Əsas Səhifə > Mədəniyyət > Qazaxda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azad Xocalıda Azərbaycan Bayrağı dalğalanır” başlıqlı tədbir keçirilib
Qazaxda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azad Xocalıda Azərbaycan Bayrağı dalğalanır” başlıqlı tədbir keçirilibBu gün, 16:17 |
Fevralın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azad Xocalıda Azərbaycan Bayrağı dalğalanır” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri, valideynlər, Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Xocalını unutmadıq” filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq Azərbaycan xalqının tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi həkk olunan Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. C.Hüseynova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün ölkəni erməni xofu bassın deyə Xocalı məhv edildi, günahsız, əliyalın əhali beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən misli görünməmiş qəddarlıqla vəhşiliyə məruz qaldı. Azərbaycanın Xocalı şəhəri işğal və talan edilərək yer üzündən silinməyə məhkum edildi. Beynəlxalq hüquq normalarına, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri mülki əhalini planlı şəkildə qətlə yetirmək məqsədilə zorakılıqdan qaçıb qurtarmaq istəyən əhalini ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələdilər, şüurlu, məqsədli şəkildə, bilərəkdən insan mənliyini təhqir edərək insanları hər cür üsullarla öldürdülər, şikəst etdilər, onlara qarşı qəddar davranaraq əzab və işgəncə verdilər, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlərlə girov və əsirlikdə saxladılar, bu zaman isə ən qəddar üsullara əl atdılar. Təhqiramiz, alçaldıcı rəftarla onları soyqırımı, işgəncə, deportasiya, zorlama, cinsi köləlik və s. cinayətlərə məruz qoydular. Bu hadisəyə ilk tarixi hüquqi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Nərminə Namazova çıxış edərək bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının ən bariz nümunəsi, Azərbaycan xalqının unudulmayacaq qanlı səhifəsidir. Xalqımızın qədim yaşayış məskənlərindən olan Xocalıda ulu tariximizi özündə yaşadan mədəniyyət abidələri, həmçinin müxtəlif növ məişət əşyaları min illər boyu bu yerlərdə azərbaycanlıların yaşadığının, xalqımızın inkişaf dinamikasının canlı şahididir. Hər zaman özünə saxta tarix yaradan ermənilər bu əməlləri ilə buradakı qədim abidələri özününküləşdirmək məqsədi güdür, tarixi saxtalaşdıraraq qəsdən və bilərəkdən xalqımıza qarşı insanlıqdan kənar qətliamlar törədiblər. Ötən əsrin ən qanlı hadisəsi, dünya tarixində baş vermiş ən dəhşətli faciələrdən fərqlənməyən Xocalı ermənilərin bu mənfur ideologiyasının növbəti davamı idi. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin müəllimi Zəminə İsayeva çıxış edərək bəşər tarixinin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli cinayətləri sırasına daxil olan Xocalı soyqırımına məhz 1988-ci ildən Qarabağda cərəyan edən hadisələrin səbəb olduğunu qeyd edib. Bildirib ki, erməni millətçiləri XIX əsrin sonlarından başlayaraq yüzlərlə kəndi, şəhəri dağıdıb viran edib, on minlərlə günahsız insanı qətlə yetirib, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına səbəb olub. Öz doğma kəndlərindən məcburi köşkün kimi çıxmaq məcburunda qalan azərbaycanlılardan biri kimi Zəminə müəllimə o günləri dərin həyəcanla xatırlayıb, öz kəndlərinin, evinin, doğma el-obasının həsrətində illərdir qovrulmasına baxmayaraq 2024-cü ilin mayında Qazaxın 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının işğaldan azad edilərək Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçməsinin sevincini də tədbir iştirakçıları ilə bölüşüb. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə bu möhtəşəm günləri yaşatdığına görə, 30 illik düşmən əsarətinə son qoyduğuna görə dərin təşəkkürünü bildirib. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilat rəhbəri Gülçöhrə İmamquluyevanın, Məsmə Abdullazadənin, Qərənfil Alıyevanın və Dilbər Əliyevanın təşkilatçılığı ilə VIII, VI və I sinif şagirdləri Zeynəb Alıyeva, Nuray Abbasova, Güllər Namazova, Fatma Alıyeva, Səma Sadıqova, Nuray Abbaslı, Mələk Alıyeva, Zəhra Hacıkərimli, Zeynəb Hacıkərimli, Nurlan Kərimli, Röyal Yusibli, Nicat Qəfərov, Rüfan Sadıqlı, Sunay Cəfərzadə, Uğur Şəmilzadə, Raul Məhərrəmli, Nurcan Qasımzadə, Damla Məmliyeva hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər. Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkil və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Geri qayıt |