Əsas Səhifə > Mədəniyyət > Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Dövlətimizin mənəvi əsasları” mövzusunda tədbir keçirilib

Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Dövlətimizin mənəvi əsasları” mövzusunda tədbir keçirilib


16-11-2024, 21:08


Noyabrın 16-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar “Dövlətimizin mənəvi əsasları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbər və əməkdaşları, tələbələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Zəfər qoxulu Milli Dirçəliş Günü” filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini çatdırıb. C.Hüseynova bildirib ki, bu gün istiqlal tariximizin ən önəmli günlərindən, xalqımızın ən gözəl xüsusiyyətlərindən hesab edilən dövlət, torpaq sevgisinin, Vətənin bölünməzliyi uğrunda mübarizəsinin başlandığı və bütün dünyaya nümayiş olunduğu milli birlik günüdür. Azərbaycan milli azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilən 17 noyabr Dirçəliş Günü uzun illər azadlıqdan məhrum edilən, XX əsrin əvvəllərində isə istiqlalın ləzzətini dadan xalqın etiraz səsini ucaltdığı, ölkəmizin müasir tarixində özünəməxsus xüsusi çəkiyə malik əlamətdar günlər sırasındadır. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə demişdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə daha da ruhlanaraq müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev bütün maneələrə sinə gərərək, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu, meydan hərəkatı xalqı həmrəy etdi, ölkəmizin müstəqilliyə doğru irəliləməsi üçün xalqı oyatdı, birləşdirdi. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Ulu Öndər Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasının rəhni oldu. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. Oyanış günümüz mübarək olsun, Azərbaycan!


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva bildirib ki, xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsasları və başlanğıcı XX əsrin 60-cı illərindən başlanan bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alaraq müstəqil ölkəmizin sürətli inkişaf yoluna qədəm qoymasına səbəb olmuşdur. Uzun illər Azərbaycanı əsarətdə saxlayan Sovet imperiyasının siyasi, mənəvi və ideoloji dayaqları sarsılanda tərkibindəki ölkələrə, xüsusilə Azərbaycana qarşı ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddiaları, ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi Bakı milli hissləri alovlandırdı. Xalq müstəqilliyə qovuşmaq üçün tarixi şəraitin artıq yetişdiyini gördü və milli istiqlal hərəkatına başladı. Milyonlarla insan Azadlıq meydanına toplaşdı və milli düşüncələrinə hakim kəsilən müstəqil dövlət yaratmaq arzusunu reallaşdırmaq üçün mübarizəyə qalxdı. Həmin dövrdə Azərbaycan rəhbərliyində olan siyasi qüvvələr isə xalqın yox, imperiyanın maraqlarına xidmət edir, mövcud vəziyyəti qiymətləndirə bilmirdilər. Ölkədə bir-birini əvəzləyən savadsız hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Belə bir ağır məqamda Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. Bakıda törədilən 20 Yanvar hadisələrindən sonra Vətənə qayıdan xalqın böyük oğlu Naxçıvanda siyasi fəaliyyətə başlayaraq ölkəmizin müstəqilliyinin qorunması uğrunda tarixi addımlara imza atdı. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirilən ilk sessiyasında Naxçıvanın adından “Sovet” və “Sosialist” sözləri çıxarılması, üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım oldu.  Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə uzanan tarixi yolun əsası qoyuldu. Beləliklə, səriştəsiz “rəhbərlər” tərəfindən başlanmış vətəndaş müharibəsinə son qoyuldu, ölkədə fəaliyyətdə olan qanunsuz silahlı birləşmələr ləğv edildi, bu gün əsas ideoloji dayağımız olan azərbaycançılıq ideologiyası üzərində möhkəm bir dövlətin qurulması prosesi başlandı. Ölkənin yeni konstitusiyası qəbul edildi, Azərbaycan beynəlxalq təcriddən azad oldu, zorla cəlb edildiyimiz hərbi münaqişə haqqında həqiqətlər dünya birliyinə çatdırıldı. Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən isə xalqın böyük etimadı ilə Heydər Əliyev siyasəti yeni bir mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Və bu illər müasir tariximizin möhtəşəm 21 ili kimi, misilsiz inkişaf illəri kimi yazılmaqdadır. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün sürətlə inkişaf edərək bölgənin lideri, söz sahibi, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətdir. Artıq Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş tarixi torpaqlarımızda qürurla dalğalanır. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olan Milli Dirçəliş Gününün əhəmiyyətindən danışaraq bildirib ki, ölkəmiz ilk vaxtlarda bir çox çətinliklərlə üzləşdi, daxildə hakimiyyət uğrunda mübarizələr, Ermənistanın Azərbaycan ərazilərində separatçılıq və işğalçılıq siyasəti, iqtidarın imperiya tərəfdarları ilə dilbirliyi xalqın haqlı narazılığına səbəb oldu. Lakin Ümummilli Lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli siyasi azadlıq hərəkatında yeni siyasi mərhələnin başlanğıcı qoyuldu. İqtidar qüvvələri Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətsə də Ulu Öndər xalq nümayəndələri ilə görüşlər keçirir, xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı. O, müdrik və uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini düzgün istiqmətləndiridi. Qanunvericilik təşəbbüsü qaydasında tarixi qərarlar qəbul edirdi. Heydər Əliyev müstəqilliyimizi istəməyən əks qüvvələrə açıq etirazını bildirərək onların riyakar siyasətini ifşa edirdi. Belə bir mürəkkəb şəraitdə məhz Ulu Öndərin əzmi sayəsində Azərbaycanın müstəqilliyini dünya dövlətləri tanıdı, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara üzv seçildi, bu təşkilatların qəbul və təsdiq etdiyi konvensiyalara, paktlara qoşuldu. Ölkədəki mövcud siyasi böhran aradan qalxdı, dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü, iqtisadi islahatlar keçirildi, hərbi quruculuq məsələlərinə xüsusi diqqət çəkildi. Xalq öz rəhbərinin ətrafında sıx birləşdi. Məhz dahi şəxsiyyətin xilaskarlıq missiyası sayəsində bu gün Azərbaycan dinc inkişaf yolunda əzəmətli addımlarla daha böyük uğurlara doğru addımlamaqdadır.


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O, qeyd edib ki, milli dirçəlişlə başlanan müstəqillik yolunda Heydər Əliyevin fəaliyyəti danılmazdır. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi, zəngin və milli maraqlara xidmət edən siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın ən aparıcı dövlətləri sırasındadır. Xalqımız bu siyasətə olan inam və etimadı ilə dahi şəxsiyyətin siyasi varisi cənab İlham Əliyevi yüksək səs çoxluğu ilə Prezident seçərək müstəqilliyimizin yeni inkişaf mərhələsinin təməlini qoymuş oldu. Məhz Ulu Öndərin ideoloji kursunun uğurlu davamının nəticəsidir ki, bu gün Azərbaycan ulu öndərimizin arzuladığı kimi dünyaya günəş kimi doğur. Dövlətimiz yüksək peşəkarlıq, müdrik və uzaqgörən siyasətlə idarə olunur, mütəmadi islahatlar keçirilir, regional və irimiqyaslı layihələr həyata keçirilir, görülən bütün bu işlərin fonunda isə dövlət başçısı İlham Əliyev dünyada tanınmış dövlət xadimi, müasir siyasətçi kimi həm ölkədə, həm beynəlxalq aləmdə effektif dövlət siyasəti aparan lider rəhbər modelini yaradıb.


BDU Qazax filialının İctimai fənlər kafedrasında tarix müəllimi, Əməkdar müəllim İndira Vəliyeva bildirib ki, zaman göstərir ki, azadlıq və istiqlalı dadan xalqın müstəqillik arzusu heç vaxt sönmür. Əgər həmin xalqın layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa istənilən çətinlikləri dəf edəcək. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin sayəsində tapmışdır. Milli ideya xalqın şüurunun dərinliklərindən qaynaqlanır, konkret tarixi şəraitdə reallaşır. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını təşkil edən müstəqillik, öz tarixinə, soy-kökünə, milli adət-ənənələrinə bağlılıq ölkəmizin milli maraqlarına xidmət edərək müstəqilliyimizin rəhni oldu, milli ideyaya çevrildi, milli şüurun oyanmasına səbəb oldu. Ölkəmiz inamla qəddini düzəltdi, Azərbaycanın üzləşdiyi müasir problrmlər tədricən aradan qalxdı, müasir inkişaf üçün möhkəm təməl qoyuldu. Ölkədə siyasi sistem və sosial münasibətlər humanistləşdi. Heydər Əliiyev və xalq həmrəyliyi onu bir daha sübut etdi ki, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür.   


Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyevaya çıxış edərək bildirib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün ölkəmiz həm siyasi, həm iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan gələcəyə inamla baxır, cənab İlham Əliyev ölkəmizi inamla yeni uğurlara aparır. Artıq reallığa çevrilən bir həqiqət var - müasir dünyada xarici ölkələr Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir. Cənubi Qafqazın lider dövlətidir, beynəlxalq layihələrin təşəbbüskarıdır. Bütün bu nailiyyətlərin zirvəsi  isə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm qələbəyə nail olması dayanır. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, Azərbaycan doğru yoldadır və sürətli inkişaf dövrü yaşayır. Ərazi bütövlüyümüz tanınır və dəstəklənir. Dünya birliyi bizi dəstəkləyir. Azərbaycan çox önəmli bir ölkədir və çox etibarlı tərəfdaşdır.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova çıxış edərək bildirib ki, müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev dörd il əvvəl Dirçəliş Günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq mümkünsüz olanı mümkün etdi. Ən böyük milli məsələmiz olan suverenliyimizi bərpa etdi, uzun illər ərzində düşmən işğalında olan tarixi ərazilərimizi erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi və xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün öz dahi oğlunun siyasi məktəbinin yetirməsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevin ətrafında birləşən və dəmir yumruğa çevrilən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya sübut etdi ki, istiqlalın ləzzətini dadan xalqımızın iradəsini və əzmini heç bir qüvvə sındıra bilməz, bu birliyin və həmrəyliyin bəxş etdiyi zəfərlər isə hələ qarşıdadır.


Geri qayıt