Əsas Səhifə > Mədəniyyət > Qazaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Misilsiz qələbə - dövlətimizin diplomatiyasının uğuru” başlıqlı tədbir keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Misilsiz qələbə - dövlətimizin diplomatiyasının uğuru” başlıqlı tədbir keçirilib


5-11-2024, 21:19


Noyabrın 4-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Misilsiz qələbə - dövlətimizin diplomatiyasının uğuru” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin sinif müəllimi Aynur Mahmudova, şagirdlər və Mərkəzin əməkdaşları iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş etdirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Azərbaycanın düşmən üzərində şanlı tarixi qələbəsi haqqında geniş məlumat verib. Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən haqq savaşında zəfər çalan Azərbaycan Ordusu təkcə ölkəmizdə deyil, bütün regionda yeni bir reallıq yaratdı, xalq birlik, həmrəylik nümayiş etdirərək tarixi ərazilərimizi düşməndən azad etdi, dövlət sərhədlərimizi bərpa etdi. Azad edilmiş tarixi torpaqlarımız artıq Böyük Qayıdışın təntənəsini yaşayır. Qalib Azərbaycanın qalib liderinin azad edilmiş ərazilərimizə hər səfəri zəfərimizin möhtəşəmliyini bir daha sübut edir. Cənab Ali Baş Komandanın tarixi torpaqlarımıza hər səfərində müqəddəs üçrəngli bayrağımız mavi səmalarda ucaldılır, daha əzəmətli, daha qürurlu dalğalanır. Qarabağın tacı olan Şuşada, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə yeni infrastruktur obyektlərin əsası qoyulur, şərəf, şöhrət simvolu olan Zəfər yolu hər birimizi 30 ilin niskilinə qovuşdurur, Azərbaycanın gələcəyinə əminliklə addımlamalı olduğumuz işıqlı bir istiqamət verir. 

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin sinif müəllimi Aynur Mahmudova çıxış edərək bildirib ki, artıq ölkədə yeni əsrin yeni lideri İlham Əliyevin rəhbərliyi ilə daha güclü müasir silah-sursatla təmin edilmiş nizami ordu mövcuddur. 2020-ci il 27 sentyabr tarixində Azərbaycan xalqının səbr kasasına son qoymuş hərbi təxribat zamanı Ermənistan Silahlı qüvvələri təkcə cəbhəboyu Azərbaycan Silahlı qüvvələrinin mövqelərini deyil, həm də dinc yaşayış məntəqələrini – Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə, Gəncə, Cəbrayıl, Goranboy, Naftalan rayonlarını artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu və cənab Ali Baş Komandan dərhal bütün cəbhəboyu əks-hücüma keçmək əmri verdi. Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindən baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad edərək 30 illik niskilə son qoydu. Azərbaycanın Mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra noyabırın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Milli həmrəyliyimizin təcəssümü olan bu tarixi qələbə aparılan uğurlu siyasətin bəhrəsi olan güclü Azərbaycan Ordusunun suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm, iradə və bir yumruq kimi birlik, həmrəylik nümayiş etdirməsinin nəticəsidir.

Şagirdlərin möhtəşəm qələbəmizə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər söyləməsi, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirmələri ilə tədbir sona çatıb. 

Sonda Qazax Rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirən Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov uşaqlarla görüşüb, onların şeirlərini dinləyib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.


Geri qayıt