Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax tütünçüləri bol məhsul yetişdirmişlər
Qazax tütünçüləri bol məhsul yetişdirmişlər9-10-2018, 11:35 |
Ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verir. Xüsusilə kənd təsərrüfatında həyata keçirilən islahatlar, aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində müsbət irəliləyişlərə səbəb olmuş, eyni zamanda ixrac potensialına da müsbət təsir göstərmişdir. Artıq bir neçə ildir ki, respublikamızın ixrac məhsulları sırasına tütün də əlavə edilmişdir. İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişaf etdirilməsi əhalinin güzəranına da müsbət təsir göstərmişdir.İndi tütün yetişdirilən rayonlardan biri Qazaxdır. Əlverişli torpaq-iqlim şəraitinin olması tütünçülüyün inkişafına təkan vermiş, insanların bu gəlirli sahəyə maraqlarını artırmışdır. Nəticədə bu il tütün istehsalı əvvəlki illərlə müqayisədə xeyli çoxalmışdır. "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbulundan sonra rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əkin sahələri genişləndirilmiş, daha məhsuldar sortların əkininə başlanılmışdır. Əgər 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılmışdı. Bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməklə 80 tondan çox məhsul götürülmüşdür. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini genişləndirərək 60 hektara çatdırmışlar. Kosalar kəndində 32 hektar, Qazaxbəyli kəndində 8 hektar, İkinci Şıxlı və Çaylı kəndlərinin hərəsində 1 hektar, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 hektar, Dəmirçilər kəndində 1,5 hektar, Cəfərli kəndində 2,5 hektar və Fərəhli kəndində 4 hektar tütün əkilmişdir. Hazırda rayonda tütün yığımı davam edir. İndiyədək 8 tona yaxın quru tütün təhvil verilmişdir. Birinci Şıxlı "Kəndli fermer təsərrüfatı” MMC yığımda bu il də fərqlənib. Fərəhli kəndinin sakini Faxrəddin İbrahimov isə tütün sahələrindən 500 kiloqramdan çox məhsul toplamışdır. Hazırda rayonda yığımla bərabər qurudulma prosesi gedir. Yaxın vaxtlarda fermerlər qurudulmuş tütünün təhvilinə başlayacaqlar. Sabir ƏLİYEV, "Azərbaycan” qəzeti 9 oktyabr 2018-ci il Geri qayıt |