Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda məhsul yığımının qızğın çağı

Qazaxda məhsul yığımının qızğın çağı


19-08-2018, 13:45

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Qazaxda məhsul yığımının qızğın çağı
Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq qərar və sərəncamlara əsasən respublikada qeyri-neft sektoru, o cümlədən aqrar sahə sürətlə inkişaf edir.
Qazax rayonunda da son illərdə kənd təsərrüfatı məhsulları istehsalının artan dinamikası müşahidə edilir. Hazırda rayonda tütün və kartof tarlalarında qızğın məhsul yığımı həyata keçirilir. Gəlirli sahə sayılan tütünçülüyün inkişaf etdirilməsi üçün bütün zəruri şərait yaradılmışdır. Bunun nəticəsidir ki, 2016-cı ildə 10 ha, 2017-ci ildə 50 ha, cari ildə isə 60 ha tütün əkilərək yüksək aqrotexniki qulluq göstərilir. Hər il gözlənildiyindən daha çox məhsul əldə edilir.
Rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.
Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər 115 ton yaş və 5,5 ton isə quru tütün tədarük ediblər. 2 tondan artıq məhsulu "İlham-M” MMC-yə təhvil veriblər. Dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Hazırda tütünçülükdə 150-dən çox insan çalışır.
Tütün yığımı ilə yanaşı, rayonda kartof yığımı da uğurla davam etdirilir. Fermerlər çəkdikləri əziyyətin bəhrəsindən yararlanırlar. Yüksək göstəriciləri ilə kənd təsərrüfatına böyük töhfələr verən "Birinci Şıxlı” kəndli fermer təsərrüfatında kartof yığımı daha sürətlə həyata keçirilir. Cari ildə 200 ha sahədə 5 növ kartof sortu əkilmişdir. Texnikalar vasitəsilə faraş sortların yığımı davam etdirilir. Əldə olan məlumata görə, hər hektardan 35-45 tona yaxın yüksək keyfiyyətli məhsul toplanması proqnozlaşdırılır. Bu sahədə 70-80 nəfər insan çalışır. İşçilərin hər birinin aylıq əmək haqqı təxminən 300-400 manat civarındadır.
Göründüyü kimi, aparılan məqsədyönlü tədbirlər nəticəsində respublikada ərzaq bolluğu yaranması ilə bərabər, insanların işlə təmin olunması da həyata keçirilir.
V.Poladoğlu
"Respublika” qəzeti
19 avqust 2018-ci il


Geri qayıt