzəm kəndi ilə Quşçu Ayrım kəndi eyni ərazi nümayəndəliyinə daxildir. Aralarında cəmi 9 kilometr məsafə var. Məzəmin 370, Quşçu Ayrımın 1087 nəfər əhalisi var. Məzəm kəndi Ermənistanla 11 kilometr, Quşçu Ayrım kəndi 9 kilometr həmsərhəddir. Hər iki kənddə sakinlərin əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır. Əkin sahəsi 585 hektardır. Sakinlər hər il sahələrdən bol məhsul götürürlər. Keçən il 170,1 ton taxıl götürmüş, hər hektardan məhsuldarlığı orta hesabla 36,2 sentnerə çatdırmışlar. Bu ilin göstəriciləri də yüksək olub. 88 hektar sahədə buğda əkən sakinlər orta hesabla hər hektardan 36,6 sentner buğda biçmişlər. Heyvandarlıq sahəsində də uğurlu göstəricilərə nail olunmuşdur. Keçən il iribuynuzlu mal-qaranın baş sayı 790 olduğu halda, cari ildə bu rəqəm 800 başa çatdırılmışdır. Xırdabuynuzlu heyvanların da baş sayında artım qeydə alınmışdır. İndi kəndlərdə 4970 baş qoyun və keçi var. Bu da keçən illə müqayisədə 110 baş çoxdur. Kəndlərdə arıçılığa maraq da artıb. Dövlət başçısının sərəncamına əsasən hər arı ailəsinə 10 manat subsidiyanın verilməsindən ruhlanan kənd sakinləri arı ailələrinin sayını xeyli çoxaldıblar. Biz kənddə olanda tam sakitlik idi. Məzəm kəndinin mərkəzi hissəsindəki böyük çinar ağacının altında bir neçə kənd ağsaqqalı oturub söhbət edirdi. Yaxınlaşıb salamlaşdıq. Bizə də oturmağa yer göstərdilər. Söhbətə kənd ağsaqqalı Süleyman Süleymanov başladı. Dedi ki, bir oğul, iki qız böyüdüb. Oğlu hərbçidir. Başqa yerdə xidmət etməsinə baxmayaraq, ailəsi Məzəmdə yaşayır. Süleyman kişi də uzun illər kəndin müdafiəsində olub. Ailəsi heç nədən korluq çəkmir. Qapısında mal-qarası, toyuq-cücəsi, xeyli arı ailəsi var. Söhbət əsnasında "Allah Prezidentimizin canına sağlıq versin, - dedi. - 1990-cı illəri bu günlə müqayisə edəndə çox əmin-amanlıqdır. Ermənilər tez-tez kəndi atəşə tuturdular. Nəticədə uşaqlarımız təhlükə ilə üzləşirdi. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kəndimizə gəlib bizimlə görüş keçirəndə vəziyyəti danışdıq. Həm Məzəmi, həm də Quşçu Ayrım kəndini gəzib istinad divarı çəkilməsinə ehtiyac duyulan evlərin siyahısını hazırlatdı. Bir neçə ay ərzində 95 evin qarşısında hündürlüyü 3 metrə yaxın olan müdafiə divarı çəkildi. Kəndlərdəki sosial binaların - məktəb, tibb və polis məntəqələrinin, poçt binasının da təhlükəsizliyi təmin edildi. İndi çox rahatıq. Gündəlik həyatımızla məşğuluq. Dolanışığımız da pis deyil. Rayon rəhbərliyi tez-tez kəndə baş çəkir. Bu günlərdə kəndə gələndə icra başçısından əkin sahələrinin suvarılması üçün yaranan su probleminin həllini xahiş etdik. Çox çəkmədi ki, bir qrup mütəxəssis gəlib məsələni araşdırdı. Məlum oldu ki, Məzəm gölündən su çəkən nasos sıradan çıxıb. Problem qısa vaxtda həll edildi. Kəndə elektrik enerjisinin dayanıqlı olması üçün hazırda SİB kabel xətti çəkilir”. Quşçu Ayrım kəndində də sakinlər dövlət səviyyəsində onlara göstərilən hərtərəfli qayğıdan razılıq etdilər. Kəndin işıq, qaz, su, yol sarıdan problemi yoxdur. Kənd məktəbi üçün müasir bina da inşa edilib. Məktəbin direktoru Cəbrail Osmanov dedi ki, gözəl məktəb binası tikilib. Tədrisin keyfiyyətlə aparılması üçün bütün şəraitimiz var. Bu yaxınlarda müəllim və şagirdlərin təhlükəsizliyi üçün məktəbin qarşısına istinad divarı çəkilib. Məzəm kəndinin sakini Bəhruz Süleymanov 18 il polisdə xidmət edib. Xidmət dövrünün çox hissəsi Məzəm kəndinin müdafiəsində keçib. Torpaqlarımızın toxunulmazlığı uğrunda gedən müharibədə qardaşı Şahin Süleymanov şəhid olub. Həmin dövrdə Azərbaycan Ordusunda topçu olub. Onun şücaətindən indi də danışırlar. Bəhruz Süleymanovun 8 baş mal-qarası, 12 arı ailəsi var. Keçən il 100 kiloqramdan çox bal götürüb. Deyir ki, balın keyfiyyəti yüksək olduğundan qapıda satılır. Bundan başqa, 30 sota yaxın meyvə bağı var. Hər il olduğu kimi, bu il də bağdan xeyli gəlir əldə etmişdir. Kənddə ən çox arı saxlayan sakinlərdən biri də Məmməd Əliyevdir. Onun həyətində 32 arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dəstəkdən ruhlanan Məmməd arı yeşiklərinin sayını artırmaq fikrindədir. Kənd sakini Muxtar Məmmədovla isə otlaq sahəsində rastlaşdıq. Çoxlu sayda mal-qara, qoyun-quzu otaran Muxtar dedi ki, bunlar kənd camaatınındır. Növbə ilə otarırıq. Sürüdə özünün iki inəyi və 10 qoyunu var. İnşaatçıdır, kənd sakinləri müraciət edəndə hörgü və suvaq işləri də görür. Beləcə, Qazaxın sərhəd kəndlərində insanlar gündəlik iş-gücləri ilə məşğul olur, həyat öz axarınca gedir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzeti 26 oktyabr 2018-ci il
Geri qayıt |