Əsas Səhifə > Mədəniyyət > Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət edilib
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət edilibDünən, 18:55 |
Tarixi şəxsiyyətlər içərisində hər zaman ucalardan uca görünəcək bir zirvədə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin əzəmətli abidəsi ucalır. Çünki Heydər Əliyevin 30 illik siyasi fəaliyyət dövrü xalqımızın illərlə həsrətində olduğu müstəqillik, istiqlal, azadlıq, inkişaf, tərəqqi və yüksəliş yolunda apardığı mübarizələrlə dolu qələbələr tarixidir. Tanrı bu dahi insanı məhz xilaskarlıq missiyasını yerinə yetirmək üçün ən sərt və amansız mübarizələrdən qalib çıxarıb, qoruyub və irəli aparıb. Bəli, bu fenomenal şəxsiyyət Heydər Əliyevdir! Azərbaycan xalqının, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilaskarı, memarı, qurucusu, daim zirvələrə, uğurlu yollara aparan dahi öndəri, millət, atası HEYDƏR ƏLİYEV! Dahi şəxsiyyət Heydər Əliyevin – ən böyük azərbaycanlının, Vətənini hədsiz dərəcədə sevən bir insanın öz ölkəsinin tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük qayğı və hörmətlə yanaşmağı hər kəsi heyrətləndirir. Müstəqil dövlətçilik quruluşunda ən böyük silahdaşı olan xalqına arxalanaraq, milli birlik və həmrəyliyə nail oldu, əsas ideyası azərbaycançılıq olan əbədi müstəqilliyimizin memarına çevrildi. Bütün dünya azərbaycanlılarını bir amal, bir məfkurə - azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməyi bacardı. Böyük siyasət nəhənginin gördüyü misilsiz və hüdudsuz xidmətləri sayəsində O, əsl millət atasına, Ulu Öndərə, Ümummilli Liderə çevrildi. Hər bir azərbaycanlının qəlbində özünə əbədi məşəl yandıraraq əzəmətli bir abidə ucaltdı. Bu gün dünyanın harasında olursa olsun hər bir azərbaycanlının dərin hörmət və ehtiramla, böyük sevgi və sayğıyla fəxr etdiyi bir lideri var - Heydər Əliyev! İllər keçsə də, zaman ötsə də xalqımız bu liderin qoyub getdiyi işığın şöləsində, nurunda daim açıq səmalara yüksələcək, yeni zirvələri fəth edəcək, böyük uğurlara, yeni nailiyyətlərə imza atacaqdır. İllər keçəcək xalqımızın qəlbində Ulu Öndər sevgisi zərrə qədər öləziməyəcək, çünki bu sevgi öz işığını, öz gücünü məhz həmin dahinin qurub yaratdığı, bizlərə əmanət qoyub getdiyi müstəqil Azərbaycan dövlətindən alır. 12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar. Dekabrın 3-də Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, Epidemiologiya və Gigiyena Mərkəzinin, Mənzil İstismar Sahəsinin əməkdaşları, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktor və pedaqoji heyəti öz sevgi və hörmətlərini bildirmək üçün dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüblər. Ziyarətçilər “Dahilər ölməz, əbədi yaşar” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Geri qayıt |