Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax taxılçıları bol məhsul yetişdirmişlər

Qazax taxılçıları bol məhsul yetişdirmişlər


28-07-2018, 11:30

Hər hektardan orta məhsuldarlıq 38 sentnerdir


Qazax taxılçıları bol məhsul yetişdirmişlər
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində taxılçılıq da sürətlə inkişaf etməyə başlamışdır. Bu sahənin intensiv inkişafı bir çox sahələrin, o cümlədən heyvandarlığın inkişafına da müsbət təsir göstərmişdir. Bunu yaxşı bilən fermerlər dövlətin göstərdiyi hər cür qayğıdan bəhrələnərək son illər əkin sahələrini xeyli genişləndirmişlər.

Hər il taxılçılıq sahəsində yüksək göstəricilərə nail olan Qazax rayonunun fermerləri bu il də zəmilərdə bol məhsul yetişdirmişlər.

Keçən il rayonda 8 min 289,2 hektarda buğda, 2750,6 hektarda arpa əkilmişdir. Arpa sahələrinin hər hektarından orta hesabla 24,1 sentner, buğda sahələrinin hər hektarından isə 36 sentner məhsul götürülmüşdür. Qazanılan bu uğur fermerləri ruhlandırmış, əkin sahəsi genişləndirilərək 12 min 629 hektara çatdırılmışdır. Səpin aparılmış sahələrin 3527 hektarı arpa, 9 min 102 hektarı buğdadır. Hazırda buğda biçini sürətlə davam etdirilir və bu sahədə heç bir problem yaşanmır. Artıq arpa biçini uğurla başa çatdırılmışdır.
Qazax taxılçıları bol məhsul yetişdirmişlər
Onu da qeyd edək ki, rayonda taxıl biçininə hazırlıqla bağlı tədbirlər planı hazırlanmışdır. Biçindən qabaq rayon taxılçılarının, eləcə də bu sahəyə xidmət göstərən xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmiş, biçin zamanı qarşıya çıxan problemlərin operativ surətdə həll edilməsi üçün xüsusi qərargah yaradılmışdır. Hazırda zəmilərdə 26 kombayn işləyir. Hər gün biçilmiş sahələrin hesabatları aparılır. Hələlik hər hektardan orta məhsuldarlıq 38 sentnerdir. Lakin bu göstəricinin bir qədər də artacağı gözlənilir.

Ümumiyyətlə, rayonun 19 kəndinin ərazisində taxıl əkilmişdir. Onlardan birində - Daş Salahlı kəndində fermer Asif Yusifovun zəmisinə baş çəkdik. Fermer dedi ki, keçən il 80 hektarda taxıl əkmişdir. Əldə olunan yüksək göstərici əkin sahəsini genişləndirərək 100 hektara çatdırmağa həvəs yaratdı. Bu il də biçilən buğda yüksəkkeyfiyyətlidir. Nəzərdə tutulub ki, əldə olunan taxılın 250 tonunu yüksək kondisiyalı toxum kimi respublikamızın müxtəlif rayonlarına sataq. Bunun üçün təsərrüfatda hər cür şərait var.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
28 iyul 2018-ci il

Geri qayıt