Əsas Səhifə > Mədəniyyət > Xalqımızın zirvələrə ucalan səsi
Xalqımızın zirvələrə ucalan səsi16-02-2024, 18:55 |
7 fevral 2024-cü ildə ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçirilmiş, yüksək seçici fəallığı ilə keçirilən seçkidə Əliyev İlham Heydər oğlu 4 milyon 567 min 458 səs (92,12 faiz) çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi olmuş və Prezident İlham Əliyev geniş nitq ilə çıxış etmiş, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içmişdir. Prezident bildirdi ki, “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi və söyləi ki, “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Ölkə başçısının çıxışı zamanı özünün də səsləndirdiyi kimi, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq. Dövlət başçısının söylədiyi kimi, İkinci Qarabağ müharibəsi olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Əfsuslar olsun ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Ermənistan ordusunun 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər. Biz isə haqlı olaraq tələb edirdik ki, bütün şərtlər və öhdəliklər icra edilməlidir. Ermənistan özü bu öhdəliklərin altında imza atmışdır. Onların arasında, ilk növbədə, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı öhdəlikləri dururdu və üç il ərzində bu öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmamışdır. Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Prezidentin də dediyi kimi, antiterror əməliyyatı qaçılmaz idi. Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Ölkə başçısı qeyd etdi ki, bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır. Müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə mümkün deyil. Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki, edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir. Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Önəmli amil- seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Birlik, həmrəylik və şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir. Bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bütün sosial infrastruktur inşa edilir. Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir. Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək. Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Son 1-2 il ərzində böyük inkişaf mövcuddur. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq. Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Ölkə başçısı bildirdi ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Bərpaolunan enerji layihələri xarici investorlar tərəfindən icra edilir və ediləcək. Biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Azərbaycan artıq səkkiz ölkəyə təbii qaz ixrac edir. Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Biz etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir. Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Düşmən qüvvələrin informasiya təxribatlarına gəlincə vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyatdır, sadalanan bu yataqlar onu əyani şəkildə göstərir. Nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik. Həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir. Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır. Biz heç kimdən heç nə xahiş etmirik. Çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. İkitərəfli əməkdaşlıq formatı. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik. Ölkə başçısının söylədiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki, qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu heç kimə sirr deyil. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. İslam Əməkdaşlıq Təşkilatı həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır. Qoşulmama Hərəkatına gəlincə baxmayaraq ki, biz sədrliyi artıq təhvil vermişik, biz üçlükdə təmsil olunuruq. Qoşulmama Hərəkatı bizim sədrliyimiz dönəmində yeni müstəviyə qədəm qoyub, əlbəttə, imkan verə bilmərik ki, müəyyən dərəcədə tənəzzülə uğrasın. Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Qazax Rayon Heydər Əliyev Mərkəzi Geri qayıt |